Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1935/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Şamaxı rayonu Məlhəm Bələdiyyəsinə qarşı “İddiaçı aid Şamaxı rayonu Məlhəm kəndində zəlzələdən sonra sürüşmə nəticəsində yararsız vəziyyətə düşmüş mülkiyyətində olduğu 0.10 ha ölçüdə torpaq sahəsinin əvəzinə, ona Məlhəm kəndinin sürüşmə olmayan ərazisində eyni 0.10 ha ölçüdə başqa torpaq sahəsinin verilməsinə dair qərar verilməsi öhdəliyinin Məlhəm bələdiyyəsinin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Şamaxı rayonu Məlhəm Bələdiyyəsinə qarşı iddia qaldıraraq “İddiaçı aid Şamaxı rayonu Məlhəm kəndində zəlzələdən sonra sürüşmə nəticəsində yararsız vəziyyətə düşmüş mülkiyyətində olduğu 0.10 ha ölçüdə torpaq sahəsinin əvəzinə, ona Məlhəm kəndinin sürüşmə olmayan ərazisində eyni 0.10 ha ölçüdə başqa torpaq sahəsinin verilməsinə dair qərar verilməsi öhdəliyinin Məlhəm bələdiyyəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Məlhəm kəndində fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətində olan iddiaçıya aid 0,10 Ha ölçüdə (Çıxarış Seriya MA № 0221843) torpaq sahəsi mövcuddur. Bildirir ki, 05.02.2019-cu il tarixdə baş vermiş zəlzələdən sonra ona məxsus bu torpaq sahəsində güclü torpaq sürüşmələri baş verdiyindən bu ərazi hər hansı bir təyinat üçün istifadəyə yaramayan, bərpası mümkün olmayan yararsız vəziyyətə düşmüşdür. Həmin torpaq sahəsində hər hansı tikinti-inşaat işlərinin aparılması mümkün deyildir. Belə ki, həmin ərazidə hər hansı tikinti-inşaat işlərinin aparılması qarşısıalınmaz faciələr baş verməklə insan həyatı və sağlamlığı üçün ağır fəsadlarla və arzuolunmaz faciəvi sonucla nəticələnə bilər. Həmçinin bildirir ki, iddiaçının torpağı sürüşmə nəticəsində təhlükəli və yararsız vəziyyətə düşdüyündən həmin torpaq sahəsi digər (əkin, kənd təsərrüfatı və s.) təyinatlar üçün də istifadə edilə bilməz. Ərizədə yazılan həqiqətlər yerində baxış keçirilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 16.06.2011-ci il tarixli, №18/B-068 nömrəli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 05.05.2021-ci il tarixli, №**********26 nömrəli məktubları (rəyləri) ilə ətraflı olaraq tam təsdiq edilmişdir. Qeyd edilənlərlə bağlı Məlhəm bələdiyyəsinin sədri cənab Soltanpaşa Məlikova 23.07.2021-ci il tarixdə rəsmi qaydada ərizə yazıb xəbərnaməli məktubla müraciət etmiş və xahiş etmişdir ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçının zəlzələdən sonra sürüşmə nəticəsində yararsız vəziyyətə düşmüş mülkiyyətində olan (0,10 Ha ölçüdə) torpaq sahəsini Məlhəm kəndinin sürüşmə olmayan yerində eyni ölçüdə digər torpaq sahəsi verilməklə əvəz edilməsi barədə sərəncam versin. Məktub 29.07.2021-ci il tarixdə Məlhəm bələdiyyəsinə verilmişdir. Bu barədə Şamaxı rayon Məlhəm Poçt filialının 16.09.2021-ci il tarixli cavab teleqramını Məhkəməyə təqdim etmişdir. Məlhəm bələdiyyəsinin sədri kifayət qədər vaxt keçməsinə baxmayaraq ərizəyə münasibət bildirməmiş, məktuba cavab verməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı Məlhəm bələdiyyəsi ərazisində ona məxsus 0.10 ha həyətyanı torpaq sahəsinin zəlzələ nəticəsində sürüşməyə məruz qalaraq yararsız vəziyyətə düşdüyü üçün ona həmin ölçüdə başqa torpaq sahəsinin verilməsinə dair iddiasına etiraz edirlər. Belə ki, bələdiyyənin perespektiv inkişaf fondunda torpaq sahəsinin olmadığı üçün onun iddiasını təmin etmək mümkün deyildir. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh inzibati orqanın hazırkı iddia tələbi ilə bağlı qanundan irəli gələn hər hansı bir öhdəliyi mövcud deyil. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi Qanunvericiliklə tənzimlənir. İş materiallarından görünür ki, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 22.04.2005-ci il tarixli, 04 saylı qərarı əsasında iddiaçıya torpaq sahəsi ayrılmışdır. İddiaçının torpaq sahəsinin sürüşmə nəticəsində yararsız vəziyyətə düşməsi bələdiyyənin məsuliyyəti hesab edilmir. Sözügedən torpaq sahəsinin digər torpaq sahəsi ilə əvəz edilməsi bələdiyyənin səlahiyyətlərinə aid edilə bilməsi qanunvericiliklə tənzimlənməmişdir və bələdiyyənin bu cür öhdəliyinin olması müəyyən edilmir. Bundan əlavə cavabdeh Bələdiyyə iddiaya etirazında qeyd etmişdir ki, bələdiyyənin perespektiv inkişaf fondunda torpaq sahəsinin olmadığı üçün onun iddiasını təmin etmək mümkün deyildir. Bu isə yuxarıda qeyd edilənlərdən başqa faktiki olaraq torpaq sahəsinin olmaması baxımındanda iddianı mümkünsüz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1935/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1935/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver