Məhkəmə qərarları › İş №2-1(118)-1911/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1911/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1911/2021 20.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağ massivi 3653 və B-3653 nömrəli bağ torpaq sahəsindən keçən yeraltı kabel elektrik xəttinin mühafizə zolağı və koordinatları barədə məlumatın, o cümlədən, mühafizə zolağı altında olan torpaq sahəsinə aid sxemin, sxem olmadığı tədqirdə yenidən tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 27.01.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3653 nömrəli bağ torpaq sahəsinin 0.0277 ha hissəsi X1 xüsusi mülkiyyətində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 27.01.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3653 nömrəli bağ torpaq sahəsinin 0.029 ha hissəsi X1 xüsusi mülkiyyətindədir. Hər iki torpaq sahəsinin özəlləşdirilməyən hissəsində olan torpaq sahələri üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət olunmuşdur. Reyestr xidmətinin ‘"Azərişıq” ASC Şimal regional enerji təchizatı və satışı idarəsinə və X2 ünvanladığı 30 mart 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsinə müayinə baxışı keçirilən zaman əvvəllər torpaq sahəsinin yaxınlığından 35.0 kvtlıq yüksək gərginlikli ötürücü hava elektrik xəttinin keçdiyi, hazırda isə həmin xəttin yeraltı xətlə əvəz edildiyi aşkar edilmişdir. Sonda Şimal regional enerji təchizatı və satışı idarəsindən mövcud elektrik xətlərinin gələcəkdə istifadə perspektivlərini nəzərə alaraq torpaq sahəsinin əvvəllər mühafizə zolağına düşən hissələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına münasibət bildirməsi və yeraltı aparılmış elektrik xəttinin mühafizə zolağı barədə rəsmi məlumat verməsi xahiş edilmişdir. Bundan sonra, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3653 və B-3653 nömrəli bağ torpaq sahələrinin yerdə qalan hissələrinin özəlləşdirilməsinə razılığın alınması üçün "xxxx" ASCyə müraciət edilmişdir. Buna cavab olaraq 19.01.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Sarıqaya” h/x-nin kabel hissəsi həyətyanı sahənin bir hissəsindən keçir. Kabel xəttinin həyətyanı sahədən çıxarılması üçün “ASAN xidmət” mərkəzinə müraciət olunması tövsiyə edilmişdir. Nəzərə alınmalıdır ki, həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a bəndinə istinad olunmuşdur, lakin həmin bənd kabel xətlərinə aid deyildir, hava xətlərini tənzimləyir. Buna baxmayaraq, "xxxx" ASC-nin tövsiyəsinə uyğun olaraq 10.09.2021 -ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət olunmuşdur. Lakin həmin sorğu baxılması üçün yenidən "xxxx" ASC-yə göndərilmişdir. Qeyd olunan qaydaların 3-cü bəndinə əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır; 5-ci və 5b bəndlərinə görə yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonaları kimi müəyyən edilir; 6-cı bəndində qeyd edilmişdir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər; 12-ci bəndində elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən qadağan olunan işlərin siyahısı göstərilir. 12d bəndinə əsasən yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması qadağan edilir. Sadalanan bu hüquqi normaların mahiyyətindən məlum olur ki, "xxxx" ASC-nin aidiyyatı vəzifəli şəxsləri qərəzli surətdə öz xidməti vəzifələrini yerinə yetirmir, bununla da, heç bir qanuni əsas olmadan iddiaçı X1 istifadəsində olan bağ torpaq sahəsinin özəlləşdirilməsi hüququnu pozur. Beləliklə, iddiaçı hesab edir ki, X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3653 və B-3653 nömrəli bağ torpaq sahəsinin əvvəllər mühafizə zolağına düşən hissələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün torpaq sahəsindən keçən yeraltı kabel elektrik xəttinin mühafizə zolağı barədə rəsmi məlumatın və mühafizə zolağı altında olan torpaq sahəsinin koordinatlarının dəqiq göstərilməklə sxeminin, sxem olmadığı tədqirdə yenidən tərtib edilərək verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, 35 RV-luq Sarıqaya 143 saylı y/st-lar arası EVX 1958-ci ildən istismara verilmişdir. EVX-nin 49 saylı dayağından 143 saylı yarımstansiyaya qədər olan hissəsi (833 metr) hava xəttinin mövcud trassası üzrə 2018-ci ildə yeraltı elektrik ötürücü kabel xətti ilə əvəz olunmuşdur. Həmin xəttin mühafizə zonası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci U 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları" ilə tənzimlənir. Həmin qaydaların 5-ci maddəsinin "b" bəndinə əsasən yeraltı elektrik ötürücü kabel xətlərinin mühafizə zonası həmin kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi hesab olunur. Həmin qaydaların 6-cı maddəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmçinin, həmin qaydaların 12-ci maddəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması qadağandır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının vəkili tərəfindən cavabdeh təşkilata ünvanlanan 10 sentyabr 2021-ci il tarixli müraciətin surəti, Sumqayıt regional “Asan xidmət” mərkəzinin "xxxx" ASC-nə iddiaçının vəkilinin müraciətinin göndərilməsi barədə 10.09.2021-ci il tarixli MİHO/4.1.6-2- 2021-354 saylı məktubu, X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən B-3653 və 3653 saylı torpaq sahələrinə dair DƏDRX-in RX seriyalı ******* N-li, ******* N-li, 27.01.2016-cı il tarixli çıxarışlarının notarial qaydada təsdiq edilmiş surətləri, torpaq sahəsinin planı və ölçüləri, o cümlədən, digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu buna nəzərdə tutulmuş qaydada cavab verməmişdir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən B-3653 və 3653 saylı torpaq sahələrinin mülkiyyətçisi olmasından irəli gəlir. Belə ki, iddia tələbi araşdırılarkən məlum olmuşdur ki, qeyd olunan məlumatların cavabdeh təşkilatdan tələb edilməsində məqsəd hər iki torpaq sahəsinin özəlləşdirilməyən hissələrinin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasından ibarətdir. Belə olduğu tədqirdə hesab edilir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ var. "xxxx" ASC-nin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq "xxxx" ASC-nin hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əvvəllər torpaq sahələrindən yüksək gərginlikli ötürücü hava xəttinin keçməsini nəzərə alaraq, məhkəmə tərəfindən "xxxx" ASC-nin "xxxx" MMC-yə müvafiq sorğu göndərilmiş və sorğuya 11.10.2021-ci il tarixli 16/01-20/895 saylı cavab verilərək, bildirilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən B- 3653 və 3653 saylı torpaq sahələrindən keçən yüksək gərginlikli yeraltı kabel xətləri "xxxx" MMC-yə aid deyil və həmin kabel xətlərini "xxxx" ASC-nin “Bağlar ETSİ”-nə məxsusdur. Belə olduğu tədqirdə "xxxx" ASC-nin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı X2 "xxxx" ASC tərəfindən verilmiş 19.01.2021-ci il tarixli, 01/12/A-652/465 saylı məktub iddiaçının inzibati orqana müraciət etməsinə dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçının vəkili tərəfindən cavabdeh təşkilata 10 sentyabr 2021-ci il tarixli anoloji müraciətin olmasına baxmayaraq, cavabdeh təşkilat həmin müraciəti cavablandırmamışdır. Halbuki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Göründüyü kimi cavab təşkilat yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini pozmaqla verilmiş müraciəti mahiyyəti üzrə cavablandırmamışdır. Bu isə iddiaçının qanuna uyğun qaydada pretenziya qaydasına riayət etməsini sübut edir. Ona görə məhkəmə hesab edir ki, iddianın mümkünlük şərtlərinin bu hissəsinə də iddiaçı tərəfindən riayət olunub. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə də iddiaçı tərəfindən riayət olunub. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, qeyd olunan Məcəllənin 8.1.1-ci maddəsi həm daşınmaz əmlakla bağlı olan hüquq münasibətlərini, həm də daşınmaz əmlakla bağlı yaranmış hüquq münasibətlərini özündə əks elətdirir. Hazırkı iddia tələbindən məlum olur ki, iddiaçının tələb etdiyi məlumatlar onun mülkiyyətində olan torpaq sahələri ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Digər tərədən o da nəzərə alınmalıdır ki, "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi göstərilməsə də, təbii inhisar subyektinə aid olması səbəbindən ona qarşı verilmiş hazırkı iddiaya baxılması mümkündür. Bunula bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnizbati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında yaranmış mübahisə onların arasında bağlanmış elektrik enerjisinin alqı satqısı ilə bağlı olmadığından, yəni tərəflər arasında yaranmış mübahisənin kökündə mülki hüquq münasibətlər olmadığından iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki hazırkı iddia tələbi üzrə "xxxx" ASC dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İşə mahiyyəti üzrə baxan məhkəmə cavabdeh təşkilatın hərəkətlərini qanunsuz hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, özünə mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 3653 və B-3653 nömrəli bağ torpaq sahəsindən keçən yeraltı kabel elektrik xəttinin mühafizə zolağı və koordinatları barədə məlumatın, o cümlədən mühafizə zolağı altında olan öz torpaq sahəsinə aid sxemin verilməsini tələb etmiş, lakin cavabdeh təşkilat iddiaçının müraciətinə mahiyyəti üzrə cavab verməmiş, yəni müraciət torpaq sahəsindən xətlərin çıxarılması ilə bağlı olmadığı tədqirdə iddiaçıya xətlərin çıxarılması ilə bağlı “ASAN xidmət” mərkəzinə müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh təşkilatın iddiaçının müraciətinə etinadsızlıqla yanaşması Sumqayıt İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(118)-1911/2021 saylı Sərəncamına verdiyi etiraz məktubu ilə öz təstiqini tapır. Belə ki, iddia tələbinin predmeti iddiaçının özünə aid torpaq sahəsindən keçən yeraltı elektrik xətlərinin mühafizə zolağı və koordinatları barədə məlumatın verilməsi, o cümlədən, 3653 və B-3653 nömrəli bağ torpaq sahəsindən keçən yeraltı kabel xətlərinin sxeminin təqdim edilməsi, həmin sxemin olmadığı tədqirdə yenidən tərtib edilərək iddiaçıya verilməsi barədə olmasına baxmayaraq, cavabdeh təşkilat 35 RV-luq Sarıqaya 143 saylı y/st-lar barədə ümumi məlumatları iddiaçıya verməklə kifayətlənmişdir. Bu isə cavabdeh təşkilatın hərəkətsizliyinə dəlalət edir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətsizliyi hüquqi dövlətin ümumi prinsiplərinə, qanunçuluq və etimad hüququnun qorunması prinsiplərinə ziddir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Qaydaların 3-cü bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi müəyyən edilir. Həmin Qaydaların 5-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq qadağandır. Qeyd olunan Qaydaların 7-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Qaydaların 9-cu bəndinə əsasən hüquqi və fiziki şəxslər gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonasında zədələnməyə gətirə bilən hər hansı işləri (partlayış, tikinti və s.) apararkən, işlərə başlamazdan 3 gün əvvəl elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdırmalı və bu işləri yerinə yetirən zaman həmin şəbəkələrin qorunmasını təmin edən tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmişdir “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinin b yarımbəndinə əsasən yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi elektrik xətlərinin mühafizə zonası üçün nəzərdə tutulub. Qaydaların 12-ci bəndinin a və d yarımbəndlərinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi işlərin yerinə yetirilməsi, yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması qadağandır. Həmin Qaydaların 18-ci bəndinə əsasən elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarları ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının tələblərinə əsasən yeraltı kabellərin keçdikləri torpaq sahələrinin mülkiyyətçilərinin, o cümlədən, yeraltı elektrik xətlərinin mühafizə zolağında yerləşən torpaq sahələrinin mülkiyyətçilərinin hüquqları məhdudlaşdırılaraq həmin torpaq sahələri üzərində şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi işlərinin yerinə yetirilməsi, yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 mdən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması qadağan edilmişdir. Bundan başqa Həmin Qaydaların 33-cü bəndində qeyd olunan normaların mülkiyyətçilər tərəfindən pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunması nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbi üzrə iddiaçı müvafiq Qaydalarda nəzərdə tutulmuş normalara riayət etmək məqsədi ilə cavabdeh təşkilatdan Sumqayıt şəhəri, Novxanı bağ massivi 3653 və B-3653 nömrəli bağ torpaq sahəsindən keçən yeraltı kabel elektrik xəttinin mühafizə zolağı və koordinatları barədə məlumatın, o cümlədən, mühafizə zolağı altında olan torpaq sahəsinə aid sxemin verilməsini tələb etmişdir. Lakin cavabdeh təşkilat üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə iddiaçıya yönləndirici məlumatlar verməklə kifayətlənmişdir. Halbuki cavabdeh təşkilat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi 3653 və B-3653 nömrəli bağ torpaq sahəsindən keçən yeraltı kabel elektrik xəttinin mühafizə zolağı və koordinatları barədə məlumatın, o cümlədən mühafizə zolağı altında olan torpaq sahəsinə aid sxemin, sxem olmadığı tədqirdə yenidən tərtib edilərək X2 verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar