Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1906/2024 02.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********858600 nömrəli qərarın ləğv edilməsi və mənfəət vergisi üzrə hesablanmış 256704,93 manat əlavə vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC oğlu cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli **********858600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı”nın ləğv edilməsi və mənfəət vergisi üzrə hesablanmış 256704,93 manat əlavə vergi məbləğinin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı müəssisənin direktoru iddia tələbinin dəqiqləşdirilməasi barədə ərizə verərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********858600 nömrəli qərarın ləğv edilməsi, mənfəət vergisi üzrə hesablanmış 256704,93 manat əlavə vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmaını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı olaraq xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Cavabdeh vergi orqanı tərəfindən iddiaçı MMC barəsində Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-cü il üçün mənfəət vergisi üzrə 256704,93 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********858600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. Sözügedən kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadıqlarından Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********858600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından Dövlət Vergi Xidmətinə şikayət verilmişdir. Dövlət Vergi Xidmətinin 12 oktyabr 2023-cü il tarixli, **********638500 saylı qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********858600 Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mübahisləndirilən qərar belə əsaslandırlmışdır ki, guya Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı qeyd olunmuş xərc məbləğinin 1283524,67 manat hissəsinin riskli əməliyyatlar apardığı üçün barəsində müvafiq Qərar çıxarılmış riskli vergi ödəyicilərindən (X18 (VÖEN: **********), X31 (VÖEN: **********), X19 (VÖEN: **********), X12 (VÖEN: **********), X21 (VÖEN: **********), X4 (VÖEN: **********), X1 (VÖEN: **********), X22 (VÖEN: **********), X7 (VÖEN: **********), MəmmədovAzay Əyyub oğlu (VÖEN:**********), X23 (VÖEN: **********), X24 (VÖEN:**********), X25 (VÖEN: **********), X37 (VÖEN:**********), X13 (VÖEN:**********), X26 (VÖEN: **********), X32 (VÖEN:**********), X14 (VÖEN: **********), X8 (VÖEN:**********), X2 (VÖEN:**********), X27 (VÖEN: **********), X20 (VÖEN: **********), X33 (VÖEN:**********), X38 (VÖEN:**********), X5 (VÖEN:**********), X6 (VÖEN:**********)) əldə edilmiş elektron qaimə-fakturalardan ibarət olduğu müəyyən edilmişdir ki, bu hal da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı müəssisənin direktoru X15 Azərbaycan Respubilkasi Prezdentinin Fərdi Təqaüdçüsü, 1-ci və 2-ci Qarabağ Müharibəsinin iştirakçısı, 2-ci qrup Qarabağ qazisidir. Müəssisənin aldığı mallar müxtəlif fiziki şəxslərdən elektron qaimə əsasında alınmış və həmin qaydada da satılmışdır. Mal satdıqları müəssisələr də iri müəssisələrdir. Onlardan biri Sumqayıt Texnologiyalar Parkı MMC (VÖEN**********), digəri isə "xxxx" MMC-dir. (VÖEN **********) 2022-ci il üzrə satışdan əldə etdikləri 151133,8 manat mənfəətin 30226,76 manat məbləğində vergi ödənilmişdir. Lakin vergi orqanı 2022-ci il mənfəət vergisi bəyannaməsində yuxarıda adları çəkilən fiziki şəxslərdən E-qaimə əsasında aldıqları 1.283.524,67 manatlıq malları sonradan xərc kimi tanımamışdır. Səbəbi isə həmin fiziki şəxslərin riskli vergi ödəyicisi siyahısında olmaları ilə əlaqələndirilmişdir. Göstərilənlərlə bağlı qeyd edir ki, həmin mallar alınarkən, yəni iddiaçı ilə əməliyyat aparılarkən qeyd olunan fiziki şəxslərin heç biri riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, vergi ödəyicisinin 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 1283524,67 manat olan elektron qaimə-faktura əldə edildiyi və mənfəət vergisi bəyannməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********906000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 256704,93 manat mənfəət vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********858600 nömrəli Qərarı göndərilmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: -xx.xx.2023-cü il tarixli **********858600 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, İddiaçı MMC-yə 2022-ci ilin mənfəət vergisi üzrə 256.704,93 manat əlavə vergi borcu hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun sonradadn riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş vergi ödəyiciləri ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə ki, iddiaçı həmin vergi ödəyiciləri ilə apardığı əməliyyatlar 2022-ci ilə aid olmuş və xx.xx.2022-ci ildən sonra ümumiyyətlə, hər hansı əməliyyat aparmamışdır. X9 xx.xx.2022-ci il tarixdə, digər vergi ödəyiciləri isə 2023-cü ilin müxtəlif aylarında riskli vergi ödəyiciləri hesab edilmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində apardığı hesablama əsassız olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. -175.1.1-ci maddəsinə görə hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDVnin vaxtı kimi müəyyənləşdirilir. -175.11-ci maddəsinə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Cavabdehin etirazının yeganə dəlili ondan ibarətdir ki, 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergiisi bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş vergi ödəyicilərindən əldə edilmiş elektron fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:
1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarından görünür ki, Vergi ödəyicisinin 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 1283524,67 manat olan elektron qaimə-faktura əldə edildiyi və mənfəət vergisi bəyannməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Qanunverciliyin tələbinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilərdi: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi. Cavabdeh etirazında qəbul edilmiş qərarın əsası kimi yuxarıda sadalanan əməliyyatların riskli hesab edildiyini bildirsə də, məhz hansı səbəbdən əməliyyatların riskli olduğunu açıqlamamış, buna dair vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə dəlil və sübutları məhkəmə baxışı zamanı təqdim edə bilməmişdir. Halbuki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanan alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən vergi ödəyiciləri həmin əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilən Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli № **********858600 saylı qərar ləğv edilsin və həmin qərar əsasında hesablanmış 256704,93 manat əlavə vergi məbləğinin silinməsi öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova