Məhkəmə qərarları › İş №2-1(118)-1932/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1932/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1932/2021 23.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin 1 saylı regional ərazi filialına qarşı “01 yanvar 2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 02.09.2021-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 28 avqust 1954-cü il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuşdur. 1970-cı ildə orta təhsili başa vurduqdan sonra Sumqayıt Politexnik Texnikumuna daxil olaraq, həmin ilin sentyabr ayının 1-dən (həmin vaxt dərs ili sentyabrın 1-dən başlanırdı) 1973-cü ilin fevral ayının sonuna qədər əyani şöbədə təhsil almış və təhsil barədə Diplomu 21 may 1973-cü ildə almışdır. Yəni əyani təhsilə 2 il 6 ay vaxt sərf etmişdir. İxtisası texnik inşaatçı olduğu üçün ömrünü bu sənətə bağlamışdır. 1973-cü ilin aprel ayının 2-dən Sumqayıtda yerləşən 21 №-İi Tikinti İdarəsində 2 dərəcəli quraşdırıcı kimi işləməyə başlamış, 1 il ərzində quraşdırıcı peşəsi üzrə 3-cü və 4-cü dərəcələri almışdır. 1974-cü ilin may ayından 1976-cı ilin may ayına kimi 2 il Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1976-cı ilin iyul ayından yenə də 2 №-li trestin 28 №-li Tikinti İdarəsində 4-cü və 5-ci dərəcəli quraşdırıcı peşələri üzrə işləmişdir. İdarənin adı sonradan dəyişdirilib 168 №-li X1 adlandırmışdır. 1981-cı ilin fevral ayının 01-dən həmin idarədə işləmişdir. Bundan sonra Apşeron QTİ-də, "Sumqayıtkauçuktəmirtikinti" trestinin "Mənzil Təmir-Tikinti" İdarəsində, "Azərrabitəinşaat" Birliyinin 3 №-li TQİ-də, "Azərmənzilsənayetikintitəmir” Birliyinin” Mənzil Təmir-Tikinti" İdarəsində 5-ci dərəcəli quraşdırıcı, daha sonra usta və iş icraçısı vəzifəsində işləmişdir. 1994-2001-ci illərdə 1 №-li Tikinti-Quraşdırma İdarəsində və Tikinti X3ndə 5-ci dərəcəli quraşdırıcı və iş icraçısı işləmişdir. Əmək fəaliyyəti barədə ətraflı məlumatlar iddia ərizəsinə əlavə etdiyi əmək kitabçanın təsdiqlənmiş surətindən və qısa formada əmək fəaliyyəti barədə tərtib etdiyi və iddiaya əlavə etdiyi cədvəldən görünür. 2001-ci ilin fevral ayının 9-da əmək fəaliyyətini dayandırana qədər, bir neçə dəfə 3- 5 günlük qısa fasilələri nəzərə almasaq, fasiləsiz işləmiş və həmin tarixə ümumi əmək stajı 29 il 7 ay 23 gün təşkil etmişdir. Əslində, 2001-ci ildə də əmək fəaliyyətini dayandırmamış, sadəcə sabit iş yeri olmadığı üçün qeyri-rəsmi fərdi tikinti-quraşdırma işləri ilə məşğul olmuşdur. Sonra ağır xəstəliyə tutulduğu üçün 2011-ci ildən İİ qrup əlilliklə pensiyada olmuşdur. 2020-ci ilin sonunda isə əlilliyi əsassız olaraq ləğv edilmişdir. 01 yanvar 2021 -ci ildən iddiaçıya yaşa görə aylıq 130 manat müavinət təyin edilmişdir. Guya ki, pensiya təyin edilməsi üçün zəruri olan 25 il stajı yoxdur. Əslində iddiaçının təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumi əmək stajı yuxarıda göstərdiyi kimi, 29 il 7 ay 23 gündür. Bu müddətin, sonuncu 11 ayda işlədiyi, müəsssisədən başqa, qalan hissəsi dövlət tikinti təşkilatlarında qazanılmış stajdır. Hətta müəssisə dövlət müəssisəsi olmasa belə, bütün müəssisələrdə arxivlərin saxlanmasına, sosial sığorta ödənişlərinin vaxtı-vaxtında ödənilməsinə nəzarət dövlətin səlahiyyətli orqanları tərəfindən həyata keçirilir. Əgər hər hansı idarənin arxiv sənədləri tapılmırsa, bu iddiaçının günahı deyil və iddiaçı həmin idarələrin arxivinin gözətçisi işləməmişdir. Bu təsərrüfatlarda sosial sığorta ödənişlərinin vaxtaşırı aparılmasına digər dövlət orqanları ilə ilk növbədə Dövlət Sosial Müdafiə Fondu nəzarət edir. Arxivlərin qorunması isə dövlət müəssisələrinin özəlləşdirilməsini həyata keçirən Dövlət Əmlak Komitəsi tərəfindən təmin edilməli idi. Hazırda 68-ci yaşında olduğu və 25 ildən artıq əmək stajı olduğu üçün " Əmək pensiyaları haqqında" Qanunun 7-cı maddəsinə əsasən əlilliyi ləğv edilən tarixdən iddiaçıya müavinət deyil, yaşa görə əmək pensiyası təyin edilməli və ödənilməlidir. Həmin tələbi cavabdeh tərəfindən əsassız olaraq təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Fondun 1 saylı regional ərazi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən 11.11.1994-cü il tarixdən 09.02.2001-ci il tarixədək işlədiyini iddia etdiyi müəssisələrin hüquqi ünvanı məlum olmadığından əmək fəaliyyətini araşdırmaq mümkün olmamış, nəticədə həmin dövrlər sosial sığorta stajına daxil edilməmiş, yaşa görə əmək pensiyasının təyin olunmasından əsaslı olaraq imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğunu və iddiaçının 11.11.1994-29.02.2000, 03.03.2000- 09.02.2001-ci il tarixlərdə həmin müəssisələrdə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara- müəssisələrin hansı dövrlərdə fəaliyyət göstərməsi, vergi uçotunda olması barədə məlumat əldə etmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə, sözügedən müəssisələrdə işləyib-işləmədiyi, işlədiyi təqdirdə işə daxilolma, işdən azad edilmə, məzuniyyət əmrləri, əməkhaqqı cədvəllərinin təqdim edilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, statistik vahidlərin dövlət reyestrində qeyd edilən müəssisələrə dair məlumatların mövcud olub-olmaması, həmin müəssisələrin dövlət qeydiyyatından keçmə tarixi, fəaliyyət dövrü və işlə bağlı əhəmiyyət kəsb edən digər məlumatların təgdim edilməsi ilə bağlı sorğular göndərilmişdir. İş materiallarına əsasən, Sumqayit Şəhər Statistika İdarəsi tərəfindən təqdim edilmiş 04 noyabr 2021-ci il tarixli 135 nömrəli məktubda “1 №li Tikinti Quraşdırma İdarəsi” və “İndividual Enterprise Tikinti X3”nin şəhər statistika idarəsinin statistik vahidlərin dövlət reyestr qeydiyyatında mövcud olmadığı qeyd edilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 01 noyabr 2021-ci il tarixli **********34 nömrəli məktubda Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisə tərəfindən təqdim olunan sənədlər əsasında aparıldığı, sözügedən müəssisələrə dair sənədlər təqdim edilmədiyi üçün dövlət əmlakının Registrində həmin müəssisələr barədə məlumatın qeydiyyata alınmadığı qeyd edilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş 26 oktyabr 2021-ci il tarixli **********429700 nömrəli məktubda “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Sumqayıt Təmir Tikinti Quraşdırma İdarəsinin 03.01.2005-ci il tarixdə vergi uçotuna alındığı və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdə olduğu, həmçinin hüquqi şəxslərin dövlət reyestr məlumatlarında “İndividual Enterprise Tikinti X3” adlı hüquqi şəxsin aşkar edilmədiyi qeyd edilmişdir Məlum olduğu kimi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1-ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖEN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Lakin göründüyü kimi, 2000-2001-ci illərdə işlədiyi iddia olunan “İndividual Enterprise Tikinti X3’’ hüquqi şəxslərin dövlət reyestr məlumatlarında ümumiyyətlə aşkar edilməmişdir. Digər tərəfdən, işlədiyi iddia olunan ikinci bir müəssisə- “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Sumqayıt Təmir Tikinti Quraşdırma idarəsi 03.01.2005-ci il tarixdə vergi uçotuna alınaraq VÖEN əldə etmişdir. Lakin iddiaçı H.M. Əliyev isə 11.11.1994- 29.02.2000-ci illərdə həmin müəssisədə işlədiyini iddia edir. Belə olan halda həmin tarixədək (1994-2000) müəssisənin fəaliyyət göstərməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 11.11.1994-ci il tarixdən 29.02.2000-ci il tarixədək “1 №li Təmir Tikinti Quraşdırma İdarəsi”ndə, 03.03.2000-ci il tarixdən 09.02.2001-ci il tarixədək İndividual enterprise Tikinti X3ndə işləməsinə dair edilmiş qeydlər şübhə altına düşdüyündən sübut qismində qəbul edilə bilməz. İş materiallarından aydın olur ki, iddiaçının 11.11.1994-ci il tarixdən 29.02.2000-ci il tarixədək “1 №li Təmir Tikinti Quraşdırma İdarəsi”ndə, 03.03.2000-ci il tarixdən 09.02.2001-ci il tarixədək individual enterprise Tikinti X3ndə işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, qeyd olunan illər ərzində həmin müəssisədə çalışmasına dair hər hansı sənəd - işə qəbul və işdən çıxma əmrləri, T-2 şəxsi vərəqəsi, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 11.11.1994-ci il tarixdən 29.02.2000-ci il tarixədək “1 №li Təmir Tikinti Quraşdırma İdarəsi”ndə, 03.03.2000-ci il tarixdən 09.02.2001-ci il tarixədək individual enterprise Tikinti X3ndə işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Buna görə də həmin dövrlər (1994-2000, 2000- 2001) sosial sığorta stajına daxil edilə bilməz. Yuxarıda qeyd edilmiş və iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, sözügedən müəssisələrin nəinki iddia olunan dövrlərdə fəaliyyət göstərməsi, həmçinin İddiaçı həmin müəssisələrdə işləməsi faktı öz təsdiqini tapmır. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1,4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. İş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, məhkməyə təqdim etdiyi yazılı izahaında qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən (mübahisələndirilən dövrlər- 11.11.1994- 09.02.2001 çıxılmaqla) sığorta stajının hesablanma proseduru aşağıdakı kimidir: 1970.09.01-1973.02.27 2 il 5 ay 26 gün (təhsil illəri) 1973.04.02-1974.04.22 1 il 20 gün 1974.05.14-1976.05.14 2 il (hərbi xidmət illəri) 1976.07.05-1986.01.21 9 il 6 ay 16 gün 1986.01.24-1990.07.02 4 il 5 ay 8 gün 1990.07.06-1991.04.12 9 ay 6 gün 1991.04.15-1992.01.15 9 ay 1992^1.21-1994.11.01 2 il 9 ay 10 gün 23 il 9 ay 26 gün Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı yaşa görə əmək pensiyası hüququ 28.02.2018-ci il tarixdə yaranmışdır. 01.01,2018-ci il tarixdən 01,10.2019-cu il tarixədək tələb olunan pensiya kapitalının məbləği 16742,88 manat, əmək pensiyasının minimum məbləği isə 116,27 manat təşkil etmişdir. Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı il tarixədək 23 il 9 ay 26 gün ümumi iş stajı olan İddiaçı fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (23 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 9 ay)+ (306 manat: 365 gün x 26 gün) = 7289,3 manat. 01 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1- ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir: 7289,3+ 8.3% + 16.7% + 20.8% + 1.5% + 5.7% + 7.9% + 1.1% + 2.4% + 1.4% + 4% + 12.4% + 5.7%= 16710,68. Bu isə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 16742,88 manatdan azdır (16710,68< 16742,88). Göründüyü kimi, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 illik sığorta stajına və ya pensiya kapitalına malik deyil. Sonda cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh orqan isə qeyd edir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materialları ilə müəyyən olunur ki; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 18.10.2021-ci il tarixli sorğusuna Sumqayit Şəhər Statistika İdarəsinin 04 noyabr 2021-ci il tarixli 135 nömrəli cavab məktubunda “1 №li Tikinti Quraşdırma İdarəsi” və “İndividual Enterprise Tikinti X3”nin şəhər statistika idarəsinin statistik vahidlərin dövlət reyestr qeydiyyatında mövcud olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 18.10.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 01 noyabr 2021-ci il tarixli **********34 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisə tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. Sözügedən müəssisələrə dair sənədlər təqdim edilmədiyi üçün dövlət əmlakının Registrində həmin müəssisələr barədə məlumat qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 18.10.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş 26 oktyabr 2021-ci il tarixli **********429700 nömrəli cavab məktubunda “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Sumqayıt Təmir Tikinti Quraşdırma İdarəsinin 03.01.2005-ci il tarixdə vergi uçotuna alındığı və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdə olduğu, həmçinin hüquqi şəxslərin dövlət reyestr məlumatlarında “İndividual Enterprise Tikinti X3” adlı hüquqi şəxsin aşkar edilmədiyi qeyd edilmişdir. Cavabdehin qeyd edir ki, iddiaçının 11.11.1994-ci il tarixdən 29.02.2000-ci il tarixədək “1 №li Təmir Tikinti Quraşdırma İdarəsi”ndə, 03.03.2000-ci il tarixdən 09.02.2001-ci il tarixədək individual enterprise Tikinti X3ndə işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, qeyd olunan illər ərzində həmin müəssisədə çalışmasına dair hər hansı sənəd - işə qəbul və işdən çıxma əmrləri, T-2 şəxsi vərəqəsi, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 11.11.1994-ci il tarixdən 29.02.2000-ci il tarixədək “1 №li Təmir Tikinti Quraşdırma İdarəsi”ndə, 03.03.2000-ci il tarixdən 09.02.2001-ci il tarixədək individual enterprise Tikinti X3ndə işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Buna görə də həmin dövrlər (1994-2000, 2000- 2001) sosial sığorta stajına daxil edilə bilməz. Yuxarıda qeyd edilmiş və iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, sözügedən müəssisələrin nəinki iddia olunan dövrlərdə fəaliyyət göstərməsi, həmçinin İddiaçı həmin müəssisələrdə işləməsi faktı öz təsdiqini tapmır. İddiaçı qeyd edilənlərinin əksini sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavbdeh qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1,4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində qanun pozuntusu müəyyən edilmir və məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar