Məhkəmə qərarları › İş №2-1(118)-1942/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1942/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1942/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz Rayon Xudat Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı protokol- qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Xaçmaz rayon Xudat Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı protokolqərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 13 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahələrindən 600 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında Xudat Bələdiyyəsinin sədri və DT və XK Xaçmaz rayon Şöbəsinin müdiri arasında torpaqların alqı-satqısına dair xx.xx.2004-cü il tarixdə akt bağlanmış, iddiaçı tərəfindən xx.xx.2004-cü il tarixdə bələdiyyənin hesabına 666000 (altı yüz altmış altı min) AZM manat məbləğində pul vəsaiti ödənilmişdir. Torpaqların alqı-satqısına dair akt bağlandıqdan sonra iddiaçıya satılmış 600 kv.m torpaq sahəsi bələdiyyənin səlahiyyətli şəxslər tərəfindən yerində iddiaçıya təhkim edilmiş, o vaxtdan göstərilən torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla mişar daşından hasara alınmış və orada müəyyən tikinti işləri aparılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması üçün xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Qərib Həsənovun imzası ilə iddiaçıya 3-21-3- 34/2-6988/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla rədd cavabı verilmişdir. Məktubda qeyd olunur ki, “sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, Xaçmaz rayonu Xudat Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli iclasının 13 saylı protokolu əsasında Sizə satılmış 0.06 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş xx.xx.2004-cü il tarixli tərtib edilmiş 1097 nömrə qeydə alınmış torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DT və XK-n Xaçmaz rayon Şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təstiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəfər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarf’nda bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilərək müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təstiqlənir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Hesab edirik ki, cavabdehin məktubunda göstərilən əsaslarla torpaq sahəsinə dair iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsindən imtinası tamamilə əsassızdır.” Belə ki, iddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdə rəsmi ərizə ilə Xaçmaz rayonu, Xudat Bələdiyyəsinə müraciət edərək ona fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin satılmasını xahiş etmiş, həmin bələdiyyənin xx.xx.2004-cü il tarixli iclasının 13 saylı qərarı ilə Xaudat şəhəri, Vaqif küçəsi, ev 8-də yaşayan İddiaçı 600 kv.m torpaq sahəsinin satılması qərara alınmış, İddiaçı xx.xx.2004-cü il tarixdə Xudat Bələdiyyəsinin bank hesabına 666000 AZM manat məbləğində pul ödəmiş və xx.xx.2004-cü il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin aktı bələdiyyənin sədri V.R.Zöhrabov, İddiaçı və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri A.M.Tağıyev imzalamışlar. İddiaçıda olan aktın nüsxəsində Xudat bələdiyyəsinin möhürü vardır. Lakin Xaçmaz rayon Torpaq Şöbəsinin möhürü yoxdur, həmin akt DT və XK Xaçmaz rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 1097 saylı qeydə alınmışdır. İddiaçı hesab edir ki, aktda Xaçmaz rayon torpaq şöbəsinin möhürünün olmaması iddiaçının günahı deyildir. O, vətəndaş olaraq torpaq sahəsinin satılması üçün bələdiyyəyə müraciət etmiş, bələdiyyənin müəyyən etdiyi məbləğdə torpağın dəyərində pulu bələdiyyənin bank hesabına köçürmüşdür. Bələdiyyə qərarının, torpaqların alqı-satqısına dair aktın tərtib edilməsi bələdiyyənin səlahiyyətində olan məsələlərdir. İddiaçı vətəndaş olaraq torpaqların alqı-satqısına dair aktda rayon torpaq şöbəsinin möhürünün olmasını bilməyədə bilərdi. Həmin akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmışdır, ola bilər ki, o, aktda möhür vurmağı diqqətindən yayındırsın. Hər bir halda aktda torpaq şöbəsinin möhürünün olmaması iddiaçının günahı deyil və buna görə onun qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair hüquqlarına xələl gətirməməlidir. İddia ərizəsinə əlavə olunan DT və XK Xaçmaz rayon şöbəsinin müdiri A.M.Tağıyevin imzası ilə Xudat bələdiyyəsinin sədri V.Zöhrabova ünvanlanmış xx.xx.2004cü il tarixli, 973 nömrəli rəydə qeyd olunur ki, dörd nəfər şəxsə (siyahıda 3-cü İddiaçı oğ. 600 kv.m) bələdiyyə mülkiyyətindən fərdi mənzil tikintisi məqsədilə torpaq satılması barədə təqdim edilmiş sənədlərə əsasən DT və XK-nin Xaçmaz rayon şöbəsi bildirir ki, mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi Xudat bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xudat bələdiyyəsinin perspektiv inkişafına saxlanılan torpaqlarına aid olmaqla, həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Həmin sənəddə bir daha təsdiq olunur ki, DT və XK Xaçmaz rayon şöbəsi İddiaçı Xudat bələdiyyəsinin perspektiv inkişafı fonduna aid torpaq sahələrindən 600 kv.m torpaq sahəsinin satılması məsələsinə baxmış və məsələyə müsbət rəy vermişdir. İddiaçı cavabdeh orqana torpaq sahəsinə dair digər sənədlərlə birlikdə həmçinin Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti işləri şöbəsi və Xudat bələdiyyəsinin möhürləri ilə təsdiq edilmiş Xaçmaz rayonu, Xudat bələdiyyəsi Xudat şəhərinin xəritəsindən çıxarışlar, həmçinin Xaçmaz rayon tH-nin Baş Memarı V.Vəliyev, DT və XKnin Xaçmaz rayon şöbəsinin müdiri A.Tağıyev və Xudat bələdiyyəsinin sədri V.Zöhrabovun imzaları və idarələrin möhürləri ilə təsdiq edilmiş Xaçmaz rayonu Xudat bələdiyyəsinin Xudat şəhərinin baş planından çıxarış təqdim etmişdir. Həmin sənədlərdə İddiaçı bələdiyyənin qərarı ilə satılmış 600 kv.m torpaq sahəsi göstərilmişdir. İddiaçı həmçinin cavabdeh orqana Xudat bələdiyyəsinin sədri Elman Allahyarovun imzası ilə xx.xx.2024-cü il tarixli, 119 nömrəli arayışı təqdim etmişdir ki, həmin arayışda Xudat bələdiyyəsinin Xudat şəhəri, Vaqif küçəsi, ev 8 sakini İddiaçı Xudat bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 13 saylı qərarı ilə satılmış 600 kv.m torpaq sahəsi üçün çıxarışın verilməsinə etiraz edilmədiyi qeyd olunur. İddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, 157.1-ci maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2004-cü il tarixli iclasının 13 saylı protokolu əsasında satılmış 0.06 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş xx.xx.2004-cü il tarixdə tərtib edilmiş 1097 nömrə qeydə alınmış torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTvə XK-n Xaçmaz rayon şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Xaçmaz rayon Xudat bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı Qərarı ilə bələdiyyənin perspektiv inkişafı üçün saxlanılan torpaqlardan İddiaçı 600 kv.m torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 1097 nömrə ilə qeydə alınmışdır. Torpaq sahəsinin dəyərinin ödənilməsinə dair 05 oktyabr 2004-cü il tarixli qəbzin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi iş materiallarına əlavə edilmişdir. Xaçmaz rayon Xudat bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 119 saylı arayışında torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Xaçmaz rayon Dövlət Arxivinin 24 sentyabr 2024-cü il tarixli, 3-48-18RA/2-1xx-xx/2024 saylı məktubu ilə Xaçmaz rayon Xudat Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı iclas protokolundan İddiaçı aid çıxarışın, 05 oktyabr 2004-cü il tarixli 2№li qəbzin, Xudat bələdiyyəsinin baş planından çıxarışın və digər torpaqayırma sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin 12 dekabr 2024-cü il tarixli 3-21-3-34/2-17814/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon Xudat bələdiyyəsinin 12 oktyabr 2004-ci il tarixli 13 saylı qərari ilə İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Xudat şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə baxış keçirilmişdir və kameral araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayon Xudat bələdiyyəsinin 12 oktyabr 2004-ci il tarixli 13 saylı qərari ilə İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Xudat şəhərində yerləşən 0.06 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində yaşayış məntəqəli torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xətləri keçmir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2004-cü il tarixli iclasının 13 saylı protokolu əsasında satılmış 0.06 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş xx.xx.2004-cü il tarixdə tərtib edilmiş 1097 nömrə qeydə alınmış torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTvə XK-n Xaçmaz rayon şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Bələdiyyə qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2004-cü il tarixdə tərtib edilmiş 1097 nömrə qeydə alınmış torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş DTvə XK-n Xaçmaz rayon şöbəsinin möhürü ilə təsdiqlənməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz Rayon Xudat Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı protokol-qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar