Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1920/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona məxsus Qusar rayonu, Əniğ kəndində yerləşən 10,3523 ha torpaq sahəsinin üzərində onun tərəfindən inşa edilmiş əmlak kompleksinə dair mövcud vəziyyətdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin müvafiq çıxarışlarına əsasən Qusar rayonu, Əniğ kəndi ərazisində yerləşən iddiaçıya məxsus 10,3523 ha sənaye təyinatlı torpaq sahəsinin üzərində biznes fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istirahət kompleksi tikmişdir. Əmlak kompleksi Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə tam uyğun formada, bütün sənədləşdirmə şərtlərinə riayət edilməklə tikilmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdə bu fakt öz əksini tapır. İstirahət kompleksinin tikintisi başa çatdıqdan sonra, 04.05.2022-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edilərək sözügedən əmlak kompleksinin dövlət reyestrində qeydiyyata alınması xahiş etmiş, lakin cavabdeh təşkilat heç bir tutarlı əsas gətirmədən əmlak kompleksinin rəsmiləşdirməkdən imtina etmişdir. Beləliklə, cavabdeh tərəfindən müraciətləri əsassız olaraq təmin edilmədiyi səbəbindən hüquqlarının məhkəmə vasitəsi ilə təmin edilməsinə zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, İddiaçı səlahiyyətli nümayəndəsi X2 rayonu Əniğ kəndi ərazisində yerləşən əmlak kompleksii üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 04.05.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə 04.05.2022-ci il tarixli, **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş əmlak kompleksinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizdə qeyd olunan qeyri-yaşayış binasına dair Qusar rayon İcra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsi barədə qərarı, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri- yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 8.0.10 maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə bildirilir ki, ərizənizə əlavə olunmuş 1.70 ha torpaq sahəsinə dair **********80 reyestr nömrəli çıxarış dövlət mülkiyyəti olduğu üçün digər mülkiyyətinizdə olan torpaq sahələri ilə birləşməsi və vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi mümkün deyildir”. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsininin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubu, etirazı, əmlak kompleksinə dair plan və ölçünün surəti, FHN Tikintidə X3 Agentliyinin 12.11.2019-cu il tarixli, 1028 nömrəli rəyi, 16716 nömrəli, 07.10.2013-cü il tarixli rəyi, FHN Tikintidə X3 Agentliyinin istismara hazırlıq Ö/003380 saylı aktı, FHN Yanğın Nəzarətinin 12.03.2013-cu il tarixli, 0300 nömrəli rəyi, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 06.11.2020-ci il tarixli, 07Q nömrəli obyektin tikintisinə icazənin surəti, Qusar Rayon İcra Hakimiyyəti başçısının 02.12.2014-cu il tarixli, 74 nömrəli Sərəncamın surəti, Daşınmaz əmlaklara-torpaq sahələrinə dair verilmiş çıxarışların surəti (**********08, **********66, **********22, **********56, **********08, **********99, **********99, **********80, **********69, **********68 reyestr nömrələri ilə qeyd olunmuşdur) və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan əmlak kompleksinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 05.05.2022-ci il tarixli **********60 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Qusar rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qusar rayonu, Əniğ kəndi ərazisində, xüsusi mülkiyyətində və sahibliyində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 10.3523 ha torpaq sahəsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən 05.05.2022-ci il tarixli **********60 nömrəsi ilə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqdan imtina edilmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə mənfi cavabın verilməsinə əsas kimi: 1) inşa edilmiş qeyri-yaşayış binalarının hüquqmüəyyənedici sənədlərinin tam təqdim edilməməsi, Qusar Rayon İcra Hakimiyyəti baçısının tikintiyə icazə verilməsi barədə qərarı, tikinti oblentinin istismarına icazə sənədinin təqdim edilməməsi 2) təqdim edilmiş **********80 reyestr nömrəli çıxarışın dövlət mülkiyyəti olduğu üçün digər mülkiyyətdə olan torpaq sahələri ilə birləşməsi və vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın verilməsinin mümkün olmaması olmuşdur. Buna görə də inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş əmlak kompleksinə dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və Qusar rayonu, Əniğ kəndi ərazisində yerləşən əmlak kompleksinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilatın etiraz ərizəsində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) inşa edilmiş qeyri-yaşayış binalarının hüquqmüəyyənedici sənədlərinin tam təqdim edilməməsi, Qusar Rayon İcra Hakimiyyəti baçısının tikintiyə icazə verilməsi barədə qərarı, tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməməsi 2) təqdim edilmiş **********80 reyestr nömrəli çıxarışda qeyd olunan 1,70 ha torpaq sahəsinin dövlət mülkiyyəti olduğu üçün digər mülkiyyətdə olan torpaq sahəsləri ilə birləşməsi və vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın verilməsinin mümkün olmaması Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar Rayon İcra Hakimiyyətinin 02 dekabr 2014-cü il tarixli 74 saylı Sərəncamı əsasında Qusar rayonu Əniğ kəndi ərazisində istrahət kompleksinin tikintisinə icazə verilmiş və həmin icazə sənədinin əsasında 2012-ci ildə Əniq kəndi ərazisində istrahət kompleksi inşa edilmişdir. 2012-ci ildə inşa edilmiş tikililərin istismara qəbul edilməsi birbaşa rayon icra hakimiyyətinin səlahiyyətində olduğundan rayon ərazisində mövcud tikililərin istismara qəbulu rayon icra hakimiyyətinin nəznində fəaliyyət göstərən komissiya tərəfindən həyata keçirilirdi. 28 oktyabr 2019-cu ildə Qusar Rayonu İcra Hakimiyyəti Başçısı 4-904 saylı məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edərək həmin istrahət mərkəzinin ərazisində yeni inşa edilmiş 2 mərtəbəli restoran binasının möhkəmlik və dayanıqlıq tələblərinə cavab verib-verməməsi ilə bağlı müraciət etmiş və FHN-nin 12 noyabr 2019-cu il tarixli 1028 saylı texniki müayinə rəyinə əsasən 2 mərtəbəli restoran binasının yükdaşıyan konstruksiyaları yararlıq və möhkəmlik baxımından istismara yararlı hesab edilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin həmin restoranla bağlı FHN-nə etdiyi 28 oktyabr 2019-cu il tarixli müraciəti 2012-ci ildə inşa edilmiş istrahət mərkəzinin istismara qəbul etməsinə dəlalət edir. Əks təqdirdə Qusar Rayon İcra Hakimiyyəti FHN-nə yeni inşa edilmiş restoran binası ilə bağlı müraciət etməzdi. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi ilə razılaşdırmaqla və qeyri-yaşayış binasının (restoranın) eskiz layihəsini tərtib etmiş “Azərdövlətsənayelayihə” DLİ birgə imzaladıqları ö/003380 saylı İstismara hazırlıq aktında, o cümlədən Qusar Rayon İcra Hakimiyyətinin 74 saylı 02 dekabr 2014-cü il tarixli “Tikinti obyektinin istismarına icazə”də qeyri-yaşayış binasının tikilib istismara verilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydasının 5.1-ci bəndinə əsasən tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarəti Tikinti və Şəhərsalma Məcəlləsinin 97-ci maddəsinə əsasən “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Qaydanın 7.1-ci bəndinə əsasən yeni tikinti obyektinin inşasını (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşasını) nəzərdə tutan tikintiyə icazənin verildiyi gündən 5 (beş) iş günümüddətində bu icazəni vermiş orqan obyektin tikintisinə icazənin (tikintiyə icazənin) surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini və tikinti obyektinin sifarişçisi barədə məlumatları, tikintisinə icazə tələb olunan tikinti obyektinin istismarına icazə verildiyi gündən, 5 (beş) iş günü müddətində isə icazənin (tikinti obyektinin istismarına icazənin) surətini daşınmaz əmlakın dövlət reyestrini aparan orqana kağız və ya elektron formada göndərir. Həmin Qaydanın 7.3-cü bəndinə əsasən Bu Qaydanın 7.1-ci bəndinə əsasən göndərilən sənədləri daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tikinti obyekti üzərində hüquq sahibindən təkrar tələb edə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi 10,3523 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir və həmin tikililərin qeydə alınmasından imtina üçün cavabdeh təşkilatın gətirdiyi arqument, yəni tikililərin bir qisminin dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşməsi iddiaçının tələbinin təmin edilməməsi üçün əsas sayıla bilməz. Belə ki, Tikinti və Şəhərsalma Məcəlləsinin 75.3.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin müvaifiq icra hakimiyyətinə təqdim edilməsi həmin torpaq sahəsi üzərində yerləşən tikiliyə icazə verilməsi üçün əsas hesab edilir. İş materillarının araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi etirazında göstərdiyi 1.70 ha torpaq sahəsi Qusar Rayon İcra Hakimiyyətinin 10.06.2021-ci il tarixli 19 saylı sərəncamına və 10.06.2021-ci il tarixli icarə müqaviləsinə əsasən 10.06.2070-ci ilə qədər İddiaçı icarəsinə verilmişdir. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı İbahim oğluna 1.70 ha torpaq sahəsi üzərində verilən tikiliyə icazə sənədi qanunidir. Ona görə də məhkəmə hesab edir ki, iddianın təmin edilməməsi üçün cavabdeh təşkilatın gətirdiyi arqument əsassız olduğundan iddiaçının tələbi təmin edilməlidir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 19.1-ci maddəsinə görə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə halına gətirən hər hansı bir dəlil cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən əmlak kompleksinin inşası müvafiq icra hakimiyyəti orqanlarının verdiyi qanuni tələblərə cavab verən razılığı əsasıda həyata keçirilib və FHN tərəfindən möhürlə təsdiqlənmiş istismara hazırlıq aktı tərtib edilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Qusar rayonu, Əniğ kəndində yerləşən 10,3523 ha torpaq sahəsinin üzərində iddiaçı tərəfindən inşa edilmiş əmlak kompleksinə dair mövcud vəziyyətdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1920/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1920/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver