Məhkəmə qərarları › İş №2-1(118)-1937/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1937/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1937/2021 12.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialına qarşı “ona 64 yaşı tamam olduğu tarixdən, yəni 18.05.2019-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Xaçmaz şəhərində doğulmuş, 22.05.1973-cü ildən 12.05.1975-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 01.09.1975-ci ildən 27.02.1978-ci ilə kimi Bakı Poltexnikumunda orta ixtisas üzrə təhsil almışdır. Bundan sonra o, 10.04.1978-ci ildən 13.02.1980-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 107 N-li Tikinti İdarəsinin 3 N-li Evtikmə Kombinatında rəngsaz, 13.02.1980-cı ildən 30.07.1981-ci ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 104 N-li Tikinti İdarəsinin 3 N-li Evtikmə Kombinatında rəngsaz, 05.08.1981-ci ildən 05.05.1986-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 103 Ns-li Tikinti İdarəsinin 3 N-li Evtikmə Kombinatında izolyasiyaçı, usta, iş icraçısı, 06.05.1986-cı ildən 22.02.1988-ci ilə qədər “Samur-Abşeronsutikinti” Trestininin 13 N-li Təmir-Tikinti İdarəsində usta, izolyasiyaçı, 23.02.1988-ci ildən 01.09.1997-ci ilə qədər Abşeron rayonlarlarası Texniki İnventarlaşdırma Bürosunda mühəndis vəzifələrində işləmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı, hərbi xidmətə getməmişdən öncə Xaçmaz rayonu “İliç yolu” sovxozunda 1969- 1973-cü illərdə mövsümi işlərdə əmək fəaliyyəti ilə məşğul olmuş və bu barədə müvafiq Arxiv Arayışları əldə edilmişdir. Həmin Arxiv arayışlarından da göründüyü kimi, iddiaçı 1969-cu il üzrə iyul, avqust, sentyabr, 1970-ci il üzrə iyul, avqust, 1971-ci il üzrə iyun, iyul, avqust, 1972-ci il üzrə oktyabr, noyabr, 1973-cü il üzrə yanvar, fevral, mart, aprel, may aylarında işlədiyi üçün əmək haqqı almışdır. Sadaladığı faktlardan göründüyü kimi, iddiaçının təhsil, hərbi xidmət, arxiv arayışları və əmək kitabçası üzrə qeydləri daxil olmaqla ümumilikdə 25 il 10 ay ümumi iş stajı mövcuddur. «Əmək pensiyaları haqqında» AR Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Onun 64 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan 22.10.2020-ci il tarixli **********6 N-li imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, onun tələb olunan iş stajı və fərdi hesabında pensiya kapitalı mövcud deyil. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək iddiaçıya 64 yaşı tamam olduğu tarixdən, yəni 18.05.2019-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən 25 il sosial sığorta stajı və ya 28800 manat pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsinin qanunazidd olduğu, həmçinin 1969-1973-cü illər əmək kitabçasında qeyd olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011- ci il tarixli 17 N-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabçasında, hərbi biletində, diplomunda qeyd edilmiş bütün tarixlərə əsasən sosial sığorta stajının hesablanması proseduru aşağıdakı kimidir: 1973.05.22-1975.05.12 (hərbi xidmət illəri 1 il 11 ay 20 gün) 1975.09.01-1978.02.27 (təhsil illəri 2 il 5 ay 26 gün) 1978.04.10-1980.02.13 ( 1 il 10 ay 3 gün), 1980.02.13-1981.07.30 (1 il 5 ay 17 gün), 1981.08.05-1986.05.05 (4 il 9 ay), 1986.05.6-1988.02.22 (1 il 9 ay 16 gün), 1988.02.23-1997.09.01 (9 il 6 ay 8 gün) ümumilikdə 23 il 9 ay. Göründüyü kimi, İddiaçı ümumi iş stajı 23 il 9 aydır. Belə ki, iddiaçının 1969-cu il tarixdən 1973-cü il tarixədək Xaçmaz rayonu “İliç yolu sovxozu”nda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışı ilə təsdiqləndiyindən və əmək kitabçasında öz əksini tapmadığından həmin müddətlər sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 22.10.2020-ci il tarixli **********6 saylı imtina məktubu, etiraz ərizəsi, Xaçmaz rayon Dövlət Arxivinin verdiyi arayışlar, iddiaçıya aid Əmək kitabçasının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Xaçmaz rayonu “İliç yolu” sovxozunda 1969-1973-cü illərdə mövsümi işlərdə əmək fəaliyyəti ilə məşğul olmuş və bu barədə müvafiq Arxiv arayışları əldə edilmişdir. Həmin Arxiv arayışlarından da göründüyü kimi, iddiaçı 1969-cu il üzrə iyul, avqust, sentyabr, 1970-ci il üzrə iyul, avqust, 1971-ci il üzrə iyun, iyul, avqust, 1972-ci il üzrə oktyabr, noyabr, 1973-cü il üzrə yanvar, fevral, mart, aprel, may aylarında işlədiyi üçün (ümumilikdə 1 il 3 ay ) əmək haqqı almışdır. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlər, təhsil, hərbi xidmət, arxiv arayışlarına və Əmək kitabçasına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Beləliklə Xaçmaz rayon Dövlət Arxivinin verdiyi arayışlarda, Əmək kitabçasında qeyd olunan müəssisələrdə İddiaçı işlədiyi müddət üzrə əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-ci ilin iyun ayının 30-dək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 yaşında, yəni 18.05.2019-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli İddiaçı 64 yaşı tamam olduğu tarixdən, yəni 18.05.2019-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 64 yaşı tamam olduğu tarixdən, yəni 18.05.2019-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar