Məhkəmə qərarları › İş №2-1(118)-1932/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1932/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1932/2022 14.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X2, X1, X5 və X6 ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mərhum anası X9 məxsus olmuşdur. xx.xx.2015-ci ildə iddiaçının anası Raya Əbdulova vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun adına rəsmiləşdirilmişdir. Hazır ki, iddia tələbi üzrə 3-cü şəxslər iddiaçının bacıları və bacısı uşaqlarıdır və miras əmlak iddiaçının adına rəsmiəşdirilən zaman bacıları özlərinə çatası paydan iddiaçının xeyrinə imtina etmişdilər. Zülfüqarova Ülviyyə 1999-cu ildə, Mizəbəyova Fəridə isə 2004-cü ildə ailə həyatı quraraq birdəfəlik həmin evi tərk etmişdilər. Onların mənzilində qeydiyyatda qalması ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh təşkilat isə nümayəndəsinin iştrakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. Lakin üçüncü şəxslərə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvanda yaşamır” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-15830A-3222 nömrəli, 05 may 2022-ci il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən verilmiş 29 reyester nömrəli qeydiyyat vəsiqəsinin surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında 11 saylı MİS-dən verilən arayış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, X2 və X1 miras əmlakdan imtina haqqında ərizələrinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin əmlak ona mərhum anası Raya Əbdulovadan vərəsəlik qaydasına keçmişdir. 3-cü şəxs X4 və X3 iddiaçının bacılarıdır və onlara qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilərkən özlərinə çatası paydan imtina etmişdilər. Bununla da həmin şəxslər mübahisə predmeti olan mənzil üzərində olan mülkiyyət hüquqlarını itirmişdilər. Digər üçüncü şəxslər iddiaçının bacısı qızlarıdır və onların mənzildə istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə riayət olunmalıdır. İşin araşdırılan hallarından məlum olur ki, 3-cü şəxslərin qeyd olunan mənzildə pasport qeydiyyatında qalması iddiaçının iradəsinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs- X2, X1, X5 və X6 ünvan 1 üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2, X1, X5 və X6 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar