Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1937/2024 13.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdeh qurumun Tibbi Sosial Ekspert Komissiyası tərəfindən barəsində qəbul olunmuş “əlilliyin qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması və ona 2-ci dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir . İddia onunla əsaslandırılmışdır ki, bağırsaq bitişmələri, keçməməzlik ilə, qarın boşluğunun bitişmə xəstəliyi və digər ağır xəstəliklərdən əziyyət çəkir. Xəstəlikləri ilə əlaqədar uzun illərdir ki, 2-ci dərəcəli əlillik təyin olunmuş və əməyə qadir olmamışdır. Lakin, 2021-ci ildə heç bir səbəb olmadan ona əlilliyin təyin olunmasından imtina olunmuş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. Qeyd edir ki, imtina əsassızdır. Belə ki, uzun illərdir ki, ağır xəstədir. Əgər onda xəstəlik olmasa idi ona vaxtı ilə əlillik dərəcəsi təyin olunmazdı. Əlavə müalicə təyin olunmadan ona 2-ci dərəcəli əlillik təyin olunmalı idi. Buna baxmayaraq, xəstəxalarda müalicələr almışdır. Əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisələrinin həkim məsləhət komissiyaları tərəfindən tibbisosial ekspertiza müayinəsinə göndərişlər verilsə də, nəticədə imtinalar eyni əsaslarla təkrarlanmışdır. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunur ki, sizin əlillik vəziyyətiniz “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0329003AARG0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: əlavə müalicə ixtisaslaşmış müalicə davam etsin) barədə qərar verilmişdir. Lakin, həmin qərar ayrıca akt şəklində ona təqdim edilməmişdir. Cavabdeh tərəfindən göstərilən imtina səbəbi əsassızdır, ona 2-ci dərəcəli əlillik təyin olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, izah edilmişdir ki, iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, iddiaçıya təyin edilmiş 2-ci dərəcə əlillik 2021-ci ildən dayandırılmışdır. İddiaçı qeyd edir ki, Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunur ki, sizin əlillik vəziyyətiniz “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0329003AARG0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: əlavə müalicə ixtisaslaşmış müalicə davam etsin) barədə qərar verilmişdir. Lakin, həmin qərar ayrıca akt şəklində ona təqdim edilməmişdir. İddiaçı hazırda xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması və onun 2-ci dərəcə əlilliyinin bərpa edilməsini istəyir. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Lakin iddiaçı sözügedən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bundan sonra əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən həyata keçirilir və onun nəticəsində əlilliyin müəyyən olunmasına dair qərar qəbul edilir. Belə ki, iddiaçıya əlilliyin bərpası ilə bağlı müraciətinə baxılması üçün ilkin olaraq tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş olmalıdır. Bundan sonra isə iddiaçı cavabdeh inzibati orqanın qərar və hərəkətlərindən narazı qalarsa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə imkanlarından istifadə etməsi istisna edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev