Məhkəmə qərarları › İş №2-1(118)-1918/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1918/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1918/2024 02.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Novxanı kənd X4 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 38.2 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Novxanı kənd X4 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 38.2 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi Abşeron rayon Novxanı kənd X4 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 38,2 nömrəli qərarı ilə iddiaçıya ayrılmışdır. Torpaq sahəsi ayrılan tarixdən bu günə qədər iddiaçının sahiblik və istifadəsindədir. Torpaq sahəsinə dair torpaq vergisi vaxtı-vaxtında ödənilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayon Novxanı kənd X4 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 38.2 nömrəli qərarı ilə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-S- 0118-8/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə qaydasında qərar qəbul edilməlidir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon Novxanı kənd XDS İK-nin 22 sentyabr 1989-cu il tarixli, 38.2 saylı qərarından çıxarışla İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, adıçəkilən qərardan çıxarışla həmin qərarın arxiv arayışı arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, hüquq sahibinin soyadının dəyişdirilməsinə dair hər hansısa sənədin müraciət ərizəsinə daxil edilmədiyi müəyyən olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. İddiaçınını nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 33.2 nömrəli qərarından çıxarışdan görünür ki, adları qeyd olunmuş sovxoz fəhlələrinə (8.X3) fərdi mənzil tikmək üçün sovxozun əkin sahəsinə yararsız torpaq sahəsindən hər birinə 0,08 ha ayrılıb verilməsi və həmin sahədə 60 kvm-dən ibarət 3 otaqlı fərdi yaşayış evi tikməsinə icazə verilməsi qərara alınmışdır. - Abşeron rayon Novxanı bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. - İİİ-ЖГ 465142 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 rəsmi nikaha daxil olmuşdur. - AZ-İİ 270364 nömrəli ölüm haqqında şəhadətnamədən görüünr ki, X5 xx.xx.2022-i il tarixdə vəfat etmişdir. - İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi üzərində 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Yerquruluşu planında göstərilmiş koordinatlar uyğundur. İşə tikilmiş texniki pasport faktiki baş plan işlənmiş yerə deyil, vətəndaşı bildirdiyinə görə başqa sahənin sənədidir. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 33.2 nömrəli qərarından və Novxanı üzümçülük sovxozunun xx.xx.1989-cu il tarixli 79 nömrəli qərarından Səmədova (Mahmudova) Dilarə Kamal qızının adına olan arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Novxanı üzümüçlük sovxozunun xx.xx.1989-cu il tarixli 92 nömrəli əmrində Səmədova (Mahmudova) Dilarə Kamal qızının adı aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair çıxarışların verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi sxemdə göstərilmişdir. Abşeron rayon X1 planından çıxarışda göstərilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin Abşeron rayon X1 planından çıxarışda göstərilən koordinatlar iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının bir hissəsi ilə üst-üstə düşür.(Sxemdə göstərilmişdir). Abşeron Rayon X1 planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0.0005 ha hissəsi digər şəxsin faktiki istifadəsində olan fərdi yaşayış evi ilə üst-üstə düşür. Abşeron Rayon X1 planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşmir. Elektron məlumat bazasına əsasən Abşeron Rayon X1 planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (meşə zolağı) torpaqlara aiddir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, aparılmış araşdırmaya əsasən mübahisə predmeti olan torpaq sahəsinin elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən bonitet bal, 19 bal olmaqla kənd təsərrüfatına yararsız,TEKUİS məlumatlarına əsasən tikinti altında olan torpaqlara aid olduğu müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2, 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncama ayrıc aktının və ya ilkin baş planın əlavə edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Belə ki, torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Novxanı üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 93 №-li əmrinə əsasən Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 27.2 nömrəli qərarı əsasında ayrılmışdır. Torpaq sahəsinın sərhədləri bəllidir, həmin vaxtdan hazıradək iddiaçının istifadəsindədir. Mövcud məhkəmə praktikasına uyğun olaraq qeyd etmək olar ki, 1990-cı illərdə ayrılmış torpaq sahələrinin əksəriyyətinə münasibətdə ayrıc aktı və ya sxem cizgi əlavə edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Məhkəmə cavabdehin torpaq sahəsinin kateqoriyasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ilkin torpaqayırma sənədlərindən başlayaraq bütün sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı və kateqoriyasının kənd təsərrüfatına yararsız sahə olması qeyd edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.https://e-qanun.az/framework/46942 -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararsız torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı onun torpaq sahəsi ilə qonşuluqda yerləşən bir neçə torpaq sahəsinin mülkiyyət hüququnun təsdiq edən çıxarışları məhkəməyə təqdim etmişdir. Həmin çıxarışlardan görünür ki, qonşuluqda yerləşən torpaq sahələrinin kateqoriyaları “yaşayış məntəqələri torpaqları” kimi qeyd edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. İddiaçının soyadı ilə balı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı qızlıq soyadı “Mahmudova” olmuş, o, xx.xx.1985-ci il tarixdə X5 ilə nikaha daxil olduqdan sonra ərinin soyadınə qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Novxanı kənd X4 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 38.2 nömrəli qərarı ilə ayrılmış Abşeron rayon, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində İddiaçı faktiki istifadə vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Novxanı kənd X4 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 38.2 nömrəli qərarı ilə ayrılmış Abşeron rayon, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində İddiaçı faktiki istifadə vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar