Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-194/2024 04.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirtakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsini Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarına əsasən əldə etmiş, torpağın dəyəri kimi 300 manat pul vəsaitini ödəmişdir. Həmin qəbzin surətini iddia ərizəsinə əlavə etmişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək imtina cavabı verilmişdir. Qeyd edilən alqı-satqı müqaviləsi Qobu bələdiyyəsi tərəfindən tərtib etməli idi, iddiaçının səhvi ucbatından yaranan problem deyil. Alqı-satqı müqaviləsinin verilməsi və tərtib edilməsi məsuliyyətini Qobu bələdiyyəsi daşıyır. Ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi ləğv olunub, həmin şöbənin möhürünün olub-olmamasının heşç bir əsası yoxdur. İddiaçı həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir və torpaq sahəsi üçün vergisini vaxtı-vaxtında ödəyir. Ona görə də hesab edir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırına zamanı Qobu bələdiyyəsi tərəfindən iddiaçıya 0,08 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının xx.xx.2016-cı il tarixdə verildiyi, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 17 nömrəli qərarının arxiv arayışının təqdim edilmədiyi, Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarından görünür ki, Qobu bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsi satılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Qobu Qobu bələdiyyə ərazisində 0,08 ha torpaq sahəsi İddiaçı satılmışdır. - DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli rəydən görünür ki, Qobu bələdiyyəsinin ehtiyat fondundan torpaq sahələrinin İddiaçı və digərlərinə satılmasına etiraz etmir. - Abşeron rayonu Qobu bələdiyyəsi, Abşeron RİH və Memarlıq Tikinti şöbəsi, DT və XK Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə layihələndirilməsi üçün 0,08 ha 1762 saylı torpaq sahəsi İddiaçı təhvil verilmişdir. - Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - 27 dekabr 2006-cı il tarixli, 60 saylı qəbzdən görünür ki, İddiaçı Qobu bələdiyyəsinin hesabına 300,0 manat köçürmüşdür. - Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli Azərbayan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin (ləğv olunmuş) müvafiq rəyinə əsasən 01 avqust 2007-ci il tarixli, 17 saylı qərar ilə fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı istifadsinə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin cizgi akt tərtib edilmiş, torpaq sahəsinə dair Abşeron rayon Qobu bələdiyyəsinin yerquurluşu planından çıxarış təqdim olunmuşdur. torpaq sahəsindən istifadə olunmasına dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixədək torpaq vergisi ödənimişdir. - Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Qobu bələdiyyəsinin 2013-cü ilədək olan torpaqayırma sənədləri qorunması və mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxiv İdarəsinə göndərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarında İddiaçı adı aşkar ediməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinanın dəlilləri kimi göstərilmiş torpağın alqısatqısında dair aktın sonradan tərtib edilməsi, torpaq sahəsinin yerquruluşu planından çıxarışın ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiqlənməməsi iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Qərarın arxiv əsaslarının Abşeron rayon Dövlət Arxivində aşkar edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, bələdiyyə qərarının əsası iddiaçıdadır, həmin qərarın ləğv edilməsi və ya etibarsız hesab edilməsi hər hansı məlumat mövcud deyildir. Bundan başqa torpaq sahəsinin mülkiyyətçisi olmuş Abşeron rayon Qobu bələdiyyəsi həmin torpaq sahəsinin həqiqətən də iddiaçıya satılmasını, torpaq sahəsinin 2007-ci ildən onun istifaəsində olmasını və onun hazıradək torpaq vergisini ödəməsini təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi xx.xx.2007-ci il tarixli 17 saylı qərarında iddiaçının adının olmadığını bildirsə də, bununla bağlı Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2007ci il tarixli 199/9 saylı rəyini aşkar edilmişdir ki, bu da öz növbəsində digər sübutlarla məcmuu qaydada torpaq sahəsinin iddiaçıya 2007-ci ildə satılmasını bir daha təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dölət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dölət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-194/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-194/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver