Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1910/2021 21.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “İddiaçı **********165 reyestr nömrəli, ********** qeydiyyat nömrəsinə malik 13.01.2021-ci il tarixli Çıxarışda göstərilən 0.6871 ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (hüququnun) müəyyən edilməsi və bu torpaq sahəsindən iddiaçıya düşən hissəni özünə verməklə iddiaçının adının həmin Çıxarışdan silinməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia qaldıraraq “İddiaçı **********165 reyestr nömrəli, ********** qeydiyyat nömrəsinə malik 13.01.2021-ci il tarixli Çıxarışda göstərilən 0.6871 ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (hüququnun) müəyyən edilməsi və bu torpaq sahəsindən iddiaçıya düşən hissəni özünə verməklə iddiaçının adının həmin Çıxarışdan silinməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 15 iyul 2021-ci il tarixdə iddiaçı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizə yazaraq xüsusi icraat qaydasında Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Şamaxı rayon Məhkəməsi 05 avqust 2021-ci il tarixdə 2(074)-924/2021 saylı qərardad qəbul edərək həmin ərizəni məhkəmə icraatına qəbul etməkdən imtina etmişdir. Məhkəmə qərardadında göstərilmişdir ki, iddiaçı iddia ərizəsi ilə müvafiq İnzibati Məhkəməyə müraciət etməlidir. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Odur ki, eyni ərizəni məhkəməyə müraciət etmişdir. Bu iddia ərizəsinə əlavə etdiyi Şamaxı rayon İHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən iddiaçıya verilmiş 14.07.2021-ci il tarixli, 2114 saylı arayışdan görünür ki, iddiaçı Şamaxı şəhər, M.F.Axundov küçəsi ev 56-da yaşamaqla həyat yoldaşı X2 və oğlu X1 ibarət cəmi 3 (üç) nəfərlik ailə tərkibi vardır. İddiaçıda olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən maraqlı şəxs Cavabdeh2 verilmiş **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəsinə malik 13.01.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, 0.6871 ha torpaq sahəsində iddiaçının da ümumi birgə payı vardır. Bu Çıxarışın təsdiq edilmiş surətini heç bir yolla əldə edə bilməmişdir. Ona görə də vəsatəti əsasında məhkəmədən xahiş edir ki, maraqlı şəxs Daşımnaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinə sorğu göndərərək həmin Çıxarışın təsdiq edilmiş surətinin iş materiallarına daxil edilməsi təmin edilsin. Hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi odur ki, yuxarıda qeyd etdiyi Çıxarışda göstərildiyi kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı - yəni hüquq sahibi kimi daşınmaz əmlakda (0.6871 ha torpaq sahəsində) ümumi birgə payının olması müəyyən edilsin və bundan sonra ümumi birgə paydan ona düşəsi daşınmaz əmlak özünə verilməklə iddiaçının adı həmin Çıxarışdan silinsin. İddiaçı qeyd edir ki, sözügedən torpaq sahəsində payının olmasına baxmayaraq buna dair ona heç bir sənəd vermirlər. Bu mübahisə ilə bağlı xüsusi mülkiyyətçinin özü və digər payçılarla ümumi razılığa gələ bilmədiyinə görə bu bölgünün məhkəmə tərəfindən aparılmasını istəyirlər. Belə ki, iddiaçı özünə məxsus daşınmaz əmlaka (torpaq sahəsinə) sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna malik olsa da faktiki vəziyyətdə qeyri-qanuni olaraq bundan məhrum edilmişdir. Odur ki, digər payçılar tərəfindən iddiaçıya düşəsi torpaq sahəsi istifadə üçün özünə verilməlidir. Lakin başqa razılaşma da mümkündür. Bu barədə məhkəmənin ədalətli qərarı onun üçün əsas olacaqdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dinlənilmiş, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, iddiaçının tələbi İddiaçı **********165 reyestr nömrəli, ********** qeydiyyat nömrəsinə malik 13.01.2021-ci il tarixli Çıxarışda göstərilən 0.6871 ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (hüququnun) müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının **********165 reyestr nömrəli, ********** qeydiyyat nömrəsinə malik 13.01.2021-ci il tarixli Çıxarışda göstərilən 0.6871 ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (hüququnun) müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə iddiaçı cavabdeh olaraq Cavabdeh2 göstərmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Məhkəmə qeyd edir ki, mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Bundan başqa iddiaçı “onun adının Çıxarışdan silinməsi” tələbi irəli sürsədə, inzibati orqana müraciəti müəyyən olunmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçının ərizəsindən görsənir ki, onun adı mülkiyyətçi kimi dövlət qeydiyyatına alınsada, o hüquqlardan istifadə edə bilmir və bununla bağlı düzgün hüquq müdafiəsi seçməmişdir. İddiaçının digər şəxslərlə ümumi birgə mülkiyyət hüququ ilə torpaq sahəsi olduğu halda həmin torpaq sahəsindən istifadə edə bilməsi üçün torpaq sahəsinin naturada bölünməsini tələb etmək hüququ vardır. Umumi birgə mülkiyyətçilər arasında razılıq olarsa, bu müvafiq inzibati orqana müraciət edilməklə həllini tapa bilər. Mülkiyyətçilər arasında razılıq olmadıqda isə, yerlərin naturada bölünməsi müvafiq ümumi məhkəmədə tələb edilə bilər. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq düzgün hüquq müdafiə vasitəsi seçməsi imkanı istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1910/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1910/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver