Məhkəmə qərarları › İş №2-1(118)-1932/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1932/2025

26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1932/2025 26.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X13 Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “HT-İ N-1925593 saylı əmək kitabçasında onun xx.xx.1964-cü ildən xx.xx.1982-ci ilədək və xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək Kəlbəcər X4 fəhlə vəzifəsində, xx.xx.1990-cı ildən tarixdən Kəlbəcər rayonunun işğal olunduğu xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayonu, Bəzirxana kənd natamam orta məktəbdə xadimə və mövsümi olaraq peçqalayan vəzifəsində işlədiyi illər sosial sığorta stajına əlavə edilməklə ona hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16.09.194-cü il tarixdən, Kəlbəcər rayonunun işğal olunduğu xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayonunda müxtəlif sahələrdə və müxtəlif vəzifələrdə işləmiş, ona məxsus HT-İN2 ******* serialı əmək kitabçası ilə təsdiq edilir. Azərbaycan Respublikası Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə müraciətimə əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinin tələblərinə əsasən ona xx.xx.2002-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-ci tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyamın ödənişi davam etdirilmiş və tam reabilitasiya olmağı barədə qərar qəbul edildiyi üçün pensiyasının ödənişi xx.xx.2024-cü il tarixində dayandırılmışdır. Təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarmdakı məlumatlara əsasən ona bildirilmiş ki, qanunvericiliklə təsdiqlənmiş sığorta stajı yoxdur, həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarmdakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabımın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.Göründüyü kimi, cavabdeh orqan onun xahişini təmin etməkdən qanunsuz olaraq imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi X9 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" - Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İddiaçı xx.xx.2002-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1 -ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilmiş və tam reabilitasiya olmağı barədə qərar qəbul edildiyi üçün pensiyanın ödənişi xx.xx.2024-cü il tarixində dayandırılmışdır. Sözügedən Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.Qanunun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş tələblərinə əsasən müvafiq yaşa çatmış şəxslərin azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixindən xx.xx.2010cu il tarixədək qadınların pensiya yaş həddi 57 yaş müəyyən edilmişdir. Həmin Qanunun 22-1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslərdə daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən bildiririk ki, iddiaçının qanunvericiliklə təsdiqlənmiş sığorta stajı yoxdur. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 01.01,2006- cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarına əsasən iddiaçının 1967-ci il tarixdən 1992-ci il tarixədək olan dövrlərə aid sığorta stajı şahidçilik ifadələri üzrə protokol əsasında nəzərə alınaraq xx.xx.2002-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir, lakin təqdim edilmiş HT-1925598 saylı əmək kitabçası ilə sözügedən protokol arasında uyğunsuzluq olduğundan xx.xx.1964-cü il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən sonrakı dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma tarixi olsa da, işdən azadolma tarixi yoxdur) həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.Qeyd olunanları nəzərə alaraq, İddiaçı pensiya yaşı tamam olduğu tarixdə qanunla tələb olunan sığorta stajı (5 il) olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixindən (əlilliyə görə əmək pensiyansının ödənişinin dayandığı tarixdən) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-17-1/2-Q-l56799/2024 saylı, xx.xx.2024-cü il tarixli imtina məktubu, cavabdehin etiraz ərizəsi, Əmək kitabçasının surəti, iddiaçıya aid pensiya işinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun müvafiq pensiya yaşanın və sosial sığorta stajının tamam olduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq fondun mərkəzi filialı hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir.Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin 3-17-1/2-Q-l56799/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciəti müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının (məskunlaşdığı) Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması şəxsə yaşa görə əmək pensiyası hüququ vermiş olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 12.1 -ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslərdə daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 əmək kitabçasına, cavabdehin təqdim etdiyi pensiya işinə və işin faktiki hallarına nəzər saldıqda iddiaçı xx.xx.1964-cü ildən xx.xx.1982-ci ilədək və xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək Kəlbəcər X4 fəhlə vəzifəsində, xx.xx.1990-cı ildən tarixdən, rayonun işğal edildiyi xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayonu, Bəzirxana kənd natamam orta məktəbdə xadimə və mövsümi olaraq peçqalayan vəzifəsində işlədiyi məlum olur. Cavabdeh təşkilat müvafiq sənədlərdə uyğunsuzluğun və əmək kitabçasının doldurma qaydalarına uyğun olmaması səbəbindən sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qəbul etmir. Məhkəmə hesab edir ki, sözügedən əmək kitabçasına müəssisələr tərəfindən edilmiş qeydlərin qanunvericiliyə uyğun olmaması iddiaçının günahı ucbatından olmamışdır.Həmçinin, iddiaçının müvafiq staj illəri cavabdehin sələfləri tərəfindən uzun müddət qəbul edilmiş və ona pensiya təyinatı aparılmışdır. Cavabdeh təşkilatın qeyd etdiyi uyğunsuzluqları işəgötürənin səhlənkarlığı, peşəkarsızlığı ucbatından olması işin hallarına əsasən müəyyən olunur. Ona görə də iddiaçının işlədiyi müvafiq illər onun iş stajının hesablanmaması üçün əsas ola bilməz.Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında göstərilən məlumatların və şahidçilik aktında qeyd edilənlərin həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı qanunvericiliyə əsasən pensiya təminatını həyata keçirmək üçün yalnız bir növ pensiyanı seçmək hüquq vardır. İş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyası hüququ xx.xx.2024-cü ildən dayandırılmış və həmin ərəfədə iddiaçının müraciəti əsasında ona yaşa görə əmək pensiyasının təyinatının aparılması cavabdehdən xahiş edilmişdir. İddiaçıya aid hüquqmüəyyənedici sənədlərdən görünür ki, onun xx.xx.1964-cü ildən xx.xx.1993-cü il tarixə qədər 25 ildən çox iş stajı olmuşdur. Beləliklə, iddiaçıya əlilliyə görə əmək pensiyası hüququnun dayandırıldığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı maneə mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. HT-İ N-1925593 saylı əmək kitabçasında iddiaçının xx.xx.1964-cü ildən xx.xx.1982-ci ilədək və xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək Kəlbəcər X4 fəhlə vəzifəsində, xx.xx.1990-cı ildən tarixdən Kəlbəcər rayonunun işğal olunduğu xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayonu, Bəzirxana kənd natamam orta məktəbdə xadimə və mövsümi olaraq peçqalayan vəzifəsində işlədiyi illər sosial sığorta stajına əlavə edilməklə X3 hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar