Məhkəmə qərarları › İş №2-1(118)-1908/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1908/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1908/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Ermənistanda anadan olmuşdur. 16.05.1972-ci ildə Ermənistan Respublikasının Sisyan rayonunda Şəki kəndində kolxozda mexanizator kimi əmək fəaliyyətinə başlamış, iki hərbi xidmətdə olmuş və 1988-ci ilədək bu kolxozda işləmişdir. 1988-ci ildən sonra isə Sumqayıt şəhər 2 saylı TTİ-də mexanizator vəzifəsinə qəbul olunmuş və 29.12.2000-ci ilədək bu müəssisədə çalışmışdır. Göründüyü kimi, iddiaçının ümumi əmək stajı 28 il olmuş və bu da ona yaşa görə əmək pensiyasına çıxmağa tam imkan verdiyi halda cavabdeh iddiaçıya ünvanladığı 06.09.2021-ci il tarixli məktubla imtina vermiş və göstərmişdir ki, guya iddiaçının ümumi əmək stajı 25 ildən azdır. İddiaçı cavabdehin qanunsuz hərəkəti ilə razılaşmır və həmin imtinanı qanunsuz və əsassız hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmiş, növbəti məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, 2-1(118)-1908/2021 nömrəli iş üzrə iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 16.05.1972-ci il tarixdən 1988-ci il tarixədək Sisyan rayonu Şəki kəndində kolxozda, 02.11.1988-ci il tarixdən 29.12.2000-ci il tarixədək “Azərsənaye Tikinti Səhmdar Cəmiyyəti”ndə (keçmiş adı “Sumqayıt şəhər 2 saylı Trest”) işlədiyini və əmək haqqı aldığını iddia edir. O, hüququ yarandığı tarixdən (12.02.2021) ona pensiya təyin olunması üçün 1 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. Lakin qeyd olunan dövrlərin araşdırılması zamanı iddiaçının 02.11.1991-ci il tarixdən 29.12.2000-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğu məlum olmuşdur. Bu səbəbdən qeyd olunan dövrlər mübahislənədirilərək sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü də daxil olmaqla mübahisləndirilməyən dövr (19 il 02 ay) tələb olunan sosial sığorta stajını (yəni, 25 il), həmçinin, pensiya kapitalını tamamlanmadığından məsələnin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin, qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən, Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, müvafiq orqanlara sorğular göndərilmiş və yerində yoxlama aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt Filialının 22.08.2021ci il tarixli 236 nömrəli məktubuna əsasən, 1991-ci ilə dair əmrlər kitabına baxılmış, iddiaçının işləməsi barədə məlumat aşkarlanmamışdır. Bundan əlavə, T-2 kartı əsasında tərtib olunmuş yoxlama aktında iddiaçının 02.11.1991-ci il tarixdən 29.12.2000-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğu qeyd olunmuşdur. Ali məhkəmənin mövqeyinə əsasən, mübahisələndiriliən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Bunun işəgötürənin təqsiri üzündən baş verməsi özüözlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səsbəb olmur. (Ali məhkəmənin 14.09.2021- ci il tarixli 2-1 (102)-1394/2021 nömrəli qərarının 28-ci bəndi). Əmək Məcəlləsinin 128-ci maddəsinin adından da göründüyü kimi, həmin norma işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüququna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin, kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən, əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. (Ali məhkəmənin 14.09.2021-ci il tarixli 2-1 (102)-1394/2021 nömrəli qərarının 30-cu bəndi). Əmək Məcəlləsinin 146.2-ci maddəsinin müddəalarına görə, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Lakin hazırkı işdə ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin, qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasından sonar belə, işdən azad olunduğu 2000-ci il tarixədək olan 9 ilə yaxın müddət ərzində Əmək Məcələlsinin 146-cı maddəsinin 2-ci hissəsinin, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət sosial sığorta stajına daxil edilə bilməz. İddiaçının ******* nömrəli Əmək kitabçasına və ******* nömrəli hərbi biletinə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 19 il 02 təşkil edir. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 19 il 02 sosial sığorta stajı olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. - İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı tərəfindən tərtib olunan aktdan müəyyən olunur ki, iddiaçı həqiqətən də, 02.11.1988-ci i tarixdə SDM sahəsinə çilingər kimi işə qəbul olunmuş, 29.12.2000-ci il tarixdə işdən azad olunmuşdur. İşlədiyi müddətdə 02.11.1991-ci il tarixdən 29.12.2000-ci il tarixədək öz hesabına məzuniyyətə göndərilmişdir. - ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı 16.05.1972-01.05.1974cü illərdə, 15.05.1976-28.07.1988-ci illərdə və 02.11.1988-29.12.2000-ci illərdə çalışmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 06.09.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçının pensiya təyinatı ilə bağlı müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçının tələbi 16.05.1972-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının Sisyan rayonunun Şəki kəndində kolxozda, həmçinin, 1988-ci ildən 29.12.2000-ci ilədək Sumqayıt şəhər 2 saylı Trestdə işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla ona əmək pensiyası təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərini müəyyən edən 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın məzmunundan göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt müəyyən edilmişdir: qanunla müəyyən olunmuş yaş həddinə çatmaq və zəruri pensiya kapitalına və ya 25 il sığorta stajına malik olmaq; Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki işdə iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla (AA******* nömrəli şəxsiyyət vəsiqəsi) onun əmək pensiyası hüququ 22 fevral 2021-ci il tarixdə yaranmışdır. Yəni, ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş birinci şərt mövcuddur. Qanunun yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtinə, yəni zəruri pensiya kapitalına və ya sığorta stajı şərtinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün qeyd olunan şərtin tələbləri mövcud deyildir. Belə ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin, qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı 02.11.1988-ci ildən 29.12.2000-ci il tarixədək “Azərsənayə Tikinti Səhmdar Cəmiyyəti”ndə işlədiyini və əmək haqqı aldığını iddia etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı tərəfindən tərtib olunan aktdan müəyyən olunur ki, o, işlədiyi müddətdə 02.11.1991-ci il tarixdən 29.12.2000-ci il tarixədək öz hesabına məzuniyyətə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir (129.1.) İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (129.2.). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə qeyd olunmuşdur ki, növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 1.1. şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; 1.2. ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Hazırki işdə iddiaçının 1991-ci ildən işləməsi müəyyən edilmədiyindən və 02.11.1991-ci il tarixdən 29.12.2000-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğundan onun qeyd olunan dövrlərdə həmin müəssisədə işləməklə sosial sığorta stajına malik olmasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına da malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar