Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1901/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2021-ci ildən İ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1981-ci ildə anadan olmuşdur. Vayonkamat tərəfindən əqli geriliklə hərbi qulluqdan azad olunmuşdur. xx.xx.2007-ci ildə “sol ağ ciyərinin yuxarı payının oraqlı vərəmin bərkimə bazası, xronik obstriktib bronxit tənəffüs çatışmazlığı ilə ona 2-ci dərəcə əlillik təyin edilmişdir. 2008-ci ildən 2016-cı ilə kimi 6-cı dəfə ruhi xəstəlikdən əlillik təyin olunmuşdur. Orta dərəcəli əqli gerilik psixotopa bənzər sindrom diaqnozu ilə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Tibbi Sosial Ekspertiza komissiyasında ayırd olundu ki, bir insan canında orta axır puhu da orta ağır olarsa, hər iki sahədə əmək qabliyyətindən məhrum olur, belə xəstələrə ikili qayğı və maddi yardım olmalıdır. Ömürlük tibbin insafı tələb edilir. Onlara ruhi sahəyə dair əlavə sənədlər vermişdir:vərəm və asma barəsində. Onlar asmanı qeydiyyata salmayıb, yalnız vərəmi göstərərək 2016-cı ildən 5 il xx.xx.2021-ci ilə kimi ikinci qrup, orta dərəcəli əqli gerilik Psixopata bənzər sindrom diaqnozu ilə əlillik təyin etdilər, bu kimi diaqnozlar ömürlük verilir, ömürlük də vermədilər. xx.xx.2021-ci ildə yenidən təkrar komissiya təyin olundu. Qanundan kənar Xırdalan poliklinikasının verdiyi sorğu ilə Sumqayıt şəhərinin psixiatriya xəstəxanasının apardığı komissiyasından sonra xx.xx.2021-ci il tarixli rəy verildi, orta dərəcəli əqli gerilik davranış pozğunluqları ilə Xırdalan poliklinikasında komissiyadan keçdikdən sonra forma-88 doldurulub, Tibbi Sosial Ekspert komissiyasına göndərildi. Lakin, xx.xx.2021-ci ildə TSEK-dən imtina gəldi.Səbəb qanundan kənar əlavə yoxlama 1 saylı psixatriya xəstəxanasından müayinədən keçməlidir göstərilir ki, ölkənin müxtəlif bölgələrində yaşayan psixi pozuntusu olan şəxslərin diaqnozlarının təsdiqi və ya təqzibi ilə əlaqədar bölgələrdə fəaliyyət göstərən həkim psixiatr komissiyalarına NRK-na tapşırılmışdır (sənət 3) göstərir ki, 22.1 bəndində göstərir ki, psikatriya dispanser müşahidəsində olan əlillərin əlillik dərəcəsi, təkrar təsdiqi üçün psixatriyaya stasionarına yerləşdirilməsi tələb edilməlidir. Atası sosial təminat nazirliyinə şikayət etmişdir. Nazirlikdə 1 saylı psixatriya xəstəxanasına müayinə olunmağını məsləhət gördülər. Şifahi dedilər ki, əlavə yoxlanmaları Səhiyyə naziri aparır. Onlar əlavə yoxlamalara qadağa qoysalar TSEK əlavə yoxlamal göndərməzlər. Bu qanundan kənar saxta yoxlamalardır. Onda Respublika İ Prokurorluğuna şikayət etmişdir. Onlar sənədləri səhiyyə nazirliyinə göndərdi. Səhiyyə Nazirliyi şikayəti adiyyəti olmayan, icbari tibbi sığortaya göndərdilər. Tibbi sığorta isə şikayətin aidiyyəti onlara aid olmadığına görə şikayəti geriyə Səhiyyə nazirliyinə göndərdilər, (sən 7). Beləliklə şikayət cavabsız qaldı. Axırıncı ümidi məhkəmə oldu. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclasına gəlmiş Ziyarəddin Osmanov iddiaçının təmsil etmək üçün etibarnamə təqdim etmədiyinə görə onun məhkəmədə iddiaçının nümayəndəsi qismində izahatı dinlənilmədi. Ziyarəddin Osmanovun iddiaçının psixiki qüsurlu olması səbəbindən oğlunun qanuni nümayəndəsi olaraq təmsilçilik hüququnun olması ilə bağlı gətirilən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı fəaliyyət qabiliyyətli olmaması ilə bağlı məhkəmə qətnaməsinin mövcud olmaması səbəbindən atası yetkinlik yaşına çatmış şəxsin qanuni nümayəndəsi ola bilməz. Ona görə də məhkəmə iddiaçının iştirakı olmadan iddia tələbinə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F80-F89 -Psixoloji inkişaf pozğunluqları => F84 - Psixoloji inkişafın ümumi pozğunluğu -> F84.9 -İnkişafın dəqiqləşdirilməmiş ümumi pozğun...; Diaqnozun mətni: Oliqofreniya orta debillik dərəcəsndə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.15.Emosional-iradi pozğunluqlar və psixopatabənzər davranışla keçən imbesillik və ya debillik” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71- Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik.Psixopata bənzər sindrom.Ağ ciyər vərəmi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Psixi xəstəlik” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik, psixopatabənzər sindrom; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Pulsuz dərman alan ruhi əsəb xəstələri reyestrində yoxdur.Dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 1 Saylı Respublika Psixiatriya Xəstəxanasinda ixtisaslaşmiş müayinə olunması məsləhət olunur” səbəbi ilə imtina verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin imtina qərarı, etiraz ərizəsi, müayinə aktının surəti, arayışlar, TSEK-in xx.xx.2021-ci il tarixli göndərişin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ əlilliyinin dayandırıldığı vaxtından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqan imtina məktubu ilə onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmənin sonuncu iclasında vəsatətlə müraciət edən cavabdehin nümayəndəsi X5 bildirmişdir ki, iddiaçıya əlillik təyinatı aparılmış və ona tənəffüs sistemi orqanlarının xəstəliyi (astma) səbəbilə OFP faiz dərəcəsi ilə 35% 1 il müddətinə əlillik təyinatı aparıldığından, iddiaçı ilə cavabdeh arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Bu səbəbdən də inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkhəmə cavabdehin nümayəndəsinin vəsatətini əsaslı hesab etmir. Belə ki, hazırkı iddia tələbinin predmeti iddiaçıya xx.xx.2021-ci ildən İ qrup əlilliyin (yeni qaydalarla OFP 80% çox itirən şəxs kimi), ruhi, psixi xəstəlik səbəbindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir. Bu səbəbdən də iddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və işin faktiki hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçıya qoyulmuş diaqnozun əlilliyə əsas verib-vermədiyini və cavabdehin imtinasının qanuni olub-olmamasının yoxlanılması ilə əlaqədar. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla iddiaçının yenidən müayinə edilib yekun qərar qəbul edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə həvalə edilmişdir. İddia ərizəsində qeyd edilən ünvana və istifadədə olan ***-***-**-** əlaqəli mobil nömrəyə dəfələrlə xəbərdarlıq edilərək, əyani müayinə olunması üçün agentliyə dəvət edilmiş iddiaçı bütün xəbərdarlıqlara məhəl qoymayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə getməmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə dəvət olunaraq, yenidən qərardad qəbul edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsə gedib əyani müayinə olunması təklif olunsa da nümayəndə məhkəmənin təklifini qəbul etməmişdir. Əsas kimi də onun qeyd etmişdir ki, təqdim edilən tibbi sənədlər əsasında iddia tələbinə baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir.Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X6 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibbi müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. Hazırkı iddia tələbi üzrə iddiaçının qeyd olunan çatışmamazlığın aradan qaldırılması məqsədi ilə X3 Müəssisəsindən müayinə keçməkdən boyu qaçırması Agentlik tərəfindən bu halın aradan qaldırılmasını mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın imtinası əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2021-ci ildən İ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2021-ci ildən İ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1901/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1901/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver