Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1926/2025 08.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona hüququnun yarandığı vaxtdan 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1963-cü ildə Zəngilan rayonunda anadan olmuş və uzun illər zərərli işlərdə işləmişdir. Belə ki, 1981-1982-cü illərdə Sumqayıt şəhər 17 saylı TPM-də oxumuş, göndəriş əsasında Sumqayıt 2 saylı Trestdə qaynaqçı vəzifəsində işə qəbul olunmuş və 1982- 1984-cü illərdə hərbi xidmətdə olmuş və qayıtdıqdan sonra Sumqayıt 2 saylı Trestin 21 saylı Tİ-də qaynaqçı kimi əmək fəaliyyətini davam etdirmiş və 2000-ci ilədək bu müəssisədə fasiləsiz olaraq qaynaqçı kimi çalışmışdır. 2000-ci ildən 2007-ci ilədək «EL 97» mebel müəssisəsində qaynaqçı-təmirçi vəzifəsində işləmişdir. xx.xx.2007-ci ildə "xxxx" MMC-də qaynaqı vəzifəsində işə qəbul olunmuş və 2015-ci ilədək bu müəssisədə çalışmışdır. 2018-2019-cu illərdə də müxtəlif müəssisələrdə qaynaqçı vəzifəsində çalışmış və nəticədə 2006-cı ilədək əmək stajı 25 ildən artıq olmaqla bu əmək stajının da 12,5 ildən artıq hissəsini zərərli iş yeri təşkil edir,bu hal ona dəlalət edir ki, yaşa görə güzəştli əsaslarla əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Buna görə də müvafiq sənədləri toplamaqla cavabdeh orqana təqdim etmiş və güzəştli əsaslarla əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il taixli məktubla ona güzəştli əsaslarla yaşa görə əmək pensiyasını təyin etməkdən iimtina etmiş və bunu onunla əsaslandırmışdır ki, guya onun güzəştli iş stajı 12,5 ildən az olmaqla 5 il 9 ay səkkiz gün təşkil edir və 1987-2000-ci illərdə və 2000-2007-ci illərdə «EL 97» mebel müəssisəsində qaynaqçı-təmirçi vəzifəsində işlədiyi əmək stajını nəzəə almamışdır. Halbuki bu müəssisələrdə işlədiyi «təmirçiqaynaqçı» vəzifəsi AR Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 56) ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na daxil edilmiş vəzifələrdəndir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlann ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. “Əmək Pensiyaları haqqında” AR Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 01 avqust 1997-ci ilədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının N azirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13- cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə verərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1963-cü il tarixdə anadan olduğunu və 2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 5 aydan çox isə güzəştli iş stajının olduğunu qeyd etmişdir. İddiaçı daha əvvəl ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir, imtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının kifayət qədər (12 il 6 ay) olmaması göstərilmişdir. Bundan narazı qalan İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması uçun nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret hallan (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş xx.xx.1982-ci il tarixli HT- İ№1788572 nömrəli əmək kitabçasında onun xx.xx.1987-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Tikinti Quraşdırma-2" ATSC-də elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Həmin dövrə dair iddiaçının iş stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, həmin dövr ərzində iddiaçının işləməsinə dair Azərbaycan Dövlət Arxiv İdarəsində heç bir sənədin mövcud olmadığı bildirimişdir. Eyni zamanda, sözügedən əmək kitabçasında iddiaçının xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı, xx.xx.2009- xx.xx.2012ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də. xx.xx.2018- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində “EL Enginering" MMC-də və xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində “X5" MMC-də qaynaqçı və elektrik qaynaqçısı peşələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən dövrlərdə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları Mərkəzi Filiala təqdim edilməmişdir. Buna səbəbdən də qeyd olunan dövrlərin iddiaçının güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 9 ay 8 gün (04,08.1982xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddilar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəzyyətin dəyişdirilməsi (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və yenidən hesablanmasına imkan verən bütün zəruri fatiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, İş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı hoç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş. tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı) Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, güzəştli sosial sığorta stajı kiafət qədər olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt Texnologiyalar Parkı MMC-nin xx.xx.2023-cü il tarixli 63 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən "xxxx" MMC-nin X3 1 N- li Quraşdırma sahəsinin Qaynaq bölməsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində xx.xx.2012-ci il tarixindən (əmr Ol-kş saylı) xx.xx.2015-ci il tarixinədək (əmr 184-ks/x saylı) çalışmışdır. İddiaçı xx.xx.2015-ci il tarixində həmin bölmədə 5-ci dərəcə müəyyən edilib. xx.xx.2015-ci il tarixində həmin zavodun 1 saylı Quraşdırma sahəsinin Metal konstruksiyaları quraşdırılması bölməsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilib. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci fəslində müəyyən edilmiş "Ümumi peşələr" sahəsinin və "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 9 (doqquz) ay, 1 (bir) gün təşkil edir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 337 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı oktyabr 1982-ci il tarixdən oktyabr 1984-cü il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Sumqayıt Tikinti Quraşdırma-2” ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2- 291328/2024 saylı məktubu ilə İddiaçı müraciətinə dair inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2- 17758/2025 saylı məktubunda qeyd edilmişdir ki, X2, X1 və X6 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adıçəkilən şəxsə dair məktubunuzda qeyd edilən məsələyə münasibət bildirilməsi tərəfimizdən mümkün deyil. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan xx.xx.2024-cü il tarixdə imtina etdiyindən iddiaçı xx.xx.2024-cü ildə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, güzəştli sosial sığorta stajı kifayət qədər olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının hazırki iddia tələbi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar -50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Qanunvericiliyin tələbinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 01 yanvar 2006-cı il tarixinədək onun 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı yaranmış olmalıdır. xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən nəzərə alınan güzəştli iş stajı dövrləri xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlərdir. Cavabdeh tərəfindən xx.xx.1987-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər güzəştli il stajı dövrü kimi nəzərə alınmır. İddiaçı iddia edir ki, xx.xx.1987-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Tikinti Quraşdırma-2" ATSC-də elektrik qaynaqçısı peşəsində işləmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində isə müəyyən edilmişdir ki, “Sumqayıt Tikinti Quraşdırma-2” ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Qeyd edilən dövlərdə iddiaçının güzəştli iş stajının olmasını təsdiq edən arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk növbədə iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçının: təhsil dövrü xx.xx.1981-xx.xx.1982-ci il; hərbi xidmət dövrü- oktyabr 1982-ci il tarixdən oktyabr 1984-cü il; iş stajı: xx.xx.1982-xx.xx.1982-ci il = 02 ay 03 gün; xx.xx.1984-xx.xx.1987-ci il = 02 il, 10 ay, 06 gün; xx.xx.1987-xx.xx.2000-ci il = 13 il, 02 ay, 07 gün olmaqla - qeyd edilən dövrlər (cəmi 19 il 07 gün ümumi iş stajı) tam şəkildə nəzərə alınsa belə 25 il ümumi iş stajı yaranmır. Qanunvericiliklə tələb olunana 25 il ümumi iş stajı yaranmadığından iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi əsaslı sayıla bilməz. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı yaranmır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı olduğundan, xx.xx.2006-cı il tarixinədək tələb olunan ümumi staj tamamlanmadığından məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət görmür. Qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1926/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1926/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver