Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1921/2024 01.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X10 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən X5 adına verilmiş **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixində **********560 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin qətnaməsi ilə torpaq sahəsinin ona təhvil verilməsi, 28518 manat məbləğində təzminatın ondan tutulub X4 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon İcra Şöbəsinin təqdimatı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən **********560 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Cavad və 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fizuli İsayev əlbir olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsini qanunsuz olaraq tələbkar X2 adına özgəninkiləşdirmişlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən tələbin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsinə yönəldilməsi həmin torpaq sahəsinin tələbkarın mülkiyyətinə verilməsini özündə ehtiva etmir. Əksinə həmin 0.06 ha torpaq sahəsi hərraca yönəldilməli, torpaq sahəsinə qanunvericiliyin tələbinə uyğun olaraq qiymət qoyulmalı, torpaq sahəsi hərracdan satıldıqdan sonra borclu olduğu pul məbləği tələbkara verilməli, qalan məbləğ isə ona qaytarılmalı idi. Abşeron rayon icra Şöbəsi isə torpaq sahəsinin dəyərini dəfələrlə aşağı qiymətə hesablayaraq 0.06 ha torpaq sahəsinin birbaşa tələbkarın mülkiyyətinə verilməsi ilə bağlı məktubla 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi də öz növbəsində qanunsuzluğa yol verərək qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi üzərində xx.xx.2017-ci il tarixdə **********65 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində birbaşa X3 mülkiyyət hüququnu qeydiyyata almışdır. Abşeron rayon icra Şöbəsinin məktubunda "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə istinad edilmişdir. Lakin qeyd olunan maddə mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab oluna bilməz. Hüquqların qeydiyyatı üçün əsaslar tam olaraq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq icra məmuru Cavad və 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fizuli İsayev əlbir olaraq cinayət törədərək mülkiyyət hüququndan iddiaçını məhrum etmişlər. Onların cinayət iş birliyi bununla başa çatmamışdır. 0.06 ha torpaq sahəsi əlindən alındıqdan sonra Abşeron rayon İcra Şöbəsi təqdimatla Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2017-ci il tarixli 8(012)-851/2017 saylı qərardadına əsasən mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmalaka yönəldilməsi qət olunmuşdur. Yenə də "İcra Haqqında" AR Qanununun 53.1-ci maddəsini əsas gətirərək guya ki həbs qoyulmuş əmlak tələbkar X4 təklif olunmuş, tələbkar isə həmin torpaq sahəsini qəbul etmiş, əlbəttə qəbul edəcək, əgər torpaq sahəsi ona su qiymətinə verilirsə, mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha hissəsi üzərində mülkiyyət hüququ tələbkarın mülkiyyətində olan (yəni qanunsuz olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi) 0.06 ha torpaq sahəsinə birləşdirilərək 0.10 ha torpaq sahəsi kimi **********22 reyestr nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. Dəfələrlə Abşeron rayon icra və Probasiya Şöbəsinə müraciət edərək hansı əsaslarla mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin X2 adına özgəninkiləşdırildiyi barədə məlumat almaq istəsə də ona bununla bağlı heç-bir məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi Abşeron rayon İcra və Probasiya Şöbəsi dəfələrlə yalan məlumat vermişlər. Ümumiyyətlə borcun ödənilməsi ilə bağlı ona məlumat verilməmiş, borcun ödənilməsindən imtina etməmiş, bu səbəblərdən də borcun əmlaka yönəldilməsinə ehtiyac olmamışdır. İcra məmuru onun xəbəri olmadan Abşeron Rayon Məhkəməsinə təqdimatlarla müraciətlər etmiş, xəbəri olmadan torpaq sahəsi başqa şəxsə verilmişdir. Bildirir ki, onun X4 ödəməli olduğu təzminat 28518 manat olmuşdur. 28518 manat müqabilində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi tələbkara verilmişdir. Sonra isə X5 həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli, 4Ə-935 reyestr nömrəli alqı-satqı müqaviləsində qeyd olunana əsasən 10000 manata X1. Polis idarəsində verdiyi izahatda X5 torpaq sahəsini 35000 manata satdığını bildirmiş, X11 isə bu torpaq sahəsini 125000 (yüz iyirmi beş min) manata aldığını bildirmişdir. İddiaçının torpaq sahəsi hal-hazırda X6 mülkiyyətindədir. Göründüyü kimi onun torpaq sahəsi qanunsuz olaraq ən azı 100000 (yüz min) manat ucuz qiymətə əlindən alınmışdır. Nə icra məmuru, nə də ki 4 saylı Abşeron Ərazi İdarəsinin keçmiş rəisi bunu rüşvət almasaydılar etməzdilər təbii ki. Ən maraqlısı isə odur ki, eyni torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən iki fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. X6 adına **********22 reyestr nömrəli, iddiaçının adına **********560 reyestr nömrəli çıxarış verilmiş və hal-hazırda qüvvədədir. Bütün qeyd olunanları əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən X5 adına verilmiş **********65 və **********22 reyestr nömrəli, X6 adına verilmiş **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh orqan tərəfindən ərizənin icrasından imtina edilmiş, imtina üçün əsas kimi «Daşınmaz əmlakın dövlət reyestri» haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi göstərilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məlumat üçün bildirir ki, xx.xx.2018-ci il tarixli, 4Ə-935 reyestr nömrəli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən X6 adına verilmiş **********22 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalı, mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3.-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xususı əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün hesab edilməməlidir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən X5 adına verilmiş **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsini istəyir. İddiaçı qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən **********560 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Cavad və 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fizuli İsayev əlbir olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsini qanunsuz olaraq tələbkar X2 adına özgəninkiləşdirmişlər. 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi üzərində xx.xx.2017-ci il tarixdə **********65 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində birbaşa X3 mülkiyyət hüququnu qeydiyyata almışdır. 0.06 ha torpaq sahəsi əlindən alındıqdan sonra Abşeron rayon İcra Şöbəsi təqdimatla Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2017-ci il tarixli 8(012)-851/2017 saylı qərardadına əsasən mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha hissəsi üzərində mülkiyyət hüququ tələbkarın mülkiyyətində olan (yəni qanunsuz olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi) 0.06 ha torpaq sahəsinə birləşdirilərək 0.10 ha torpaq sahəsi kimi **********22 reyestr nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. İddiaçı eyni zamanda qeyd edir ki, dəfələrlə Abşeron rayon icra və Probasiya Şöbəsinə müraciət edərək hansı əsaslarla mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin X2 adına özgəninkiləşdırildiyi barədə məlumat almaq istəsə də ona bununla bağlı heç-bir məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi Abşeron rayon İcra və Probasiya Şöbəsi dəfələrlə yalan məlumat vermişlər. Ümumiyyətlə borcun ödənilməsi ilə bağlı ona məlumat verilməmiş, borcun ödənilməsindən imtina etməmiş, bu səbəblərdən də borcun əmlaka yönəldilməsinə ehtiyac olmamışdır. İcra məmuru onun xəbəri olmadan Abşeron Rayon Məhkəməsinə təqdimatlarla müraciətlər etmiş, xəbəri olmadan torpaq sahəsi başqa şəxsə verilmişdir. Göründüyü kimi mübahisənin yaranması məhkəmə qərarının icrası zamanı meydana gəlmişdir, iddiaçı ilkin olaraq icra məmurunun məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən narazıdır. Qanunvericiliyə əsasən məhkəmə qərarının icrasına isə həmin qərarı vermiş məhkəmə nəzarət edir. Mübahisələndirilən mülkiyyət qeydiyyatlarının verilməsinə əsas olmuş sənədlər cavabdeh inzibati orqandan tələb edilmiş, iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərdən görsənir ki, iddiaçıdan borcun tutulması ilə bağlı Sumqayıt Apellyasiya Məhkəmə qərarının icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi və üzərinə həbs qoyulması barədə məhkəmə qərardadları olmuş, tələb iddiaçının mülkiyyətində olmuş 0.10 ha torpaq sahəsinə yönəldilmişdir. İş materiallarından görsənir ki, məhkəmə qətnaməsinin icrası zamanı məhkəmə qərardadları və icra idarəsinin müvafiq məktubları əsasında iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinə digər şəxsin mülkiyyət hüququ qeydə alınmış və alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmışdır. Göründüyü kimi iddiaçının mülkiyyətində olmuş torpaq sahəsi məhkəmə qərarının icrası ilə əlaqədar digər şəxsin mülkiyyətinə keçmişdir. Məhkəmə qərarının düzgün icra edilib edilməməsinə isə inzibati məhkəmələrin inzibati icraat qaydasında nəzarəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qərarlarının icrasına həmin qərarı verən məhkəmənin nəzarət funksiyası mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Hazırkı işdə də iddiaçı cavabdeh kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini göstərərək **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsini istəsə də, mahiyyəti etibarı ilə məhkəmə qərarının düzgün icra edilməməsindən narazıdır və hazırkı iddiaya mahiyyəti üzrə baxılması digər məhkəmə qərarının icrasına inzibati məhkəmə icraatı qaydasında nəzarət edilməsi kimi qiymətləndirilməlidir. İddiaçının məhkəmə qərarına nəzarət edən müvafiq məhkəməyə müraciət edərək həmin qərarın icrasının düzgün olmadığını bildirərək, məhkəmə qərarının icrasına nəzarət formasında tələblər irəli sürmək kimi hüquq müdafiə vasitələri olsada, düzgün hüquq müdafiə vasitəsi seçmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki prosessual qanunvericiliyin imkan verdiyi formalarda məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1921/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1921/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver