Məhkəmə qərarları › İş №2-1(118)-1919/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1919/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1919/2025 31.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 AZ İİ 357135 saylı ölüm haqqında şəhadətnaməsində soyadının “Şirinova”dan “Əliyeva”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin ərazi aidiyyəti ilə bağlı müzakirə aparılması üçün tərəflər məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilərək izah edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-ci maddəsinə əsasən iş Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, ərazi aidiyyəti ilə bağlı xüsusi qayda İPM-in 8.1.1-8.1.3-1-ci maddələrdə nəzərdə tutulmuşdur. Qeyd edilən normaların təsir dairəsinə düşmədiyi hallarda iddia tələbi üzrə ərazi aidiyyəti ümumi qaydaya görə müəyyən olunur, yəni iddia tələbinə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM-in 8.1.4-cü maddəsi). Hazırkı işdən müəyyən olunur ki, iddia tələbi üzrə mübahisə ərazi aidiyyətinin qeyd edilən xüsusi qaydalarına, yəni İPM-in 8.1.1-8.1.3-1-ci maddələrində göstərilən iddialara aid deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 AZ İİ 357135 saylı ölüm haqqında şəhadətnaməsində soyadının “Şirinova”dan “Əliyeva”ya dəyişdirilməsini istəyir. İddiaçının cavabdeh qismində qeyd etdiyi orqan-Cəbrayıl rayon Qeydiyyat şöbəsi Biləsuvar rayonu ərazisində yerləşir. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Şirvan İnzibati Məhkəməsidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Cavabdehin yerləşdiyi yer Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan hazırkı mübahisəyə baxmağa Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. Məhkəmə hazırkı mübahisəyə baxmaq səlahiyyəti olan məhkəmənin Şirvan İnzibati Məhkəməsi olmasını nəzərə alaraq hesab edir ki, iddianın mümkünlüyü, iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən formal xətaların aradan qaldırılması, uyğun iddia növünün seçilməsi və s. digər məsələlər üzrə iddiaçıya hüquqi yardımın edilməsi, həmçinin mümkünlük məsələsinin həll edilməsi işə baxmağa səlahiyyətli olan Şirvan İnzibati Məhkəməsi tərəfindən edilə bilər. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün ərazi aidiyyəti qaydalarına uyğun olaraq Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 AZ İİ 357135 saylı ölüm haqqında şəhadətnaməsində soyadının “Şirinova”dan “Əliyeva”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu vaxtdan (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar