Məhkəmə qərarları › İş №2-1(118)-1912/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1912/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1912/2022 29.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05ha torpaq sahəsi verilməsinə dair qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05ha torpaq sahəsi verilməsinə dair qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı nümayəndəsi X2 müddətin ötürülmədiyini hesab etdiyindən, iddiaya mahiyyət üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05ha torpaq sahəsi verilməsinə dair qərarın səhv olduğundan məhkəmə tərəfindən ləğv olunmasını xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İddiaçı bundan əvvəldə qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmiş, müddətin ötürülməsi səbəbindən məhkəmə tərəfindən onun iddiası mümkün sayılmamışdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilməsinə dair Qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunmasına və Şamaxı rayon, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsinin Vərəsəlik Şəhadətnaməsi əsasında, Milli Arxiv İdarəsinin rəsmi Arayışına əsasən dövlət qeydiyyatına alınmasına və buna dair dövlət reyestrindən ona Çıxarış verilməsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması”na dair iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apelyyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1225/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlarda iddianın hazırda mübahisələndirdiyi qərara münasibətdə qeyd olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Göründüyü kimi Aqrar islahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə mərhumə D.Rüstəmovanın aqrar islahat komissiyasının qərarından şikayət etmək hüququ olmuş, lakin o bu hüququndan istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etməsə də, mümkünsüzlüyə səbəb olan hallar aradan qaldırılmadan yenidən iddia qaldırılması iddianın mümkünsüzlüyünə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar