Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1937/2022 09.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə güzəştli əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə Qubadlı rayonunda anadan olmuşdur, 3 övladı vardır. Uşaqları yetkinlik yaşma çatmışdırlar. İddiaçı 1982- 1983-cü illərdə 17 saylı Texniki Peşə Məktəbində təhsil almış və 1983-cü ilin avqust ayının 9-da 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində “rəngsaz” vəzifəsində əmək fəaliyyətinə başlamış və daha sonra “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda “butaden sterol”, kimyəvi analiz laborantı vəzifəsində çalışmışdır. İddiaçının ümumi əmək stajı və həmin əmək stajının qanunla müəyyən edilmiş müddətdən artıq hissəsinin zərərli iş sahəsinə aid edilməsi onun pensiyaya çıxmağına tam əsas verir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən qadınlar 55 yaşa çatdıqda, azı 20 il sığorta stajı olduqda və bu müddətin 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. İddiaçının topladığı ümumi əmək stajı 20 ildən çoxdur və bunun da 10 ildən artıq həssisini AR Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarına əsasən zərərli işlərdə çalışdığı sahə hesab olunduğu üçün ona pensiya təyin olunmalıdır. İddiaçı pensiyanın təyin olunması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş,lakin cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda ona pensiya kapitalının az olması səbəbindəən pensiyanın təyin olunmasından imtina edilmişdir. Halbuki iddiaçı tərəfindən toplanan əmək stajı ona güzəştli əsaslarla əmək pensiyasının təyin olunmasına tam imkan verir. Buna görə də o cavabdehin bu hərəkəti ilə razılaşmır,həmin imtinanı qanunsuz və əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, "Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajı olduqda və bu müddətin 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olduğunu və onun ümumi əmək stajının 20 ildən çox, bunun 10 ildən artıq hissəsinin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarına əsasən zərərli işlərdə çalışdığı sahə hesab olunduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin i ş İ ə rd ə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (55 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. İddiaçı münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 53270,28 manat nəzərdə tutulduğu halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27842,60 manat təşkil edir. Göründüyü kimi qanunla tələb olunan dördüncü şərt ödənilmir. Müvafiq maddənin hazırda qüvvədə olan müddəalarına əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (63-5=58 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır İşlərdə işlədikdə. Müvafiq normaya əsasən, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hüququ xx.xx.2024-cü il tarixdə yaranır. Göründüyü kimi qanunla tələb olunan birinci şərt ödənilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Beləki, iddiaçının 20 ildən artıq ümumi sığorta stajının olması və həmin stajın 10 ilini əmək şəraiti zərərli işləməsi işin mübahisə olunmayan halıdır. Cavabdeh iddiaçıya pensiya təyin edilməsindən 2 əsasla imtina edir: 1) İddiaçı münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 53270,28 manat nəzərdə tutulduğu halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27842,60 manat təşkil edir. 2) “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (63-5=58 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır İşlərdə işlədikdə. Müvafiq normaya əsasən, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hüququ xx.xx.2024-cü il tarixdə yaranır. Göründüyü kimi qanunla tələb olunan birinci şərt ödənilmir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan hazırkı mübahisəyə tətbiq edilməli hüquq normalarını tətbiq etməyərək iddiaçının hüquqlarını pozmuşdur. Beləki “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı yaranmışdır- 20 ildən artıq sosial sığorta stajı olmaqla 10 ildən artıq müddətini xüsusi iş stajını təşkil edir. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq olunacaqdır. “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə- “İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı” üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından, həmçinin arayışdan da göründüyü kimi iddiaçı xüsusi zərərli iş şəraitində işləmişdir. Cavabdeh orqanın etiraz üçnün dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının tələb olunan pensiya kapitalı yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz və iddiaçıya pensiya təyinatı ilə bağlı tələbinə cavabdeh inzibati orqanın pensiya kapitalı ilə bağlı normaları tətbiq etməsi aşkar qanun pozuntusudur. Beləki bununla bağlı qanunvericilikdə aydın formada ifadə olunmuş tənzimləmə mövcuddur. Cavabdehin imtinasında istinad etdiyi müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Bundan əlavə hazırkı mübahisəyə əvvəllər qüvvədə olan qanunvericilik tətbiq edilməsə belə, qanunvericilyə son olan dəyişikliklər ilə bu kateqoriya işlərdə pensiya kapıtalı tələbi nəzərdə tutulmamışdır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (63-5=58 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır İşlərdə işlədikdə. Müvafiq normaya əsasən, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hüququ xx.xx.2024-cü il tarixdə yaranır. Göründüyü kimi qanunla tələb olunan birinci şərt ödənilmir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın bu dəlili də əsaslı deyildir. Belə ki, iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq olunduğundan onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. Beləliklə qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 52 yaşında yarandığı üçün ona həmin tarixdən pensiya təyin edilməli, lakin pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesblanmalıdır. İş materiallarından görsənir ki, iddiaçı 07 mart 2022-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun pensiyası 07 mart 2019-cu il tarixdən hesablanmalı və ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı, 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 07 mart 2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1937/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1937/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver