Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-191/2021 12.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi, M.İbrahimov küçəsi ev 23-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 22.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş 2-ci qrup hərbi əlillik dərəcəsinin bərpa edilməsi və 30.11.2019-cu il tarixdən ödənilməyən pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş 2-ci qrup hərbi əlillik dərəcəsinin bərpa edilməsi və 30.11.2019-cu il tarixdən ödənilməyən pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ildə hərbi xidmətə çağırılmış və 1996-cı ilin avqust ayının 14-dək Silahlı Qüvvələrdə əsgər kimi xidmət etmişdir. N saylı hərbi hissənin tərkibində Qubadlı, Ağdam, Fizuli, Zəngilan və Cəbrayıl rayonlarının ərazilərində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. 04.02.1994-cü ildə Horadiz əməliyyatları zamanı yaralanaraq, 05.02.1994-cü ildən, 24.03.1994-cü ilədək Sumqayıt şəhəri 2 nömrəli şəhər xəstəxanasında “Dirsək sümüyünün proksimal 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı sağ dirsək sümüyünün düzgün bitiçməmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozu ilə stasionar şəraitdə müalicə olunmuşdur. Hazırda müharibə veteranıdır. Döyüş tapşırıqlarını yerinə yetirdiyi zamanı aldığı travmalarla əlaqədar olaraq 22.12.2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Lakin iki ildən sonra, 30.11.2019-cu il tarixdə Xidmətin özü tərəfindən təyin edilmiş 2-ci qrup əlillik dərəcəsi əsassız olaraq ləğv edilmiş və həmin vaxtdan ona müharibə əlili kimi təyin olunan əmək pensiyası dayandırılmışdır. Elektron sistemə baxış keçirən zaman məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti əsassız olaraq 22.12.2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin poliklinikasından Forma-88-in xidmətin sisteminə daxil edilməsini bəhanə gətirərək əlillik dərəcəmin ləğvinə qərar vermişlər. Səbəb kimi göstərilmişdir ki, o, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət etdiyi üçün Daxili İşlər Nazirliyinin tabeliyində olan tibb müəssəsinə müraciət etməsi və sənədlərinin elektron qaydada xidmətin sisteminə daxil edilməsi qanunauyğun olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı əlillikk vəziyyəti X4 Tibb İdarəsinin 4110003AACLB saylı göndərişi əsasında 22.12.2017-ci il tarixdə qiymətləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 029-3854-1219/5 nömrəli 18.11.2019-cu il tarixli məktubu ilə 843 nəfərin, o cümlədən iddiaçının X5 aidiyyəti olmadığına görə ona rəsmiləşdirilmiş göndəriş etibarsız heab edilmişdir. Bununla əlaqədar İddiaçı əlilliyinə dair qiymətləndirmə əlillik altistemində etibarsız hesab edilmişdir. İddiaçının əlilliyinin etibarsız hesab edilməsi zamanı cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlilliyi etibarsız hesab edilmişdir. İş materiallarında olan : -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 26.11.2003-cü il tarixli 388 sayll qərarından görünür ki, İddiaçı aldığı travma “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətlənidirlmişdir. -TSEK tərfindən verilən məlumatdan çıxarışdan görünür ki, İddiaçı 22.12.2017-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. –ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 30.04.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı oölunun əlillikk vəziyyəti X4 Tibb İdarəsinin 4110003AACLB saylı göndərişi əsasında 22.12.2017-ciil tarixdı qiymətləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin həmin göndərişin əsassız verilmsi barədə məktubu əsasında onun əlilliyi bardə müayinə **********7 saylı xidməti məruzə ilə əlillik altsistemində etibarsiz hesab edilmişdir. -Azərbacyan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi 04.12.2020-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X1 tərəfindən əlillik dərəcəsinini təyin edilməsi üçün göstərişlər (Forma 88) yalnız DİN-nin poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Altsisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, DİN-nin poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan, xüsusi həkim komissiyaları tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında da əlillik təyinatları aparılmış və buna görə də daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Bu səbəbdən həmin vətəndaşlar barələrində tərtib edilmiş göndərişlər (Forma **) ləğv edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndindən görünür ki, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Qanunvericiliyin normalarından göründüyü kimi hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsi üçün müvafiq səhiyyə müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və X3 göndəriş (forma 88) daxil edilir. Göndərişdə şəxsin kimliyi, hansı ünvanda yaşadığı, göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız göndərişdəki xəstəlik vəziyyəti əsasında bu və ya digər TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Q.Ə.X6 Nazirliyinə hər hansı aidiyyəti olmamış, o, Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissələrdə xidmət keçmiş və xidmən zamanı yaralanmışdır. İddiaçı özü də göndərişin DİN Tibb İdarəsi tərəfindən verilməsinin səbəblərini izah edə bilmədi. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-191/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-191/2021
12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver