Məhkəmə qərarları › İş №2-1(118)-1902/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1902/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1902/2022 19.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Üçüncü şəxslər – xx.xx.1990-cı il təvəllüdlü X3, xx.xx.1996-cı il təvəllüdlü X4, xx.xx.1994-cü il təvəllüdlü X1, xx.xx.1969-cu il təvəllüdlü Muradova Sevda Əhməd qızının iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri X8 qəsəbəsi, Xətai küçəsi, 45 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Üçüncü şəxslər – xx.xx.1990-cı il təvəllüdlü X3, xx.xx.1996-cı il təvəllüdlü X4, xx.xx.1994-cü il təvəllüdlü X1, xx.xx.1969-cu il təvəllüdlü Muradova Sevda Əhməd qızının iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri X8 qəsəbəsi, Xətai küçəsi, 45 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri X8 qəsəbəsi, Xətai küçəsi, 45 saylı evin, 54 saylı mənzilini xx.xx.2022-ci il tarixli, AN-l № ******* alqısatqı müqaviləsinə əsasən almışdır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər - xx.xx.1990-cı il təvəllüdlü X6, xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X5 xx.xx.1969-cu il təvəllüdlü Muradova Sevda Əhməd qızı həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin mənzilin alqı-satqı müqaviləsindən sonra həmin mənzildə yaşamırlar. Üçüncü şəxslərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, üçüncü şəxslər alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasalar da formal olaraq orada qeydiyyatda qalmışdırlar. Üçüncü şəxslər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmiş və formal olaraq həmin mənzildə qeydiyyatda qalmışdırlar. Bununla əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli 123-15732Ə- 3222 saylı imtina məktubu ilə xahişini təmin etməmiş, inzibati məhkəmə icraatı qaydasında müraciət etməsini tövsiyə etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının iddiasına dair etirazının olmadığını və qərar qəbul olunacağı təqdirdə icra olunacağını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6, X7, X5, Muradova Sevda Əhməd qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin olunacağını bildirməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Üçüncü şəxslərə məhkəmə iclası barədə göndərilmiş bildiriş rabitə orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X6, xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X5, xx.xx.1969-cu il təvəllüdlü Muradova Sevda Əhməd qızı Sumqayıt şəhəri X8 qəsəbəsi, Xətai küçəsi, 45 saylı evin, 54 saylı mənzilində (bundan sonra - mübahisəli mənzil) qeydiyyatdadırlar. • İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili X2 almışdır. • ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. • Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin alqı-satqı müqaviləsi üzrə notariat işindən görünür ki, iddiaçı mübahisəli mənzili X2 almışdır. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşə əlavə edilən poçt qəbzindən və ərizədən də görünüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri X8 qəsəbəsi, Xətai küçəsi, 45 saylı evin, 54 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər xx.xx.1990-cı il təvəllüdlü X6, xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X5, xx.xx.1969-cu il təvəllüdlü Muradova Sevda Əhməd qızı qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır (49). İş materiallarından göründüyü kimi üçüncü şəxslərin iddiaçı ilə hər hansı bir qohumluq münasibətləri olmadığından onların notarial qaydada razılıqlarının alınmasına zərurət yaranmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər xx.xx.1990-cı il təvəllüdlü X6, xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X5, xx.xx.1969-cu il təvəllüdlü Muradova Sevda Əhməd qızının iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri X8 qəsəbəsi, Xətai küçəsi, 45 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər xx.xx.1990-cı il təvəllüdlü X6, xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X5, xx.xx.1969-cu il təvəllüdlü Muradova Sevda Əhməd qızının iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri X8 qəsəbəsi, Xətai küçəsi, 45 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar