Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1927/2024 23.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçı (bundan sonra – “iddiaçı”) məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxx 1969-cu il tarixdə doğulmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 1 sentyabr 1984-cü il tarixdə əmək fəaliyyətinə başlamış, 2 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində (bundan sonra - “FHN”) X1 Xidmətindən “Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndi ilə xaric edilmiş, 22 dekabr 2015-ci il tarixdə "xxxx" ASC-nin Xətai RETSİ-nin 110/35/20 kV-luq İstismar şöbəsinə SƏB üzrə əl montyoru vəzifəsinə təyin olunmuş (12-15-3-3925 nömrəli Əmrlə), 6 iyul 2021-ci il tarixdə isə Nizami RETSİ-nin İstismar şöbəsinə SƏB üzrə əl-montyoru vəzifəsinə keçirilmişdir (xx/xx-03321 nömrəli Əmrlə).
3. Mərkəzləşdirilmiş elektron informasiya sistemi e-sosial-dan əldə edilmiş məlumatda iddiaçının fərdi hesabının sığorta hissəsində sığorta kapitalı “28.475, 68 AZN” göstərilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən (bundan sonra – “cavabdeh”) iddiaçıya göndərilmiş 28 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-A-224998/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, iddiaçıya münasibətdə: - cavabdeh tərəfindən 3 mart 2010-cu il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir; - əmək pensiyasının yenidən hesablanması ilə bağlı 6 fevral 2023-cü il tarixdə müraciətilə əlaqədar aparılan araşdırma nəticəsində əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir; - verilmiş sorğuya cavab olaraq təqdim edilmiş məlumat vərəqinə əsasən, əmək pensiyası qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq 572,20 manat məbləğində müəyyən edilmişdir; - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Qanun”) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, son üç il üzrə yenidən hesablanaraq 1.151,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bu vəsait cari ilin avqust ayından etibarən əmək pensiyasından hissəhissə tutularaq büdcəyə bərpa edilir; - Əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 21.128,23 manat pensiya sığorta kapitalı qeydə alınmışdır; - cavabdehə müraciət etdiyi 6 fevral 2023-cü il tarixə 21.128,23 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 210 aya bölünməklə (21.128,23:210 (65 il-53 il 6 ay = 138 ay + 72 ay (144 ay - 72 ay) = 100,61 manat) həmin tarixdəki qanuni əmək pensiyasının (572,20 manat) üzərinə əlavə edilərək pensiya məbləği 672,81 (572,20 + 100,61) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:
5. İddiaçı 6 fevral 2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, FHN-dən təxris olunub pensiyaya çıxdığını, hal-hazırda işlədiyini, PSK-ya yığılan pulun pensiyasına hesablanmasına köməklik edilməsini xahiş etmişdir.
6. İddiaçıya məxsus əmək kitabçasının "xxxx" ASC-nin kadrlar şöbəsi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, o, 22 dekabr 2015-ci il tarixdə ASC-də fəaliyyətə başlamış, hal-hazıra qədər orada işləməkdə davam edir.
7. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş “Məlumatların dəqiqləşdirilməsi ilə bağlı sorğunun göndərilməsi haqqında” məktubun surətindən görünür ki, ona dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə əlaqədar aidiyyəti üzrə sorğu göndərilmişdir.
8. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 12 iyul 2023-cü il tarixli, 3-17-1/3-7-11951/2023 nömrəli qərarından görünür ki, - pensiyanın növü: yaşa görə, - pensiyanın təyin olunduğu tarix: 3 mart 2010-cu il, - qeydiyyatda olduğu inzibati rayon: Sumqayıt şəhəri, - hazırki pensiya məbləği: 619, 56 manat, - yenidən hesablanmanın səbəbi: 37.3.3-1 və vəzifə maaşının dəqiqləşdirilməsi, - təminat xərcliyinin cəmi: 712,85 manat, - yenidən hesablanmış pensiya məbləği: 672,81 manat, - ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat: 6 fevral 2020-ci il - 31 dekabr 2022-ci illərdə 453,52 manat, 1 yanvar 2023-cü il - 5 fevral 2023-cü illərdə 572,20 manat, 6 fevral 2023-cü ildən müddətsiz 672,81 manat. - PSK: 21.128,23 manat; T 210.
9. İddiaçının “Sığortaolunanın hesabı”ndan görünür ki, - dövr: 2015.Dekabr - 2023.Fevral, - cəmi gəlir: 72.410, 98 manat, - cəmi hesablanmış: 18.102, 75 manat, - cəmi ödənilmiş: 18.102,75 manat, - pensiya kapitalı: 20.967,16 manat.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
10. Cavabdehin 29 mart 2024-cü il tarixli, 3-17-1/2-72778/2024 nömrəli məktubu ilə iddiaçının pensiya işinə dair sənədlər və müraciətinə əsasən aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 2 aprel 2020-ci il tarixli, 10/558 nömrəli qərarı ilə iddiaçıya Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə 3 mart 2019-cu il tarixdən ömürlük 230,04 manat məbləğində pensiya təyin edilmişdir; - “Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqi”ndən görünür ki, iddiaçıya cəmi təminat xərcliyi 712,85 manat məbləğində müəyyən edilmişdir; - həmçinin, digər sənədlər təqdim edilmişdir.
11. İddiaçının “Sığortaolunanın hesabı”ndan görünür ki, - dövr: 2007.Yanvar - 2023.Sentyabr, - cəmi gəlir: 92.714,29 manat, - cəmi hesablanmış: 23.178,58 manat, - cəmi ödənilmiş: 23.158,57 manat, - pensiya kapitalı: 29.168,00 manat.
12. Cavabdehin 5 iyul 2024-cü il tarixli, 3-17-1/2-155996/2024 nömrəli iddiaçıya dair müvafiq məlumatların göndərilməsi haqqında məktubundan görünür ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 22 dekabr 2015-ci il tarixindən müraciət etdiyi 6 fevral 2023cü il tarixinədək işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 21.128,23 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. İddiaçının orqana müraciət etdiyi 6 fevral 2023-cü il tarixinə 21.128,23 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 210 aya bölünməklə (21.128,23:210 (65 il – 53 il 6 ay = 138 ay + 72 ay)=100,61 manat) həmin tarixdəki qanuni əmək pensiyasının (572,20+100,61) manat müəyyən edilib. Əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən 748,16 manat təşkil edir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 2015-ci il tarixdən 2021-ci il tarixə kimi “işlədiyi dövrləri sosial sığorta stajına aid etməklə, yəni fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması və yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir
14. İddia tələbinin əsası - cavabdeh tərəfindən pensiya təyin olunan vaxtdan sonra işlədiyi dövrlərdə yığılan pensiya kapitalının aldığı pensiyanın üzərinə əlavə olunması ilə bağlıdır. İddiaçı hesab edir ki, onun fərdi hesabının sığorta hissəsində qeyd edilən pensiya kapitalı 28.475,68 manat təşkil edir. 2010-cu il tarixdə pensiya təyin olunarkən lazımi sənədlər əsasında cavabdeh təşkilat tərəfindən təyin olunmuşdur. Həmin pensiyanın təyinatı zamanı idarəyə təqdim olunan sənədlər iddiaçı tərəfindən deyil, işlədiyi orqan tərəfindən verilərək möhür vurularaq təsdiqlənmişdir. İddiaçının son işlədiyi dövrlər zamanı yığılan pensiya kapitalı qanunazidd şəkildə nəzərə alınmamışdır. İddia ərizəsində həmçinin, aşağıdakı məlumatlar qeyd olunmuşdur: - iddiaçı xx xxxx 1969-cu il tarixdə doğulmuş, təhsil alma müddəti 1984-1987-ci illəri əhatə edir. - əmək fəaliyyətinə 1987-ci il tarixdə başlamış, fərqli müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. - ümumi əmək stajı 26 ildən çoxdur. Uzun illər FHN-də xidmət etmişdir, - 2010-cu il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə iddiaçıya əmək pensiyası təyin olunmuşdur. - iddiaçı əmək fəaliyyətinə davam etmişdir. - iddiaçıya pensiya təyin olunan vaxtdan pensiyasını mütəmadi olaraq almışdır. 2023cü ilin yanvar ayına kimi 540 manat məbləğində pensiya almışdır. Aldığı pensiyanın təyinatına uyğun olaraq 14,5 faiz artım olmuşdur. Avtomatlaşdırılmış elektron sistem vasitəsi ilə pensiyası artırılaraq 619 manat olmuşdur. Lakin müəyyən hesablamalardan sonra 2 ay hesabına 687 manat məbləğində pensiya köçürülsə də, sonradan yanvar ayının artımını da nəzərə alınmaqla, 619 manat pensiya ödənilmişdir. - 6 il iş stajı tam olduqdan sonra iddiaçı pensiyasının yenidən hesablanması ilə bağlı 6 fevral 2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə 28 sentyabr 2023-cü il tarixli, 3-17-1 2-A-224998/2023 nömrəli məktubunu ünvanlamışlar (§4). Halbuki, iddiaçı 2023-cü ilin yanvar ayına kimi 540 manat pensiya alırdı. 14,5 faiz artımından sonra pensiya məbləği 619 manat təşkil etmişdir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Qanunun 1.0.15, 37.3.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 14.3, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.
16. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, pensiyasından tutulmanın dayandırılması, 28.475,68 manat məbləğində olan pensiya sığorta kapitalının nəzərə alınmaqla, pensiyasının yenidən düzgün və qərəzsiz hesablanıb 6 fevral 2023-cü il tarixli ərizə ilə müraciətindən sonrakı müddətin də nəzərə alaraq pensiyaya əlavə olunmasını xahiş etmişdir.
17. Məhəmə iclasında İPM-in 12-13-cü maddələrinin tələbləri çərçivəsində ərizə tərəflərlə müzakirə edilən zaman müəyyən edilmişdir ki, iddiaçının pensiyasından tutulmalar artıq dayandırılmışdır. İddiaçı və cavabdehin nümayəndəsi arasında bu hissədə fikir ayrılığı olmamışdır.
18. Bundan sonra iddiaçı məhkəməyə 18 iyul 2024-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2015-ci il tarixdən 2021-ci il tarixə kimi işlədiyi dövrləri sosial sığorta stajına aid etməklə, yəni fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması, yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə 18 iyul 2024-cü il tarixli protokol qərardadla icraata qəbul olunmuşdur.
19. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
20. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
21. Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmiş və etirazının dəlilləri kimi aşağıdakıları qeyd etmişdir: - xx xxxx 1969-cu il təvəllüdlü iddiaçının 27 iyul 2023-cü il tarixdə 54 yaşı tamam olmuşdur və ona 3 mart 2010-cu il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir; - 12 iyul 2023-cü il tarixli 3-171/3-7-11951/2023 nömrəli qərardan göründüyü kimi, iddiaçının müraciət etdiyi 6 fevral 2023-cü il tarixədək onun pensiya məbləği 619,56 manat təşkil etmişdir; - iddiaçının müraciəti ilə əlaqədar aparılan araşdırma nəticəsində əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar əmək pensiyası qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq 572,20 manat məbləğində müəyyən olunmuşdur. - Qanunun 1 yanvra 2023-cü il tarixdən qüvvədə olan 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna əsasən, son üç il üzrə yenidən hesablanma aparılmış və iddiaçıya 1.151,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsait 2023-cü ilin avqust ayından etibarən iddiaçının əmək pensiyasından hissəhissə tutularaq büdcəyə bərpa edilir. - İddiaçıya məxsus ИT-İ seriyalı, №1339527 nömrəli əmək kitabçasına və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçı 22 dekabr 2015-ci il tarixdən cavabdehə müraciət etdiyi 6 fevral 2023-cü il tarixədək "xxxx" ASC-də işləmiş və ona münasibətdə həmin illər üzrə fərdi hesabın sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları hesabına 21.128,23 manat məbləğində pensiya kapitalı formalaşmışdır. - iddiaçıya münasibətdə yaşa görə əmək pensiyası yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı 210 ay hesablanmışdır. Belə ki, Qanunun 45-ci maddəsinə uyğun olaraq bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulmuşdur. Qanunun 45-ci maddəsinin ikinci cümləsinə görə, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. - iddiaçının pensiyasının yenidən hesablanması tarixinə yaşı 53 il 6 ay təşkil etmişdir. Qeyd edilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı isə 2023-cü il üzrə kişilərə münasibətdə 65 yaş təşkil edirdi. İddiaçının pensiya təyin edildikdən sonra yenidən işlədiyi ayların sayı 72-dən çoxdur. Odur ki, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği yenidən müəyyən edilərkən gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı aşağıdakı kimi hesablanacaqdır: T = 72 ay + (65 il - 53 il 6 ay) = 72 ay + 138 ay = 210 ay. - Qanunun 10.2-ci maddəsi üzrə iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının yenidən hesablanan sığorta hissəsinin məbləği 100,61 manat təşkil edəcəkdir: SH = PSK/T = 21.128,23/210 ay = 100,61 manat. Həmin məbləğ iddiaçının qanuni əmək pensiyasının (572,20 manat) üzərinə əlavə edildikdən sonra yenidən hesablanmış pensiya məbləği 672,81 manat təşkil etmişdir.
22. Etirazın maddi hüquqi əsası kimi Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 4, 10.2, 37.3.1, 37.3.2-1, 39.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun (§14) izahat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, o, 2015-ci il tarixdən etibarən "xxxx" ASC-də işləyir. Qanunvericilik ona hüquq vermişdir ki, 6 il işlədikdən sonra işləyən pensiyaçı kimi pensiyasının yenidən hesablanma üçün cavabdehə müraciət etsin. Bunu əsas götürməklə, cavabdehə 2021-2022-ci il tarixlərdə pensiyasının yenidən hesablanması üçün müraciətlər etsə də, həmin müraciətlərə biganə yanaşılmış, pensiya hüququ ilə bağlı yuxarıda qeyd olunanların ona şamil olunmadığı deyilmişdir. 2011-ci ildə 247 manat, 2012-ci ildə 320 manat, 2014-cü ildə 342 manat, 2019-cu ildə 363 manat 2022-ci ildə 491 manat, 2022-ci ilin aprel ayından 540 manat pensiya almışdır. Bu məbləğ daha sonra 619 manat olmuş, 2023-cü ilin fevral ayına qədər ödənilmişdir. Bundan əlavə, 2025-ci il yanvar ayına qədər pensiyasına həbs qoyulmuşdur. Lakin bu haldan onun xəbəri olmamış, səbəbləri barədə məlumat verilməmişdir. Pensiyasının yenidən hesablanması zamanı uyğunsuzluq olsa belə, bu onun səhvi olmamışdır. Cəmi 413 manat pul tutmuşdur. İndi isə pensiyasından tutulmaların aparılması dayandırılmışdır. Qeyd olunanlara əsasən hüquqlarını pozduğu üçün, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, tələbinin təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§21) əsaslanaraq onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçıya 2010-cu il tarixdə pensiya təyin olunmuşdur. O, pensiyasının yenidən hesablanması üçün 2023-cü il 6 fevral tarixində müraciət etmişdir. O, 619 manat məbləğində pensiya almışdır. Cavabdeh bu müraciət əsasında özü araşdırma aparmışdır. Araşdırma zamanı texniki səhvə görə pensiya məbləğinin artıq hesablandığı müəyyən olunmuşdur ki, burada iddiaçının heç bir səhvi olmamışdır. 2015-ci il 22 dekabrdan 2023-cü il 6 fevral tarixinə qədər iddiaçının 21.000 manat məbləğində pensiya kapitalı toplanmışdır. Kapital hesablanan zaman 2015-ci ildən 2023-cü ilə qədər olan müddət əsas götürülmüşdür. İddiaçının istinad etdiyi pensiya kapitalı 6 ili əhatə etmir. Məhkəməyə proses dövründə təqdim edilmiş sənədlər də təsdiq edir ki, bu məbləğ onun ümumilikdə olan pensiya kapitalıdır və mütəmadi olaraq həmin rəqəmlər dəyişir (§9, 11). İddiaçının tələbinin əsası kimi istinad etdiyi kapital məbləği 6 illik dövrü əhatə etmir. Bu səbəbdən, iddiaçının tələbi təmin olunması, bu məbləğ əsasında iki dəfə hesablanma aparılması ilə nəticələnmiş olar. Həmçinin, bildirmişdir ki, pensiyadan tutulmalar dayandırılmışdır və iddiaçının bu prosesdən heç bir xəbəri olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
26. Belə ki, irəli sürülmüş iddia zahirən öhdəliyin icrası haqqında iddia kimi görünsə də, məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
29. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni, iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir.
30. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozmuş olsun. Bundan əlavə, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu; iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər).
31. Hazırki iş üzrə müəyyən olunur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-) 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; (-) 1.0.7. fərdi şəxsi hesab - hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-) 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)
Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları
37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; ... 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir; ... Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur (37.3.5. bu Qanunun 20.1.11-ci - 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir - 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37.3.5-ci maddə ləğv edilmişdir.). 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: ... 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (21 may 2022-ci il tarixədək qüvvədə olan):
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-) 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
35. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:
“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ... “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi anlayış verilmişdir. Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. Onu da nəzərə almaq lazımdır ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması bir sıra xüsusi hüquqi aktlar ilə tənzimlənir. ...”
36. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-) c) Məhkəmənin mövqeyi:
37. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
38. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
39. Hazırki iş üzrə iddiaçı tərəfin tələbi “2015-ci il tarixdən 2021-ci il tarixə kimi işlədiyi dövrləri sosial sığorta stajına aid etməklə, yəni fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması, yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” ilə bağlıdır.
40. Göründüyü kimi iddiaçının tələblərinə aiddir (§14): - 2015-ci il tarixdən 2021-ci il tarixə kimi işlədiyi dövrləri sosial sığorta stajına aid etməklə, yəni fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması, yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən ödənilməsi; - tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi.
41. Cavabdeh tərəf iddiaçının tələbləri ilə razılaşmır və etirazında ortaya qoyduğu mövqeyinə görə (§21); - iddiaçının müraciətindən sonra özü tərəfindən araşdırma aparılan zaman, vaxtilə səhvə yol verildiyi (məhkəmə prosesində iştirak etmiş nümayəndəsi bu səhvi belə izah etmişdir ki, FHN tərəfindən iddiaçıya aid verilmiş məlumat vərəqəsində yanlışlıq olmuş, sonrakı məlumat vərəqəsi əsasında pensiya yenidən hesablanmışdır) bununla əlaqədar əmək pensiyası qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq 572,20 manat məbləğində müəyyən olunmuşdur, - iddiaçı 22 dekabr 2015-ci il tarixdən cavabdehə müraciət etdiyi 6 fevral 2023-cü il tarixədək "xxxx" ASC-də işləmiş və ona münasibətdə həmin illər üzrə fərdi hesabın sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları hesabına 21.128,23 manat məbləğində pensiya kapitalı formalaşmışdır, - son üç il üzrə yenidən hesablanma aparılmış və iddiaçıya 1.151,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsait 2023-cü ilin avqust ayından etibarən iddiaçının əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir.
42. İddiaçı və cavabdeh tərəfin dəlillərinin araşdırılması ilə aydın olur ki, hazırki mübahisənin əsasında - “cavabdeh tərəfindən pensiya təyin olunan vaxtdan sonra iddiaçının işlədiyi dövrlərdə yığılan pensiya kapitalının aldığı pensiyanın üzərinə əlavə olunmaması” ilə bağlıdır.
43. İddiaçı hesab edir ki, fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat məbləğində olan pensiya kapitalı nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır.
44. Cavabdeh orqana görə iddiaçının fərdi hesabının sığorta hissəsində 28.475,68 manat məbləğində deyil, 21.128,23 manat pensiya sığorta kapitalı mövcuddur.
45. İddiaçı tərəf isə 21.128,23 manat pensiya sığorta kapitalı mövcud olması ilə razılaşmamış və əsas kimi e-sosial-dan əldə edilmiş məlumatda onun fərdi hesabının sığorta hissəsində sığorta kapitalının 28.475, 68 manat qeyd edildiyini göstərmişdir.
46. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin istinad etdiyi dəlillərin araşdırılması istiqamətində aparılmış araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, xx xxxx 1969-cu il təvəllüdlü iddiaçının 27 iyul 2023-cü il tarixdə 54 yaşı tamam olmuş və ona 3 mart 2010-cu il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 12 iyul 2023-cü il tarixli 3-171/3-7-11951/2023 nömrəli qərardan göründüyü kimi, iddiaçının müraciət etdiyi 6 fevral 2023-cü il tarixədək onun pensiya məbləği 619,56 manat təşkil etmişdir. İddiaçı tərəfindən pensiyanın yenidən hesablanması üçün cavabdehə edilmiş müraciətin əsasında əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmiş və onun əmək pensiyası qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq 572,20 manat məbləğində müəyyən olunmuşdur.
47. Göründüyü kimi, iddiaçının 2015-ci il tarixdən 2021-ci il tarixə kimi işlədiyi dövrləri sosial sığorta stajına aid etməklə, yəni fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması prosesinə qədər, yəni Qanunun 37.3.1-ci maddəsinin tətbiqinə qədər, ona təyin edilmiş əmək pensiyasının məbləği azaldılmışdır.
48. Əmək pensiyasının azalmasının səbəbi iddiaçının 6 fevral 2023-cü il tarixdəki müraciətindən sonra FHN-yə ünvanlanmış sorğu əsasında əldə edilmiş yeni məlumat vərəqəsi əsasında pensiyasının yenidən hesablanması ilə vaxtilə cavabdehə təqdim edilmiş məlumat vərəqəsi əsasında aparılmış yanlışlığın aradan qaldırılması olmuşdur (§7, 10).
49. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, iddiaçının tələbində qeyd etdiyi “... fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması” hissəsində əvvəlcə yanlışlıq düzəldilmiş, daha sonra həmin məbləğin üzərinə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı əsasında yenidən hesablanma aparılmışdır.
50. Mübahisənin ikinci hissəsi fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının məbləği ilə bağlıdır.
51. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş məktubda (§12) qeyd edilir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 22 dekabr 2015-ci il tarixindən müraciət etdiyi 6 fevral 2023-cü il tarixinədək işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 21.128,23 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.
52. Beləliklə, iddiaçının 6 fevral 2023-cü il tarixinə 21.128,23 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 210 aya bölünməklə (21.128,23:210 (65 il - 53 il 6 ay = 138 ay + 72 ay)=100,61 manat) həmin tarixdəki qanuni əmək pensiyasının (572,20+100,61) manat müəyyən edilmiş, əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən 748,16 manat təşkil edir.
53. Pensiya kapitalının məbləği əgər 21.128,23 manat olduğu təqdirdə, e-sosial-da iddiaçının fərdi hesabının sığorta hissəsində sığorta kapitalının 28.475, 68 manat kimi göstərilməsinin səbəbinə dair aparılmış araşdırmanın nəticəsində məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, e-sosial-da göstərilən rəqəmlər iddiaçının bütün (yəni, 6 fevral 2023-cü il tarixinə qədər olan dövr də daxil olmaqla) pensiya kapitalının məbləğini təşkil edir. İddiaçının “Sığortaolunanın hesabı”nın ayrı-ayrı tarixlərində olan məlumatlar da bu halı təsdiq edir. Belə ki, 2015-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayına qədər olan dövrü əhatə edən iddiaçının “Sığortaolunanın hesabı”nda pensiya kapitalı 20.967,16 manat, 2007-ci ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövrü əhatə edən “Sığortaolunanın hesabı”nda pensiya kapitalı 29.168,00 manat məbləğində göstərilmişdir (§9, 11).
54. Bununla, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya münasibətdə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı nəzərə alınmaqla onun pensiyasını yenidən hesablamışdır, lakin FHN-nin yeni məlumat vərəqəsi əsasında yol verilmiş yanlışlıq düzəldilmiş və 21.128,23 manat pensiya sığorta kapitalı nəzər alınmışdır..
55. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının tələbi 2015-ci il tarixdən 2021-ci il tarixə kimi işlədiyi dövrləri sosial sığorta stajına aid etməklə, yəni fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması, yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən ödənilməsi hissədə təmin olunmamalıdır.
56. Tələbin ikinci hissəsi - tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlı məhkəmə iddiaçını haqlı hesab edir. Çünki, cavabdeh tərəfin özü tərəfindən təqdim edilmiş sənədlərdən, habelə məhkəmə prosesində iştirak etmiş səlahiyyətli nümayəndəsinin izahatından da müəyyən edilir ki, bu hissədə inzibati icraat iddiaçının hər hansı bir formada iştirakı, xəbəri olmadan aparılmış, bununla da onun hüquqları pozulmuşdur. Eyni zamanda, inzibati orqanın səlahiyyətinə aid olan məsələdə yol verilmiş yanlışlığa görə iddiaçı məsuliyyət daşımamalıdır.
57. Nəzərə alınmalıdır ki, Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-1(102)-709/2022 qərarının məzmunundan da görünür ki, iddiaçının razılığı olmadığı təqdirdə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasını təyin edən orqanın qərarı əsasında deyil, məhkəmə qaydasında tutula bilər.
59. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının 2015-ci il tarixdən 2021-ci il tarixə kimi işlədiyi dövrləri sosial sığorta stajına aid etməklə, yəni fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması, yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi qismən təmin edilməli, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
60. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 2015-ci il tarixdən 2021-ci il tarixə kimi işlədiyi dövrləri sosial sığorta stajına aid etməklə, yəni fərdi hesabının sığorta hissəsində yığılmış 28.475,68 manat pensiya kapitalını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması, yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbi qismən təmin edilsin. İddiaçı əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmiş məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova