Məhkəmə qərarları › İş №2-1(118)-1922/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1922/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1922/2022 05.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10 mənzil 42-də yaşayan) və nümayəndəsi Vəkil (“Pro Bono” Vəkil Bürosunda vəkil işləyən, Bakı şəhəri, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küşəsi ev 3 A mənzil 20-də yaşayan), Cavabdehin nümayəndəsi Nümayəndə (DSMF X6 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, S.Rüstəm küçəsi ev 52-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasından tutulmaların aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək əmək pensiyasının bərpa edilməsi və 2021-ci ilin avqust ayı üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona verilən təqaüdün bərpa olunaraq yenidən verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin qarşısında öhəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı ilə əvəz edilməsini və əmək pensiyasından tutulmaların aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək əmək pensiyasının bərpa edilməsi və 2021-ci ilin avqust ayı üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qənbərov X2 Respublikası vətəndaşıdır. 1993-2003-cü illər ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və zabit olmuşdur. Tovuz rayonu 812 saylı, Murovdağ 172 saylı, Bərdə rayonu N saylı hərbi hissələrdə xidmət göstərmişdir. 1993-1997-ci illlər ərzində BABKM-da kursant olmuşdur. O, Silahlı Qüvvələrə çağırılarkən artıq Azərbaycan Respublikasının vətəndaşı olduğu, lakin təxris olunandan sonra Gürcüstan Respubikası vətəndaşı olduğunu və Vətəninə geri qayıtmalı olduğu bildirilmişdir. Hazırda iddiaçı Göygöl (Xanlar) rayonu Hərbi Komissarlığında qeydiyyatdadır. 2021-ci ilin avqust ayına qədər hərbçi təqaüdü almış, 2021-ci ilin avqust ayında əmək pensiyası ümumiyyətlə ödənilməmiş, sentyabr ayından ödənilməyə başlanmış, 2022-ci ilin mart ayından isə pensiyanın müəyən hissəsinin (46.87 manat) tutulmasına başlanmışdır. Səbəb olaraq isə miqrasiyada 4 illik müvəqqəti qeydiyyatda olduğu və buna görə də, ona pensiyanın verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Halbuki, iddiaçıdan hərbi qulluq zamanı əmək haqqının lazımi miqdarı qədər məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. O, pensiyasının bərpa oluraraq yenidən verilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh qurumdan ərizəsinə bu günədək heç bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izah etdi ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə ünvanlanmış imtina məktubunun əsasını xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrdə 6571,77 manat, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrdə 1037,88 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2017ci il tarixədək olan dövrdə 9590,47 manat olmaqla 17200,12 manat artıq pensiya məbləğinin ödənilməsi təşkil edir. 2021-ci ilin avqust ayı üzrə ödənilməli olan 469,10 manat pensiya məbləği artıq ödənilmiş vəsaitdən çıxıldığından artıq ödənilmiş pensiya məbləği 16731,02 manat təşkil edir. Bundan başqa iş üzrə icraat materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Tənzimləmə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli K/440 nömrəli arayışında İddiaçı Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşama icazələri ilə bağlı məlumatlar verilmişdir. DSMF-nin sorğusuna cavab olaraq X3 və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/5418 nömrəli məktubunda xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək iddiaçıya Dövlət Miqrasiya Xidmətindən hər hansı yaşama icazəsinin verilmədiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus ZE № ******* seriyalı hərbi biletdən görünür ki,İddiaçı 1993-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. -DYİ № ******* seriyalı icazə vəsiqəsinən görünür ki, İddiaçı xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası ərazisində yaşamaq hüququ verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli, xx.xx.2022-ci il tarixli **********3 nömrəli və xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarlarından görünür ki, X1 əmək pensiyasının yenidən hesalanması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən əcnəbi dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür. Həmin Məcəllənin 3.0.7-ci maddəsində Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan şəxs dedikdə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, 3.0.8-ci maddəsinə əsasən daimi yaşayan şəxs dedikdə isə bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uzun illərdir Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi statusuna malikdir. Ona hərbi qulluqçu əmək pensiyası təyin edilmişdir. Lakin həmin pensiya 2021-ci ilin avqust ayı üçün ödənilməmiş, daha sonra isə müəyyən tutulmalarla ödənilməyə başlamışdır. Məhkəmə iclasının gedişində iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçıya artıq əmək pensiyasının ödənildiyini müəyyən edərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsaslanaraq əmək pensiyasının yenidən hesablanması barədə qərarlar qəbul etmiş, 2021-cu ilin avqust ayının pensiyasını isə ümumiyyətlə tutmaya yönəldərək ödəməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3 hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Maddə 1.0.5 təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Əksinə cavabdeh iddiaçınını xəbəri belə olmadan onun əmək pensiyasından tutmalara başlamış, 2021-ci ilin avqust ayının pensiyasını isə ümumiyətlə, ödəməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət oluna bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyəti səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə qeyd edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edərək ödənilmiş pensiya məbləğinin müəyyən hissəsini geri tutmağa başlamış, 2021-ci ilin avqust ayı üçün isə iddiaçını ümumiyyətlə, sosial təminat mənbəyi olan pensiya almaqdan məhrum etmişdir. Maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini (növünün dəyişdirilməsi) və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının növünün dəyişdirilməsi və ya hesablanması barədə qərar qanunsuz hesab edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Cavabdeh tutulamaların iddiaçıya xəbərdarlıq ediləndən sonra tutulmaların aparıldığını bildirsə də, xəbərdarlığın iddiaçıya çatdırılmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Sədərddin oğlunun əmək pensiyasından tutulmaların aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək əmək pensiyasının bərpa edilməsi və 2021-ci ilin avqust ayı üçün əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar