Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1900/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşdan (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 65 yaşdan (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Quba rayonu, Qarxun kəndində anadan olmuşdur. 01 iyul 1976-cı ildən Şaumyan adına sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 07 noyabr 1977-ci ildən 01 dekabr 1979-cu ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən əmək fəaliyyətini davam etdirmişdir. 1980-ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olaraq 1983-cü ildə həmin məktəbin “radiotexnik” ixtisası üzrə tam kursunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif idarələrdə əmək fəaliyyətini davam etdirmişdir. İşlədiyi iş yerləri və müddətlər adına tərtib edilmiş əmək kitabçasında qeyd edilmişdir. 27 dekabr 2005-ci ilə qədər müxtəlif işlərdə işləməklə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələb olunan sənədlərini də toplayaraq cavabdeh təşkilata müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilən 03 iyun 2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, guya onun hərbi xidmətdə olduğu və əyani təhsil aldığı illər də daxil edilməklə sosial sığorta stajı 24 il 1 ay 9 gün təşkil edir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş xx.xx.2000-ci il tarixindən 27 dekabr 2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericilikdə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxılacaqdır. Qeyd edilənlərə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh təşkilat iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu və əmək kitabçasında qeyd edilən dövrləri düzgün hesablasaydı, 25 ildən də artıq əmək stajının olduğu təsdiq olunardı. Sadəcə cavabdeh təşkilatın guya mübahisə olduğu adı ilə nəzərə almadığı müddətlərin cəmi 5 ildən artıqdır. Onun həqiqətən də xx.xx.2000-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək Quba rayonu, Hacıhüseynli bələdiyyəsinin ərazisində yerləşən 2 nömrəli artezian quyusunda nəzarətçi kimi əmək fəaliyyəti ilə məşğul olmağı adına tərtib edilmiş əmək kitabçası ilə yanaşı Quba rayonu, Hacıhüseynli bələdiyyəsinin arayışı ilə də təsdiq olunur. Həmin sənədlərin mötəbərliyini sübut edir. Əlavə hansı sənədlərin təqdim edilməli olması və ya da nəyə görə təqdim etdiyi sənədlər əsasında həmin dövrün sosial sığorta stajı kimi hesablanmaması ona aydın deyil, bununla bağlı cavabdeh qurum öz imtina məktubunda da hər hansı məlumat vermir və mötəbərlik prinsipinin tələblərini pozur. İddiaçı əmək fəaliyyəti məşğul olmağını təsdiq edən sənədlərin hər birini cavabdeh quruma təqdim etmişdir. Göründüyü kimi cavabdeh təşkilatın iddiaçının işlədiyi illəri sığorta stajı kimi nəzərə almaması və yaşa görə pensiya hüququnu pozması qanunsuzdur. Belə ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 ildən artıq stajı vardır, lakin cavabdeh təşkilat yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 15 may 2024-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir, iddiaçının təqdim etdiyi hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, təhsil haqqında diplomun surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı dövr, əmək kitabçasının və arxiv arayışlarının surətlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən 01,06.1987-ci il tarixədək, xx.xx.1987-ci il taridən xx.xx.1992 ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilməklə cəmi sosial sığorta stajı 24 il 1 ay 9 gün təşkil edir. xx.xx.2024-cü il tarixli arxiv arayışında 1996-1998-ci illər üzrə əmək haqları barədə məlumatlar qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Vətəndaş tərəfindən əlavə sənəd təqdim edildikdə sosial sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun olduğu halda İddiaçı təqdim etdiyi xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba rayonu 2№ "Artezan su quyusu” sovxozunda olan əmək fəaliyyəti dövrü müvafiq qaydada araşdırıldıqdan sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: X5 X3 Cəmiyyətinin 19 fevral 2024-cü il tarixli, 003 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən o, xx.xx.1992-ci il tarixindən xx.xx.1994cü il tarixinə kimi Xaçmaz EŞİ-nin Quba şəbəkə rayonunda elektrik montyoru vəzifəsində işləmişdir. Qeyd: 2009-cu ilə qədər olan əmrlər və digər sənədlər “Xaçmaz REŞ'’ MMC-nin arxivində mövcud olmadığından, vətəndaş İddiaçı 1992-1994-cü illərə dair əmək haqqı barəsində arayış təqdim etmək mümkün olmamışdır. Aztelekom MMC-nin Şimal-Şərq regional filialının Quba şöbəsinin xx.xx.2024-cü il tarixli, 18/14 saylı arayışında qeyd edilmişdir ki, vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən o, xx.xx.1994-cü il tarixdən (Əmr № 93) xx.xx.1994-cü il tarixə kimi Əmr № 140) X6 Yelenovka rabitə sahəsi üzrə ATS-də elektrik montyoru vəzifəsində işləmişdir. Hacıhüseynli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən Quba rayonun Hacıhüseynli bələdiyyəsini ərazisində yerləşən 2 N-li artezan su quyusuna o, xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixədək nəzarəçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası X7 filialının 09 fevral 2024-cü il tarixli, 3-48-AA-6F/2-127- H-33/2024 saylı məktubu ilə İddiaçı aid işə girmə və işdən çıxma əmrlərindən çıxarışlar və əmək haqqından ibarət arxiv arayışları, diplomun, əmək kitabçasının, hərbi biletinin surətləri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası X7 filialının 13 sentyabr 2024-cü il tarixli, 3-48-AA-6F/2- 2xx-xx/2024 saylı arxiv arayışında qeyd edilmişdir ki, Quba rayon Hacıhüseynli bələdiyyəsinin heç bir il üçün əmr kitabları və əmək haqqı cədvəlləri X7 filialına təhvil verilməmişdir. Quba rayonu Hacıhüseynli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 08 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən hal-hazırki dövrə kimi Hacıhüseynli 2 №li subartezan quyusunun nəzarətçisidir. Azərbaycan Respublikası X7 filialının 03 dekabr 2024-cü il tarixli, 3-48-DA-6F/2- 3xx-xx/2024 saylı arxiv arayışında qeyd edilmişdir ki, Quba rayonu Şərq meyvəçilik sovxozunun 1996-1998-ci illərə aid əmrlər kitabları və əmək haqqı cədvəllərində İddiaçı işləməsi haqqında heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclası zamanı X7 filialı tərəfindən təqdim edilmiş Quba rayonu Şərq meyvəçilik sovxozunun 1996-1998-ci illərə aid 4 saxlama vahidindən ibarət əmr kitabları və 1995-1998-ci illərə aid əmək haqqı üzrə şəxsi hesablardan ibarət 1 saxlama vahidinə baxış keçirilmişdir. Azərbaycan Respublikası X7 filialının 05 may 2025-ci il tarixli 3-48-DA-6F/2-H-4xxxx/2025 saylı arxiv arayışında qeyd edilmişdir ki, Quba rayonu Şərq sovxozunun icarədarlarına əmək haqqı verilməsinə dair hesablaşma cədvəlləri, əmək haqqını əvəz edən natura üzrə ödənişin edilməsinə dair sənədlər X7 fililalına təhvil verilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı 15 may 2024-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir, iddiaçının təqdim etdiyi hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, təhsil haqqında diplomun surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı dövr, əmək kitabçasının və arxiv arayışlarının surətlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən 01,06.1987-ci il tarixədək, xx.xx.1987-ci il taridən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilməklə cəmi sosial sığorta stajı 24 il 1 ay 9 gün təşkil edir. xx.xx.2024-cü il tarixli arxiv arayışında 1996-1998-ci illər üzrə əmək haqları barədə məlumatlar qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Vətəndaş tərəfindən əlavə sənəd təqdim edildikdə sosial sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun olduğu halda İddiaçı təqdim etdiyi xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba rayonu 2№ "Artezan su quyusu” sovxozunda olan əmək fəaliyyəti dövrü müvafiq qaydada araşdırıldıqdan sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin əsasını xx.xx.2024-cü il tarixli arxiv arayışında 1996-1998-ci illər üzrə əmək haqları barədə məlumatların qeyd edilməməsi təşkil edir. İddiaçının hazırda mübahisələndirilən iş stajı (1996-1998-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçı izahatında 1996-1998-ci illər üzrə əmək haqlarının natura ilə ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası X7 filialının 05 may 2025-ci il tarixli 3-48-DA-6F/2-H- 4xx-xx/2025 saylı arxiv arayışında isə qeyd edilmişdir ki, Quba rayonu Şərq sovxozunun icarədarlarına əmək haqqı verilməsinə dair hesablaşma cədvəlləri, əmək haqqını əvəz edən natura üzrə ödənişin edilməsinə dair sənədlər X7 fililalına təhvil verilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının 1996-1998-ci illərdə işləməməsini təsdiq edən mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, Quba rayonu Şərq meyvəçilik sovxozunun 1996-1998-ci illərə aid əmrlər kitabları və əmək haqqı cədvəllərində İddiaçı işləməsi haqqında heç bir məlumatın aşkar edilməmiş olması hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Bundan əlavə cavabdeh qeyd edir ki, İddiaçı təqdim etdiyi xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba rayonu 2№ "Artezan su quyusu” sovxozunda olan əmək fəaliyyəti dövrü müvafiq qaydada araşdırıldıqdan sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Məhkəməyə təqdim edilmiş Quba rayonu Hacıhüseynli bələdiyyəsinin xx.xx.2024cü il tarixli 08 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən hal-hazırki dövrə kimi Hacıhüseynli 2 №li subartezan quyusunun nəzarətçisidir. Göründüyü kimi mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə iddiaçının 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşdan (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1900/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1900/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver