Məhkəmə qərarları › İş №2-1(118)-1940/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1940/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1940/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi həmçinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli 70 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli 70 nömrəli əmrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Quba rayon İcra Hakimiyyəti başçısının Rük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli 70 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 33.1.4-cü maddəsi ilə işdən azad edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının həmin əmri qanunvericiliyin normalarına zidd qəbul edilmiş və ləğv edilməlidir. Belə ki, göstərilən əmrin əsaslandırıcı hissəsində göstərilib ki, iddiaçı qanunvericiliyin tələbi pozularaq işə qəbul edilmişdir. Lakin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsinin tələbinə əsasən iddiaçı qanunvericiliyə tam olaraq cavab verən qaydada işə qəbul edilmiş və əmək müqaviləsi bağlanmışdır. İnzibati orqanın istinad etdiyi “Dövlət quluğu haqqında” Azərbaycan Respublikası qanununun 13.2-ci maddəsində isə qeyd edilir ki, inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. İddiaçı işə qəbul edilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş 25.06.2013-cü il tarixli, Q8394/02-37 saylı məktubda göstərilib ki, iddiaçıya Təhsil Nazirliyi tərəfindən “Odlar Yurdu” Universiteti tərəfindən verilmiş B: 190591 nömrəli diplom dövlət nümunəli sənəddir və həmin sənədi iddiaçı cavabdeh orqana təqdim etmişdir. Cavabdeh orqanın əmrdə istinad etdiyi hal isə qanunvericiliyin tələblərinin onun tərəfindən pozulmasıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki, o, Dağıstanda ali məktəbə qəbul olmuş, lakin bunun üçün hər hansı imtahan verməmişdir. Ali məktəbə qəbul olmaqda ona köməklik göstərilmişdir. Daha sonra Dağıstan Universitetindən Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. 2010-cu il 01 sentyabr tarixli əmrlə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldığından iddiaçının diplomu Odlar Yurdu Universiteti tərəfindən verilmişdir. Həmçinin həmin diplomun dövlət nümunəli sənəd olması Təhsil Nazirliyi tərəfindən də qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən o iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə iddia tələbinə münasibət bildirilməsi üçün sərəncam göndərilmiş və inzibati icraat materiallarına dair sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən iddia tələbinə hər hansı bir münasibət bildirilməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: - Quba Rayon İcra Hakimiyyəti başçısının 30.08.2021-ci il tarixli, 70 nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, 30.08.2021-ci il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. - B № 190591 saylı diplomun surətinə əsasən Dövlət Attestasiya Komissiyasının 30.06.2010-cu il tarixli qərarı ilə iddiaçıya riyaziyyat və informatika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş 25.06.2013-cü il tarixli, Q8394/02-37 saylı məktuba əsasən iddiaçıya “Odlar Yurdu” Universiteti tərəfindən verilmiş B №190591 (qeydiyyat nömrəsi 191) nömrəli diplom dövlət nümunəli sənəddir. - Məhkəmə sorğusu nəticəsində əldə olunmuş Azərbaycan Respublikası X3nin 29.11.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə RF altqrupunda 81,911 bal, RK altqrupunda 87.911 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində İddiaçı barədə məlumat yoxdur. Əlavə olaraq Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının X3 tərəfindən İddiaçı barəsində Quba Rayon icra Hakimiyyətinin Rük kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində qulluq keçdiyi dövrdə onun “Dövlət Qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırılması üçün 17 iyul 2020-ci il tarixli 01/05-09/1538 nömrəli məktubla Azərbaycan Respublikasının Təhsil Nazirliyinə sorğu göndərilmişdir. Təhsil Nazirliyinin 06.08.2020-ci il tarixli 01-31-1098/16 nömrəli cavab məktubunda İddiaçı adına yazılmış və Odlar Yurdu Universiteti tərəfindən verildiyi qeyd edilmiş В seriyalı 190591 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. Eyni zamanda Mərkəz tərəfindən “Tələbə-Məzun" dövlət elektron məlumat sistemi vasitəsilə Odlar Yurdu Universitetinə göndərilmiş elektron sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən bakalavr diplomu Odlar Yurdu Universiteti tərəfindən verilməmiş, diplomda bakalavr ixtisas dərəcəsinin verildiyi il kimi qeyd edilmiş 2010-cu il ərzində Odlar Yurdu Universitetində "Riyaziyyat və informatika" ixtisası üzrə bakalavr səviyyəsində, ümumiyyətlə, Dövlət Attestasiyası aparılmamış və məzun olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, X3 tərəfindən “Dövlət qulluğu haqqında' Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsilinin olmasının zəruriliyinin nəzərə alınması barədə Quba Rayon icra Hakimiyyətinə 02 avqust 2021-ci il tarixli 01/05-09/2019 nömrəli məktub, həmçinin, məsələ ilə bağlı araşdırma aparılması, əmələ hüquqi qiymətin verilməsi və diplomun təkrar istifadəsinə yol verilib-verilməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna 07 sentyabr 2020-ci il tarixli 01/04-09/2013 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin 30 dekabr 2020-ci il tarixli 02/2-2229 çıx-20 nömrəli cavab məktubunda araşdırma aparıldığı, təhsil müəssisələrinə qanunamüvafiq qaydada qəbul olunmamaqla təhsil almamış və həmin ali təhsil müəssisələrinin adından diplomları saxtalaşdırılmış şəxslər tərəfindən bilə-bilə saxta sənədlərdən istifadə edilməsi faktına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün Baş İdarənin İstintaq İdarəsinə verildiyi, ibtidai istintaqın nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə müvafiq hüquqi qiymətin veriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Təhsil X2 X1 sədrinə ünvanladığı məktubdan göründüyü kimi iddiaçıya 2010-cu ildə verilən B 190591 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – İcra Hakimiyyətinin əmrinin ləğv edilməsinə yönələn tələb mümkündür. İddianın əsassız olması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Həmin qanunun 1.0.7-ci bəndinə əsasən bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, 1.0.8-ci bəndinə əsasən bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (22.3.). Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir (26.1.). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (26.5-1.). Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir (27.1.). Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır (27.2.). İşdən göründüyü kimi iddiaçının Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli əmri ilə dövlət qulluğuna və müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad olunması əmr edilmişdir. İddiaçı həmin əmrin əsassız olduğunu qeyd edərək bildirir ki, o, qanunvericiliyin tələbinə tam olaraq cavab verən qaydada işə qəbul edilmiş və onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. Həmin qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə dölvət qulluğuna xitam verilə bilər. İşin araşdırılan halları ilə məlum olmuşdur ki, Azərbaycan Respublikası X3nin məlumatına əsasən iddiaçı X3 tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul edilməmiş və bu barədə hər hansı bir əmr verilməmişdir. Bundan əlavə Təhsil Nazirliyinin 06.08.2020-ci il tarixli 01-31-1098/16 nömrəli cavab məktubunda iddiaçının adına yazılmış və Odlar Yurdu Universiteti tərəfindən verildiyi qeyd edilmiş В seriyalı 190591 nömrəli diplom blankının hüquqi əsasının olmadığı qeyd edilmişdir. Eyni zamanda Mərkəz tərəfindən “Tələbə-Məzun" dövlət elektron məlumat sistemi vasitəsilə Odlar Yurdu Universitetinə göndərilmiş elektron sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən bakalavr diplomu Odlar Yurdu Universiteti tərəfindən verilməmiş, diplomda bakalavr ixtisas dərəcəsinin verildiyi il kimi qeyd edilmiş 2010-cu il ərzində Odlar Yurdu Universitetində "Riyaziyyat və informatika" ixtisası üzrə bakalavr səviyyəsində, ümumiyyətlə, Dövlət Attestasiyası aparılmamış və məzun olmamışdır. Həmçinin, iddiaçı öz izahatında da ali təhsil müəssisəsinə imtahan əsasında qəbul olunmamasını, Dağıstan Universitetindən Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsini bildirmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilmə səbəbi iddiaçının ali təhsilinin olmaması olmuşdur. Yəni, hazırkı halda iddiaçının ali təhsilli olması iş materialları ilə müəyyən edilmədiyindən onun barəsində Quba rayon İcra Hakimiyyəti tərəfindən verilmiş əmrin əsassızlığı sübuta yetirilmir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə əsasən dövlət qulluqçu qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə dövlət qulluğuna xitam verilə bilər. Qeyd olunan normaların tələblərinə əsasən, inzibati vəzifə iddiasında olan şəxslər üçün ilkin şərt olaraq onun müvafiq ali təhsilinin olması müəyyən olunmuşdur. Hazırki mübahisədə iddiaçının iddia etdiyi vəzifə inzibati vəzifədir və göründüyü kimi o dövlət qulluğunda işə qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməmiş və qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin qənaətinə görə hazırki halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi üçün mübahisəli əmrin ləğv edilməsi üçün yetərli əsasların olması iş üzrə müəyyən olunmur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli 70 nömrəli əmrinin ləğv edilməsinin əsasları qanunvericiliklə öz təsdiqini tapmadığından iddia əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2021-ci il tarixli 70 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar