Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1927/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Məktubda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yerlatı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanl tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il altı ayını həmin işlərdə çalışmışlarsa və hərbi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzşətli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 1.0.8-ci maddsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək qanunun 9-cu maddəsində göstərilən işlərdə güzşətli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş tələblərə müvafiq təyin edilir. 06 mart 2007-ci il tarixli qanun ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini güzşətli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığora stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən qanunun sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta haqlarının 90% və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Tələbat-Ə” firmasında çilingər vəzifəsində və xx.xx.2003- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrü sizin iş stajınıza daxil etmək mümkün olmadığından sizin 1 yanvar 2006-cı il tarixinədək güzşətli iş stajınız 10 ildən az (19 gün (xx.xx.2005xx.xx.2006-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.” İmtina məktubu qeyd olunanlara əsasən qanunsuz və əsassızdır: xx.xx.1985-xx.xx.1986-cı illərdə beşinci kateqoriyalı çilingər vəzifəsində, xx.xx.1986-xx.xx.1996-cı illərdə beşinci kateqoriyalı texniki avadanlıqların təmiri üzrə növbətçi mexanik vəzifəsində işləmişdir. “Türkmənkimya” Dövlət Konserni “Balkanabat Yod zavodu” tərəfindən verilmiş 01/665 saylı, xx.xx.2019-cu il tarxli arayış da bunu təsdiq edir. Çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahının 8 bölməsinin, 1 yarımbölməsində qeyd olunmuş kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellerin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın (nəzarət-ölçü chazları və ventilyaslyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin maxnik (kodu: 1080A010) vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahının 7-ci bölməsinin, 10A yarımbölməsində qeyd olunmuş ərinmiş metalda elektrolitik üsulu ilə metalların alınması sahəsində vannaların təmirində quraşdırıcı (kodu: 1071200a-14568) vəzifəsində xx.xx.2005-xx.xx.2007-ci il; xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdə işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş 01 saylı, xx.xx.2022-ci il tarixli arayış da bunu təsdiq edir. 2 nömrəli siyahı üzrə onun 50 yaş + 2 yaş = 52 yaşdan güzşətli şərtlərlə pensiya hüququ yaranır. O, xx.xx.1960-cı ildə doğulmuşdur. Əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən artıq, güzəştli şərtlərlə tələb edilən on ildən artıq iş stajına malikdir. "xxxx" ASC-nin, "xxxx" MMC-nin, Balkobanat Yod zavodunun arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 12 il altı aydan artıq iş stajından artıq imtiyazlı iş stajı təsbit olunmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan tərəfindən iddiaya yazılı müsanibət bildirilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. - İddiaçıya məxsus 14 avqust 1978-ci il tarixdə açılmış ИТ-İ №0411167 saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-ü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilədək, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək, xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilədək, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək əmək fəaliyyəti ilə məşğul olur. - "xxxx" ASC tərəfindən verilmiş 01 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək 1 nömrəli siyahının 10-cu bölməsinin 10a yarımbölməsində göstərilən 1071200a-14568 koduna uyğun gələn ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması – vannaların təmirində quraşdırıcılar peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında Pensiya siyahısı üzrə güzəştli şərtlərə düşən peşələrin, vəzifələrin, adların, bölmə və kodları göstərilmişdir. İddiaçı peşəsi 1 saylı pensiya siyahısında mövcuddur. O, xx.xx.2007-ci ildən xx.xx.2009-cu il tarixədək 7-ci bölmənin 10a yarımbölməsinə uyğun gələn ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması vannaların təmirində quraşdırıcılar peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına əsasən peşəsi pensiya siyahısında mövcuddur. İddiaçı Zülfüqar oğlu – "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat sahəsində xx.xx.2009-dan xx.xx.2011-ə dək ödənişsiz məzuniyyətdə olmuşdur. - Nebitdaq yod zavodu (indiki adı “Balkanabat” yod zavodu) tərəfindən verilmiş əmək haqqı barədə arayışın notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1986-cı ilin oktyabr ayından 1996-cı ilin iyul ayınadək əmək haqqı almış və pensiya fonduna sosial sığorta haqları ödənilmişdir. - Türkmənistan Respublikası “Turkmenkimya” Dövlət Konserni “Balkanabat” yod zavodu tərəfindən verilmiş 463 saylı, xx.xx.2019-cu il tarixli “Stajın təsdiq edilməsi barədə arayış”ın notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixli, 114-k saylı əmr ilə xx.xx.1985-ci il tarixindən TBDFP sexinə beşinci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş; xx.xx.1986-cı il tarixli, 6-k saylı əmr ilə Türkəminstan ƏHQM 31-ci maddəsinə müvafiq olaraq xx.xx.1986-cı il tarxdən öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1986-cı il tarixli, 165-k nömrəli əmr ilə xx.xx.1986-cı il tarixindən TBDP sexinə beşinci dərəcəli aparat avadanlığının təmiri üzrə növbətçi çilingər vəziəsinə qəbul edilmiş; xx.xx.1996-cı il tarixli, 90-k nömrəli əmr ilə Türkmənistan ƏHQM 31-ci maddəsinə uyğun olaraq qazanxana rəisi vəzifəsindən xx.xx.1996-cı il tarixindən öz xahişi ilə azad edilmişdir. - İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 03 may 1979-cu ildən 04 may 1981-ci ilədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 22 aprel 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçnın mahiyyəti ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi; 2) pensiyanın ona xx.xx.2012-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; Məhkəmə iddiaçının birinci tələbinə münasibətdə hesab edir ki, tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinanın əsası kimi iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olmamasını göstərmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir, ИТ-İ №0411167 saylı əmək kitabçasında xx.xx.1996-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Təlabat-Ə” firmasında çilingər vəzifəsində və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı işləsə də, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi, bu səbəbdən də qeyd edilən dövrü onun iş stajına daxil edilmədiyi və onun pensiya təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olmaması qeyd edilmişdir. Beləliklə, mübahisə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı,29 iyun bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtinasının əsası kimi xx.xx.1996xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Təlabat-Ə” firmasında çilingər vəzifəsində və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMCdə quraşdırıcı işləsə də, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi, bu səbəbdən də qeyd edilən dövrü onun iş stajına daxil edilmədiyi və onun pensiya təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olmaması qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının xx.xx.1996-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Təlabat-Ə” firmasında çilingər vəzifəsində və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1996-xx.xx.2003-cü il tarixlərində “Təlabat-Ə” firmasında çilingər vəzifəsində və xx.xx.2003-xx.xx.2005-ci il tarixlərində "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işlədiyi dövrün həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsinin vətəndaşın ziyanına şərh edilməsi yolverilməzdir və bu hal vətəndaşın məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1996-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Təlabat-Ə” firmasında çilingər vəzifəsində və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ümumi stajı mövcud olur. İddiaçının xüsusi iş stajına, yəni ona güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı "xxxx" ASC-nin 01 mart 2022-ci il tarixli, 01 saylı arayışı ilə təsdiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının Türkmənistan Respublikasında “Turkmenkimya” Dövlət Konserni “Balkanabat” yod zavodu xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarxidək və xx.xx.1986-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək çilingər vəzifəsində işlədiyi dövlərdə onun güzəştli şərtlərlə pensiya hüququ verən staj kimi nəzərə alınmalıdır. Belə ki, iddiaçının “Turkmenkimya” Dövlət Konserni “Balkanabat” yod zavodunda işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının Vİİİ bölməsində qeyd edilən 1080A00—17541A şifri ilə Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri peşəsinə uyğun gəlir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən dövrlər iddiaçıya pensiya təyin edilərkən güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 20 ildən artıq ümumi iş stajı vardır. İddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ yaranmışdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Məhkəmə iddiaçının digər tələbinə, yəni ona güzəştli şərtlərlə əmək pensiyasının 13 noyabr 2012-ci il tarixdən ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Hazırki işdə iddiaçı xx.xx.2017-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh orqana pensiya təyinatı ilə bağlı 04 aprel 2022-ci il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona əmək pensiyası müraciət etdiyi tarixdən 3 il əvvəldən, yəni 04 aprel 2019-cu il tarixdən ödənilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1927/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1927/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver