Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1935/2022 24.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X4 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon Bartaz kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Zəngilan rayon Bartaz kənd orta məkətbində ixtisası üzrə müəllim işlədiyi müddətin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon Bartaz kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1956-ci il tarixdə Zəngilan rayonu Bartaz kəndində anadan olmuşdur. 1974-cü il tarixdə S.M.Kirov adına X10 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1982-ci il tarixdə orada riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. O, hazırda təqaüdçüdür və 400 manat pensiya alır. İddiaçı pensiyasının məbləğinin az olmasının səbəbi ilə maraqlandıqda ona məlum olmuşdur ki, ona əmək pensiyası təyin edilərkən xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti barədə işə daxil olma əmri qeyd olunmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Halbuki, həmin dövr onun əmək kitabçasında qeyd edilmişdir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin təqdim edilmiş sənədlərə əsasən əmək kitabçasının surətində qeyd olunmuş Zəngilan rayonu Bartaz kənd orta məktəbindəki xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərdə işə daxilolma əmri qeyd olunmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı və nəticədə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarına əsasən, M.C.X6 rayon şöbəsinin 2008-ci il tarixli qərarı ilə İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdə ödəniş dayandırılmışdır. Daha sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada 400,09 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin maddənin tələblərinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar təyin olunmuş pensiyanın məbləği xx.xx.2022-ci il tarixdən 413,68 manata çatdırılmışdır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı yaşa görə pensiyanın yenidən hesablanması ilə bağlı müraciətinə müvafiq olaraq xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 39871,77 manat pensiya kapitalı əsasında təyin olunmuş əmək pensiyası yenidən hesablanmış və məbləğdə (413,68 manat) dəyişiklik olmamışdır. İddiaçı məxsus əmək kitabçasının dublikatında xx.xx.1982- ci il tarixdə Zəngilan rayonu Bartaz kənd orta məktəbdə işə daxil olması barədə qeyd öz əksini tapsa da, işə daxilolma barədə əmr mövcud olmamış, həmin qeydin yazılmasına əsas olan hissədə yalnız RTŞ-nin xx.xx.2008-ci il tarixli aktı qeyd edilmişdir. Digər tərəfdən, həmin dublikatda sözügedən məktəbdə işdən azad edilməsi barədə qeyd öz əksini tapmamışdır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki,o, xx.xx.1956-cü il təvəllüdlüdür. -iddiaçıya məxsus ******* seriyalı əmək kitabçasından görünür ki, xx.xx.1973-xx.xx.1975-ci illərdə və xx.xx.1978-xx.xx.1978-ci illərdə “Знаменоcец” kombinatında, xx.xx.1978xx.xx.1980-cı illərdə “Bakı Yastıq zavodu”nda, xx.xx.1980-xx.xx.1982-ci illərdə DİN Sənaye Kombinatında, xx.xx.1982-xx.xx.1994-ci illərdə və xx.xx.1994-xx.xx.2002-ci illərdə Zəngilan rayon Bartaz kənd orta məktəbində, xx.xx.2002-xx.xx.2014-cü illərdə Zəngilan rayon 38 nömrəli orta məktəbdə işləmişdir. -Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1993-cü il tarixlərdə (Zəngilan rayonu işğal olunan günədək) Zəngilan rayon Bartaz kənd orta məktəbində müəllim vəzifəsində çalışmışdır. -Zəngilan rayon təhsil sektoru tərəfindən təsdiq olunmuş xx.xx.2008-ci il tarixli aktdan görünür ki, X1 və X5 öz ifadələri ilə İddiaçı xx.xx.1982-xx.xx.1993-cü il tarixlərdə (Zəngilan rayonu işğal olunan günədək) Zəngilan rayon Bartaz kənd orta məktəbində onlarla birlikdə işlədiyini təsdiq edirlər. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Şərqi Zəngəzur Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Zəngilan rayonunun 29 oktyabr 1993-cü il tarixində işğal olunması səbəbindən rayonun inzibati ərazisindən müvafiq təşkilati sənədlərin götürülməməsi ilə əlaqədar olaraq İddiaçı haqqında tələb edilən sənədlərin X8 Təhsil idarəsi tərəfindən təqdim edilməsi mümkün deyildir. Həmçinin İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1994-cü il tarixədək Zəngilan rayon Bartaz kənd orta məktəbində çalışması barədə Zəngilan rayon təhsil sektoru tərəfindən təsdiq olunmuş xx.xx.2008-ci il tarixli aktın surəti (əlavə olunur) məhkəməyə göndərilir. Məhkəmənin sorğusuna əsasən Zəngilan rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan Rayon Bartaz kənd orta məktəbinin sənədləri arxivə daxıl olmadığı üçün sorğunun cavablandırılması mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehin imtinasının dəlili ondan ibarətdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ən azı 25 il sosial sığorta stajı tələb olunduğu halda onun sosial sığorta stajı 21 il 9 ay təşkil edir. Belə ki, cavabdeh iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü mübahisələndirir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün müraciət etdikdə cavabdeh inzibati orqan onun əmək kitabçasında qeyd olunan 1982-1993-cü illərə aid iş stajını qəbul etməyərək onun cəmi 21 il 09 ay sosial sığorta stajına malik olması qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının işə qəbul edilməsi barədə qeydin əmək kitabçasına sonradan əlavə edildiyi, əsas kimi isə Rayon Təhsil Şöbəsinin xx.xx.2008-ci il tarixli aktının göstərildiyinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, Zəngilan rayonu xx.xx.1993-cü ildə işğal edilməsi və müəssisə, idarə və təşkilatların sənədləşməsinin əksəriyyətinin işğal zonasında qaldığı məlum faktdır. İddiaçının mübahisələndirilən dövrdə Zəngilan rayon Bartaz kənd orta məktəbində işləməsi əmək kitabçası ilə və Zəngilan rayon Təhsil Şöbəsinin verdiyi arayışla öz təsdiqini tapır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçının sonrakı əmək fəaliyyəti də Zəngilan rayonunun müxtəlif orta məktəbləri ilə bağlı olmuşdur, onun xx.xx.1982-ci il tarixdə işə qəbul edilməsi barədə qeyd Zəngilan rayon Təhsil Şöbəsinin möhürü ilə təsdiq olunmuş və həmin qeydin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əmrin tarixi və nömrəsi barədə məlumatın olmaması iddiaçının təqsiri olmadan üzürlü səbəbdən baş vermişdir. Bu hal onun işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Beləliklə də, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı dövrlər və işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə olan halda məhkəmə hesab edir ki, idida təmin edilməli və İddiaçı xx.xx.1982ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon Bartaz kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayon Bartaz kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa göprə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1935/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1935/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver