Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1915/2024 29.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, əmək müqaviləsinin xitam verilməsi səbəbinin dəyişdirilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, əmək müqaviləsinin xitam verilməsi səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 oktyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. 14 sentyabr 2021-ci il tarixli, ******* nömrəli “Əmək kitabçası”ndan görünür ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14 sentyabr 2021-ci il tarixli, 427-K nömrəli Əmri ilə Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunaraq, müalicə müəssisənin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu vəzifəsinə müsahibədən kənar təyin edilmişdir, 3 avqust 2023-cü il tarixli, 401-K nömrəli Əmri ilə ədliyyə orqanlarından xaric edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılmışdır.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən İddiaçı göndərilmiş 27 aprel 2023-cü il tarixli, 3-16-20/2-798/2023 nömrəli məktubundan görünür ki, o, imtiyazlı qaydada dövlət sifarişi əsasında gələcəkdə penitensiar müəssisələrdə işləmək üçün Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olmuşdur və 2021-ci ildə buranı bitirərək Müdafiə Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin sərəncamına ezam olunmuşdur. Həmin ilin sentyabr ayında ədliyyə orqanlarına qulluğa qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanılaraq üzərinə ədliyyə orqanlarında 10 təqvim ili müddətində işləmək öhdəliyi götürmüşdür. Yuxarıda qeyd olunanlar və mövcud qanunvericilik nəzərə alınaraq, tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilməsi barədə müraciətinə hazırda baxılması imkan xaricindədir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 avqust 2023-cü il tarixli, 401-K nömrəli Əmrindən görünür ki, müalicə müəssisənin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu tibb xidməti leytenantı İddiaçı və əmrdə qeyd olunmuş digər şəxslərin ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılması əmr edilmişdir.
Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli, 130 nömrəli Sərəncamı;
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 sentyabr 2021-ci il tarixli, 427-K nömrəli Əmrindən görünür ki, ATU-nun Hərbi tibb fakültəsinin məzunu İddiaçı Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunaraq müalicə müəssisənin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu vəzifəsinə təyin edilməsi və onun hərbi rütbəsi nəzərə alınmaqla tibb xidməti leytenantı xüsusi rütbəsində hesab olunması əmr edilmişdir.
6. 14 sentyabr 2021-ci il tarixli “Əmək müqaviləsi”ndən görünür ki, həmin müqavilə işəgötürən Ədliyyə Nazirliyinin işçi İddiaçı ilə müddətsiz bağlanılmışdır və işçi ƏN müalicə müəssisənin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu vəzifəsinə işə qəbul edilmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 5 noyabr 2021-ci il tarixli, 58-K nömrəli Əmrindən görünür ki, İddiaçı və siyahıda qeyd olunmuş digər şəxslərə bir aylıq vəzifə maaşı məbləğində pul mükafatın verilməsi əmr edilmişdir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən İddiaçı göndərilmiş 27 aprel 2023-cü il tarixli, 3-16-20/2-798/2023 nömrəli məktubu (§2).
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 22 may 2023-cü il tarixli, 31-K nömrəli Əmrindən görünür ki, əmək intizamını və etik davranış qaydalarının tələblərini pozaraq fəaliyyətində nöqsana yol verdiyinə görə Müalicə müəssisəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu tibb xidməti leytenantı Natiq Elxan oğlu Nazirliyə şiddətli töhmət verilməsi əmr edilmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 avqust 2023-cü il tarixli, 401-K nömrəli Əmri (§3). Qeyd olunan Əmr ilə tanış olduğunu və qəbul edilməsini İddiaçı 4 avqust 2023-cü il tarixdə imzası ilə təsdiq etmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
11. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 avqust 2023-cü il tarixli, 401-K nömrəli əmrinin ləğv edilməsini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “öz istəyilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı 7 aprel 2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ərizə ilə müraciət edərək 1 may 2023-cü il tarixdən “öz arzumla” işdən çıxarılmağı üçün ərizə vermişdir. Ərizəmə cavab məktubu göndərilmişdir (§2). Bundan sonra 29 iyul 2023-cü il tarixdə “öz istəyimlə” ədliyyə orqanlarından xaric olunmağı üçün yenidən ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmişdir. Müraciətindən sonra, yəni 3 avqust tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 avqust 2023-cü il tarixli, 401-K nömrəli əmri ilə intizam tənbehi alaraq ədliyyə orqanlarından xaric edilmiş və müdafiə nazirinin sərəncamına qaytarılmışdır. Hesab edir ki, heç bir intizam pozuntusuna yol vermədiyi halda ədliyyə orqanlarından xaric olmaq istəyinin intizam pozuntusu kimi qəbul edilməsi və bunun nəticəsində də ona intizam tənbehi verərək ədliyyə orqanlarından xaric etmək qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də cavabdehin əmri ləğv edilməli və ədliyyə orqanlarında öz istəyilə xaric olunmağına dair yeni əmr verilməlidir. Bundan əlavə cavabdehin 27 aprel 2023-cü il tarixli, 798/2023 saylı cavab məktubunda göstərdiyi ədliyyə orqanlarında xidmətə qəbul olunarkən öz üzərinə 10 təqvim ili müddətinə işləmək öhdəliyi götürməyilə bağlı mülahizələri də tamamilə əsassız hesab edir. Onunla bağlanmış 1 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinin 6.2-ci bəndində qeyd edilmiş “ədliyyə orqanlarında 10 təqvim ili fasiləsiz işləmək” öhdəliyi qanunvericilik aktlarının tələblərinə zidd olduğundan həmin bənd əsassız və qanunsuzdur.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 35, 61, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə, 9-cu maddəsinin “b” bəndinə, 69-cu maddəsinin 1, 7-ci maddəsinin 3, 43-cü maddənin 3-cü hissələrinə, 296-cı maddəsinə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 61.1, 61.2, 67.1, 67.2, 67.3, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.3, 34.1, 34.2, 34.3-cü maddələrinə istinad olunmuşdur.
14. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 3 avqust 2023-cü il tarixli, 401-K nömrəli əmrinin ona aid hissədə ləğv edilməsini və onunla bağlanılmış əmək müqaviləsinə “öz istəyimlə” Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılmamaqla xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin 15 mart 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
15. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli 130s saylı sərəncamına əsasən ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulunun hədləri təsdiq edilmiş, kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Tibb Universitenin hərbi tibb fakültəsi üzrə bakalavr pilləsinə qəbul olacaq 90 nəfər tələbədən 20 nəfəri Ədliyyə Nazirliyinin tibb xidmətinin tələbatı üçün müəyyən edilmişdir. Bundan sonrakı illər müəyyən yazışmalar aparılaraq penitensiar xidmətin tibbi kadrlara olan ehtiyacı ilə bağlı həmin təhsil müəssisəsindən qəbul həyata keçirilmişdir. Kursant İddiaçı (hazırkı iddiaçı) də penitensiar müəssisələrdə işləmək üçün dövlət sifarişi əsasında 2021-ci ildə təhsilini bitirərək müdafiə nazirinin şəxsi heyət üzrə 2021-ci il 25 iyun tarixli məxfi əmri ilə zabit hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətini davam etdirmək üçün ədliyyə nazirinin sərəncamına göndərilmişdir. İmtiyazlı əsaslarla tibb təhsili aldığı və ədliyyə nazirinin sərəncamına ezam edilmiş həqiqi hərbi xidmət zabiti olduğu üçün onunla baş idarə arasında müvafiq müqavilə bağlanılmış, o cümlədən iddiaçı 10 il ədliyyə orqanlarında işləmək öhdəliyini üzərinə götürmüşdür. O, müvafiq əmrlə 14 sentyabr 2021-ci il tarixdə ədliyyə orqanlarında daimi qulluğa qəbul olunmuşdur. Hərbi qulluqçu kimi ədliyyə nazirinin sərəncamına ezam olunması nəzərə alınaraq, Müalicə müəssisəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu vəzifəsinə müsahibədən kənar təyin edilmişdir. Baş idarədə hərbi qulluq nəzərdə tutulmadığından ona müdafiə naziri tərəfindən verilən rütbəyə uyğun tibb xidməti leytenantı xüsusi rütbəsi verilmişdir. Penitensiar müəssisələrdə mövcud vəziyyətlə bağlı həkim-mütəxəssislərə ciddi ehtiyac olduğu nəzərə alınaraq iddiaçının qulluq keçməsinə xitam verilməsi barədə etdiyi müraciətinə “məsələyə hazırda baxılmasının mümkün olmadığı” məzmunlu cavab verilmiş, lakin o, qanunvericiliyin tələblərini və onunla bağlanılmış müqavilə şərtlərini, o cümlədən üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq xəstə məhkumlara kömək etməyə borclu olduğu halda işə gəlməyərək digər əməkdaşların işini çətinləşdirmiş, iş yükünün artmasına və ümumilikdə qurumda iş ahənginin pozulmasına səbəb olmuşdur. Əmək intizamını və etik davranış qaydalarının tələblərini pozduğuna görə 22 may 2023-cü il tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. Lakin o, intizam tənbehindən lazımi nəticə çıxarmayaraq qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməmiş və xidməti intizamı kobud və mütəmadi pozduğuna görə 3 avqust 2023-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. - İddiaçı qulluğa qəbul edilərkən ilk dövrdə özünü müsbət tərəfdən göstərmişdir. Lakin sonradan xidməti intizamsızlığa başlamış, iş yerinə gəlməmiş, üzərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmışdır. - İddiaçının hərbi və şəxsi işindən görünür ki, o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamışdır və həqiqi hərbi xidmətdə hesab olunduğu üçün və onun həqiqi hərbi xidmət müddəti 10 ildən az olduğundan və ehtiyata buraxılması üçün əsaslar mövcud olmadığından ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına geri qaytarılmışdır. - İddiaçının Azərbaycan Tibb Universitetinə daxil olduğu 2014-cü ildə keçid balı təxminən ödənişsiz 600-dən, ödənişli 450-dən yuxarı olduğu halda o, fakültəyə 440 balla qəbul olunaraq ödənişsiz əsaslarla təhsil almışdır. Həmin dövrdə isə təhsil haqqı 3.000 manat təşkil etmişdir. Qeyd olunanlara baxmayaraq o, əsassız iddialar qaldırmaqla dövlət tərəfindən onun təhsili üçün çəkilən xərcləri və güzəştləri də heçə saymış olur. Nəzərə alınmalıdır ki, hərbi tibb fakültəsi hərbi qulluqçu hazırladığından və kursantların həqiqi hərbi xidmətində hesab edildiyi üçün iddiaçı müddətli həqiqi xidmət keçməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edilir ki, iddiaçının hərəkətləri dövlətin yaratdığı imkanlardan sui-istifadə edərək ədalətsiz qaydada tibb təhsili almaq üçün güzəştdən istifadə etmək, habelə müddətli hərbi xidmətdən və zabitlərin həqiqi hərbi xidmətindən yayınmaqdır. Qanunvericiliyə əsasən bu kimi mübahisələrə dair iddia müddətinin buraxılıbburaxılmadığı iddiaçının üzərinə düşür və məhkəmənin səlahiyyətinə aiddir.
19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 74, 80, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 34.3, 41.0.9, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 40.3, 77, 84, 156-cı maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə (§17, 18) uyğun izahat verərək, mübahisələndirilən əmrin əsassız olduğunu, onunla eyni statusda olan şəxslərə fərqli qərar verilməsini qeyd etmişdir. Sadəcə olaraq əmək müqaviləsinin bağlanmasını, ona xitam verilməsi üçün müraciət edilməsini, cavabdeh tərəfdən isə imtina verilməsini bildirmişdir. Fasiləsiz 10 il işləməsini əsassız hesab edir. Digər əməkdaşların bəzilərinin 10 il iş stajı tamam olmamış ərizələrə müsbət cavab verilmiş, öz istəkləri olmadan Müdafiə Nazirliyinə qaytarılmışdırlar. Bildirmişdir ki, tibb fakültəsini bitirdikdən sonra Ədliyyə Nazirliyinin tərkibinə verilmiş, əmək müqaviləsi bağladıqdan sonra iş fəaliyyətinə başlamışdırlar. Müraciət edərək əmək müqaviləsinə xitam verilməsini istəyən zaman imtina cavabı vermişdir. İyul ayında yenidən müraciət edilmişdir. Avqust ayının 3-ü əmək müqavilələrinə xitam verilərək, Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdirlər. Qrup yoldaşlarına eyni cavab verilmişdir. 2 ay müddətdən sonra əmək müqaviləsinə xitam verilmişdir, lakin Müdafiə Nazirliyinin sərəncamına geri qaytarılmamışdır. 5 nəfər müraciət edəndə bəzilərinə öz arzularına əsasən xitam verdiklərini yazaraq, Müdafiə Nazirliyinin sərəncamına verilmiş, daha sonra yenidən Ədliyyə Nazirliyinin sərəncamına qaytarılmışdırlar. Müdafiə Nazirliyinin sərəncamına qaytarılma onların öz arzuları ilə ola bilər. Əmri mübahisələndirmək üçün məhkəməyə müraciət etmişdirlər. Onlardan sonra müraciət edən digər şəxslərin sənədləri 10-15 gün əvvəl Ədliyyə Nazirliyinə qaytarılmışdır. Həmin şəxslər müraciət edərkən, “öz arzusu ilə” ilə xitam edilmiş sayılmışdırlar. Eyni zamanda, suallara cavab olaraq bildirmişdir ki, əmək müqaviləsi ilə tərəfindən öhdəlik götürülmüşdür, oxşar yerlərdə təcrübi məşğələlərdə olmuş, işdən çıxmaq səbəbi ailə vəziyyəti olmuşdur, iş zamanı keçirilən stressi ailəsinə təsir göstərir. Psixoloji dəyişikliyə görə həkimə müraciət etməmişdir. Qeyd etmişdir ki, təhsil imkanlarının məhdudluğuna görə işdən çıxmaq, təhsilinə xaricdə davam etdirmək və mülki sahədə ixtisaslaşmaq istəyir. Təhsil dövründə 4 il normal, 2 il təcrübə keçmişdir, 6-cı kurs zamanı müharibədə iştirak etmiş, 3-cü kursdan Ədliyyə Nazirliyinin 14 günlük ixtisaslaşmış kursuna göndərilmişdir. Hazırda sərbəst əmək fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
26. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X1 etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilənlərə münasibətdə bildirmişdir ki, iddiaçı və digər şəxslər heç bir əsas gətirmədən işləmək istəmədiklərini demişdirlər. Orqanın təşəbbüsü ilə hazırlanmışdırlar, həmin şəxslər bu cür şəraitdə işləyəcəklərini bilərəkdən gəlmişdirlər. İddiaçı həm əmrin, həm də əmək müqaviləsinin ləğv olunmasını istəmişdir, lakin əmrin ləğv olunması iddiaçıya hər hansı hüquq vermir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
27. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
28. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq
31. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun:
Maddə 34. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri ... 34.3. Hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Zabitlər xidmətlərini davam etdirmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən beynəlxalq təşkilatlara ezam oluna bilərlər.
Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma ... 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; ...
32. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
77. Hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir: (-) Zabit heyətindən olan şəxslərin hərbi komissarlıqlarda, mülki təhsil müəssisələrinin hərbi kafedralarında (şöbələrində, bölmələrində) vəzifələrə təyin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (-) j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər.
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması ... 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
33. İPM-inmüvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: ... 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; ... 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; ...
74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü
İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
35. Yuxarıda sadalanmış normaların məzmunundan da aydın olur ki, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldə etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldə edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqanın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.
36. İddiaçı tərəfin mövqeyinə görə “Əmək kitabçası”nda onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14 sentyabr 2021-ci il tarixli, 427-K nömrəli Əmri ilə Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunaraq, müalicə müəssisənin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu vəzifəsinə müsahibədən kənar təyin edilməsi, 3 avqust 2023cü il tarixli, 401-K nömrəli Əmri ilə ədliyyə orqanlarından xaric edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılması qeyd olunmuşdur. Barəsində aparılmış inzibati icraata dair olan materiallardan görünür ki, 3 avqust 2023-cü il tarixli, 401- K nömrəli Əmrə əsasən, qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməyərək xidməti intizamı kobud və mütəmadi pozduqlarına görə iddiaçının ədliyyə orqanlarından xaric edilməsi əmr edilmişdir. İddiaçı tərəfindən verilmiş izahatda bildirilmişdir ki, o, müqavilənin “öz arzusu ilə” xitam verilməsini cavabdeh orqandan xahiş etmiş, lakin cavabdeh bu halı əmək intizamını və etik davranış qaydalarının tələblərinin pozulması kimi qəbul edərək, ədliyyə orqanlardan xaric etmişdir. Eyni zamanda, digər zabitlər tərəfindən müqavilələrinə “öz arsuzu ilə” xitam verilməsini bildirmiş, bunu sübut edən sənədləri məhkəməyə təqdim etmişdir.
37. Cavabdeh tərəfin etirazı isə ondan ibarətdir ki, iddiaçı xidməti intizamsızlığa başlamış, iş yerinə gəlməmiş, üzərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmışdır, bu səbəbdən də o, mübahisələndirilən əmr ilə ədliyyə orqanlarından xaric edilmişdir.
38. Görünüdyü kimi tərəflərin mübahisələndirilən əmrə dair mövqeyi bir-birinə ziddiyyət təşkil edir.
39. İddiaçı mübahisə predmeti olan əmri cavabdeh tərəfindən ərizəyə cavab olaraq verilmiş məktubu (§2) ilə əlaqələndirmişdir.
40. Bu səbəbdən də, ilk öncə məhkəmə qeyd olunmuş cavabdeh tərəfindən ərizəyə cavab olaraq verilmiş məktub (§2) ilə 3 avqust 2023-cü il tarixli əmrinin əlaqəsinin olubolmamasının müəyyən edilməsini zəruri hesab edir.
41. Məktubun məzmununa görə iddiaçı, imtiyazlı qaydada dövlət sifarişi əsasında gələcəkdə penitensiar müəssisələrdə işləmək üçün Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olmuşdur və 2021-ci ildə buranı bitirərək Müdafiə Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin sərəncamına ezam olunmuşdur. Həmin ilin sentyabr ayında ədliyyə orqanlarına qulluğa qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanılaraq üzərinə ədliyyə orqanlarında 10 təqvim ili müddətində işləmək öhdəliyi götürmüşdür. Yuxarıda qeyd olunanlar və mövcud qanunvericilik nəzərə alınaraq, tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilməsi barədə müraciətinə hazırda baxılması imkan xaricindədir.
42. Məktubda bağlanmış əmək müqaviləsinin müddəti əsas götürülərək iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi barədə müraciətinə hazırda baxılması imkan xaricində olması bildirilmişdir.
43. Mübahisələndirilən əmrdə müalicə müəssisənin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu tibb xidməti leytenantı olan iddiaçı və əmrdə qeyd olunmuş digər şəxslərin ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılması əmr edilmişdir.
44. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş inzibati icraat materiallarından müəyyən olunur ki, əmək intizamını və etik davranış qaydalarının tələblərini pozaraq fəaliyyətində nöqsana yol verdiyinə görə iddiaçıya şiddətli töhmət verilməsi əmr edilmişdir.
45. Cavabdehin etirazından müəyyən edildiyi kimi, iddiaçı onun müraciətinə əsasən deyil, xidməti intizamsızlığa görə vəzifəsindən xaric edilmişdir.
46. İddiaçı da öz izahatında vəzifəsinin çətin olduğunu, mülki işdə çalışmaq istədiyini bildirmiş, iş yerinə gəlməməsini, vəzifələrini yerinə yetirməməsini mübahisələndirməmişdir. Yəni, iddiaçı tərəfindən kobud nizam-intizamın pozulması işin mübahisəsiz halıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının bağlanmış müqaviləsinə xitam verilməsinə dair müraciəti, cavabdeh orqanın cavab məktubu ilə iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə əmri ilə əlaqəli deyildir, məktub əmək intizamının pozulması (davamiyyət) üçün əsas kimi götürülə bilməz.
47. İddia ərizəsində əmək müqaviləsinin “ədliyyə orqanlarında 10 təqvim ili müddətində fasiləsiz işləməyi” dəlilinə münasibətdə məhkəmə aşağıdakıları bildirir.
48. Belə ki, iddiaçı müqavilənin qeyd olunan bəndini icbari əmək kimi qiymətləndirmişdir.
49. İlk növbədə qeyd olunmalıdır ki, hazırki mübahisə predmeti əmək müqaviləsinin “ədliyyə orqanlarında 10 təqvim ili müddətində fasiləsiz işləməyi” bəndinin mübahisələndirilməsi ilə bağlı deyildir, bu səbəbdən məhkəmə predmetini təşkil etmir. Hazırkı mübahisə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 avqust 2023-cü il tarixli, 401-K nömrəli Əmri”nin ləğv edilməsi ilə bağlıdır.
50. Əlavə olaraq məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilə inzibati xidmət müqaviləsidir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir...”.
52. İnzibati xidmət müqaviləsi barədə hüquq elmində aparılmış tədqiqatın nəticələrinə dair materiallarda göstərilmişdir ki, ictimai xidmət inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) tərəfindən və ya onların verdiyi səlahiyyət əsasında və nəzarəti altında fiziki və ya hüquqi şəxslər tərəfindən ictimai mənafenin təmin edilməsinə yönələn fəaliyyətdir. Üç halda müqavilənin predmetinin ictimai xidmətlərin icra edilməsi ilə bağlı olduğu qəbul edilir: müqavilənin tərəflərindən biri inzibati orqan olmalıdır; müqavilənin predmeti ictimai xidmətin icra edilməsi ilə bağlı olmalıdır; müqavilədə xüsusi hüququ aşan (xüsusi hüququn prinsipləri ilə uzlaşmayan) müddəalar əks olunmalıdır. Hər hansı bir fiziki şəxs ictimai xidmətlərin icra edilməsində iştirak etdikdə. Bu hal onunla bağlıdır ki, əgər müqavilə hər hansı bir şəxsin ictimai xidmətlərin icra edilməsində iştirakını nəzərdə tutursa, demək, söhbət inzibati müqavilədən gedir. Bununla qeyd olunurr ki, ictimai xidmətlərin icrasını həyata keçirən orqanda işə müqavilə (xidmət müqaviləsi) əsasında qəbul olunan və dövlət məmuru olmayan şəxsin yerinə yetirdiyi işin xüsusiyyətlərindən asılı olmayaraq həmin müqavilə inzibati xarakterlidir.
53. Cavabdeh orqanın etirazında və səlahiyyətli nümayəndəsinin izahatında əsaslı olaraq qeyd edildiyi kimi, iddiaçının təyin edildiyi vəzifəsi ictimai əhəmiyyət kəsb edir, ictimai mənafenin təmin edilməsinə yönəldilmiş fəaliyyətdir. Bu səbəbdən də inzibati xidmətə təyin olunmuş şəxslər vəzifələrinin lazımi şəkildə icrasını və ictimai ehtiyacların ödənilməsini təmin etməlidirər, öhdəliklərinə daha məsuliyyətli yanaşmalıdırlar. Eyni zamanda qeyd edilməlidir ki, həmin şəxslər daha yüngül şərtlərlə təhsil müəssisələrinə dövlət hesabına qəbul edilmiş, dövlət tərəfindən yaradılmış yüksək şəraitdə və güzəştlərlə təhsil alırlar, həqiqi hərbi xidmətdən keçmirlər.
54. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
55. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova