Məhkəmə qərarları › İş №2-1(118)-1902/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1902/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1902/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndində yerləşən 855,6 kv.m olan qeyri-yaşayış binasına əlavə inşa edilmiş 4290,5 kv.m qeyri-yaşayış sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması, qeyri-yaşayış binasına vahid texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndində yerləşən 855,6 kv.m olan qeyri-yaşayış binasına əlavə inşa edilmiş 3580,9 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, qeyri-yaşayış binasına vahid texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi həmçinin vəkili iddia tələbini dəqiqləşdirərək “Abşeron rayonu, Məmmədli kəndində yerləşən 855,6 kv.m olan qeyri-yaşayış binasına əlavə inşa edilmiş 4290,5 kv.m qeyri-yaşayış sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması, qeyri-yaşayış binasına vahid texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 855,6 kv.m olan qeyri-yaşayış binası Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 4 sayı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Tərəflərindən inşa edilmiş yeni tikililərin həcmi 3508,9 kv.m artrılmış və bu yeni tikililərin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün 28.07.2021-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Əraz İdarəsi 13.08.2021-c il tarixli **********79 nömrəli məktubu ilə qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərin əlavə edilmədiyini və istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə tərtib edilmədiyini əsas gətirərək ərizənin icrasından imtina etmişdir. İddiaçının nümayəndəsi həmçinin vəkili Vəkil şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 4 saylı Abşeron Ərazi idarəsinə 28 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 10-cu bəndinə əsasən dövlət reyestrinin bölmələri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestr nömrələri (bundan sonra - reyestr nömrələri) ilə nömrələnir. Dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün (torpaq sahələri, torpaqla möhkəm bağlı olan bütün obyektlər, o cümlədən su obyektləri (sututarlar), meşələr, çoxillik əkmələr, binalar, qurğular, qeyri-yaşayış sahələri, mənzillər, fərdi yaşayış və bağ evləri, əmlak kompleksi kimi müəssisələr, kommunikasiyalar və yer təki sahələri) adı verilir. Təyinatın konkretliliyi baxımından - təyinat çoxməqsədli olduğu halda funksiyalarının cəmi bütöv bir vahid kimi qəbul edilir. Obyektin öz aralarında birbaşa əlaqəsi olmayan ayrıca baxılan funksional hissələri inventar obyekti deyildir. Bina və qurğuların təyinatından kənar, bu və ya digər məqsədlər üzrə istifadəsi texniki inventarlaşdırılma sənədlərində əks etdirilmir. Qeyd olunan binanın qeyri-yaşayış binası kimi qeydiyyatının aparılması üçün tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən tikintiyə icazə — memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi., 4-cü maddəsinə əsasən memarlıq obyektinin yaradılması üçün sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsinə və obyektin tikintisinə dair icazə almalıdır. Obyektin müvafiq icra hakimiyyəti orqanının tərəfindən təsdiqlənmiş layihəsi təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcəllənin 47.4.2-ci maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir, 48.3.3-cü maddəsinə əsasən sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır və s. Habelə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydalan"nın tələblərinə cavab verən tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Akt təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinə uyğun olaraq, İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** nömrəli, 24.06.2021-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 855,6 kv.m sahəsi olan qeyri-yaşayış binası və 0,0542 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşımaz əmakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 1454 inventar nömrəli, **********19-06301 reyestr nömrəli texniki pasportdan görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 855,6 kv.m olan qeyriyaşayış binasına dair İddiaçı adına texniki pasport tərtib edilmişdir. - İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 13.08.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Abşeron rayon İcra Hakimiyyətinin 159/1 saylı, 27 sentyabr 2019-cu il tarixli Tikinti obyektinin istismarına icazədən görünür ki, 27 sentyabr 2019-cu ildən Abşeron rayonu, Məmmədli kəndində yerləşən tikilinin istismarına icazə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 855,6 kv.m sahəsi olan qeyri-yaşayış binası və 0,0542 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı tərəfindən həmin torpaq sahəsində sahəsi 3508,9 kv.m olan yeni tikililər inşa edilmişdir. İddiaçı həmin tikililər üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi göstərilmişdir ki, qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədləri ərizəyə əlavə edilməmiş, həmçinin istismara icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, istismara hazırlıq aktının verilmə tarixinin və qeydiyyat nömrəsinin, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod qeyd edilməmiş, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə tərəflərindən şərait yaradılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqnda Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə həmin Qanunun 8.0, 8.0.10, 8.0.10.1 və 8.0.10.2.-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan hüquq normasının mənasından göründüyü kimi 2013-cü ilin yanvarın 1-dən sonra, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra tikilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərin dairəsi qanunvericilikdə imperativ olaraq müəyyən edilmişdir. Hazırki işdə mübahisə predmeti olan tikili qeyri-yaşayış binası olduğundan həmin tikili üzərində hüquqların qeydiyyata alınması üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi tələb olunur. Hazırki işdə isə iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair yuxarıda qeyd olunan nomra ilə tələb olunan sənədlər, yəni tikili üzərində hüquqların qeydiyyata alınması üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi təqdim edilməmişdir. Beləliklə iddiaçı tərəfindən onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə tələb olunan sənədlər təqdim edilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina olunması qanuni olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndində yerləşən 855,6 kv.m olan qeyri-yaşayış binasına əlavə inşa edilmiş 4290,5 kv.m qeyriyaşayış sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması, qeyri-yaşayış binasına vahid texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndində yerləşən 855,6 kv.m olan qeyri-yaşayış binasına əlavə inşa edilmiş 4290,5 kv.m qeyri-yaşayış sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması, qeyri-yaşayış binasına vahid texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar