Məhkəmə qərarları › İş №2-1(118)-1923/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1923/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1923/2022 10.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyətinə qarşı "Quba rayon İcra Hakimiyyətinin 11 yanvar 2021-ci il tarixli 03 saylı sərəncamının ləğv edilməsi"nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq "Quba rayon İcra Hakimiyyətinin 11 yanvar 2021-ci il tarixli 03 saylı sərəncamının ləğv edilməsi"nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 16 aprel 2018ci il tarixli 2(001)- 3691/2018 nömrəli icra vərəqəsinə əsasən tərəfindən yetkinlik yaşına çatmayan 08 dekabr 2005-ci il təvəllüdlü oğlu Yusifli Yusifin xeyrinə hər ay 154 manat məbləğində alimentin mərhum həyal yoldaşı X1 ödənilməsi qət edilmiş, hər ay tərəfindən qeyd olunan məbləğ ödənilmişdir. Həyat yoldaşı Ülviyyə Mahmudova 06 avqust 2020-ci ildə vəfat etmiş, iddiaçı bundan sonra övladının himayəsinə qaytarılması barədə dəfələrlə cəhd etsə də, azyaşlının nənəsi və xalası tərəfindən ona qarşı öyrədildiyinə görə, cəhdləri uğursuz olmuş, azyaşlı onu onların təkidi ilə hətta təhqir etmişdir. Bununla bağlı dəfələrlə övladının valideyn himayəsinə qaytarılması barədə cəhd etsə də, oğlunun xalası və nənəsi buna imkan veməmiş, azyaşlını ona qarşı öyrətmişlər. Bununla bağlı vəkili vasitəsilə Binəqədi rayon icra şöbəsində olarkən məlum olmuşdur ki, Quba rayon icra Hakimiyyəti 11 yanvar 2021-ci il tarixli 03 saylı sərəncamla onun azyaşlı xx.xx.2005-ci il təvəllüdlü oğlu X4 üzərində Quba rayonu Zərqəva kənd sakini X2 himayəçi təyin etmişdir. İddiaçı hesab edir ki, qeyd olunan sərəncam qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və azyaşlı övladı ata himayəsinə qaytarılmalıdır. Belə ki, cavabdeh inzibati orqan qeyd olunan sərəncamı qəbul edərkən azyaşlının valideyni olaraq iddiaçını ümumiyyətlə icra hakimiyyətinə dəvət etməmiş və azyaşlının mənafeyinə uyğun araşdırma aparmamışdır. İddiaçı azyaşlı övladına münasibətdə valideynlik hüququndan məhrum olunmamış, eləcə də məhrum olunma ilə bağlı narkotik vasitələrin və alkoqollu içkilərin aludəçisi deyildir ki, o, qala-qala azyaşlı övladı digər yad bir şəxsin himayəsinə verilsin. Bundan başqa, onun mərhum həyat yoldaşı Ülviyyə Mahmuova ilə ailə münasibətləri məhz onun valideynləri ucbatından dağılmış, məhkəmə qətnaməsi ilə azyaşlı övladının ana himayəsində qalması qət edilmişdir. İddiaçı azyaşlı övladının ana himayəsində qalmasına heç bir etiraz etməmişdir. Lakin təəsüflər olsun ki, Ülviyyə Mahmudova 06 avqust 2020-ci ildə vəfat etmişdir.Onun vəfatından sonra, oğlunun xalası və nənəsi azyaşlı övladını qaytarmaq əvəzinə, onu daha da iddiaçıya qarşı nifrət ruhunda tərbiyə etməyə başladılar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49-cu maddəsinə görə: 49.1. 18 yaşma (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 49.4. Valideynlər olınadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Hazırkı vəziyyətdə isə, belə bir hal mövcud olmadığı halda, cavabdeh inzİabti orqan iddiaçını sərəncamda istinad etdiyi araşdırmaya dəvət etmədən birtərəfli qaydada onun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan hüquqlarımı pozaraq, qeyd olunan sərəncamı qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, Quba rayon İcra Hakimiyyətinin 11 yanvar 2021-ci il tarixli 03 saylı sərəncamının ləğv edilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən sərəncam Quba rayon İcra Hakimiyyəti adından verilsədə, qanunvericilikdən irəli gələn səlahiyyət baxımından qəyyumluq və himayəçilik orqanı qismində verilmişdir. Qəyyumluq və himayəçilik orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin yuxarıda geyd olunduğu kimi, cavabdeh Quba rayon İcra Hakimiyyəti olsa da, hazırkı işdə o qəyyumluq və himayəçilik orqanı kimi çıxış edir və həmin orqan qanunvericilikdə inzibati orqan kimi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, qəyyumluq və himayəçilik orqanının fəaliyyəti də inzibati fəaliyyət hesab edilə bilməz. Çünki qəyyumun təyin edilməsi xarakteri etibarı ilə ailə hüququ və mülki hüquq münasibətlərindən yaranan hüquqi fəaliyyətdir və məhkəm hesab edir ki, bununla bağlı qəbul edilmiş qərar inzibati akt kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən 11 yanvar 2021-ci il tarixli 03 saylı sərəncamı inzibati akt yox, qəyyumluq və himayəçilik orqanı qismində hüquqi fəaliyyəti ilə bağlı qəbul etdiyi hüquqi aktdır və buna görə də iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın hüquqi nəticəsinə uyğun olaraq, həmin qərardan hüquq müdafiə vasitəsidə mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuşdur. Beləki, qanunvericilikdə qəyyumluğun müəyyən edilməsi ilə bağlı mübahisə olduqda mübahisənin məhkəmə qaydasında baxılması nəzərdə tutulmuşdur. Hazirki işdə də göründüyü kimi qəyyumluqla bağlı mübahisə mövcuddur. Belə mübahisəyə isə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Beləliklə iddiaçı düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar