Məhkəmə qərarları › İş №2-1(118)-1943/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1943/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1943/2022 23.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona 02 noyabr 2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinənin nəticəsi olaraq 05 illik müddətə (xx.xx.2021 -ci ilədək) İİ dərəcəli əlillik təyin edilmişdir.( TSEK-in diaqnozu: digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatışmazlıq, kəskin ifadə olunmuş asteno- nevrotik sindrom. Boyun fəqərələrinin yayılmış asteoxondrozu., xroniki hepatoxolesistit, xroniki qastrit). Daha sonra, təkrar müayinə zamanı ona bildirilmişdir ki, yenidən əliiliyin təyin edilməsi üçün o ambulator müalicədən keçməli, bundan sonra, 4 nömrəli şəhər xəstəxanasında xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək ambulator müalicədə olmuşdur. Həmin müalicə zamanı da, səhhətində problemlər olduğu, başqa sözlə, əlillik təyin edilməsinə əsas verən xəstəliklər olduğu öz təsdiqini tapmışdır. Cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə aparılan müayinə zamanı isə, əlillik təyin edilməsindən imtina edilmiş, imtinanın əsası kimi isə Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Onun xəstəlikləri (iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur) əlillik almaq üçün əsasdır. Buna baxmayaraq, cavabdeh əsassız olaraq ona əlillik təyin edilməsindən imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Dəmir yol xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G03 - Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit => G03.9 - Dəqiqləşdirilməmiş meningit; Diaqnozun mətni: Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatmamazlıq, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepatoxolesistit, xroniki qastrit; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2. Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G03 - Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit => G03.9 - Dəqiqləşdirilməmiş meningit; Diaqnozun mətni: Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatmamazlıq, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepatoxolesistit, xroniki qastrit; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2. Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G03 - Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit => G03.1 - Xroniki meningit; Diaqnozun mətni: Xroniki meningit, . Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit. (xx.xx.2021-Cİ İL TARİXLİ AKADEMİK M.Ə.MİRQASİMOV ADİNA RKX-da 7972 NÖMRƏLİ MƏSLƏHƏT VƏRƏQƏSİNƏ ƏSASƏN ) Ağırlaşma Ayaqaltı sinirin zədələnməsi , . Hər iki ayaq pəncəsinin parezi Ağırlaşma Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, . Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: son beş ildə stasionar müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G03 - Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit -> G03.1 - Xroniki meningit; Diaqnozun mətni: Xroniki meningit, Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Elektromioqrafiya müayinəsi ağırlaşmanı təsdiq etmir. Dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası, etiraz ərizəsi, arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ TSEK tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtinasından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş və nəticədə TSEK-dən müvafiq imtinanı almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir.Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.9-cu bəndinə əsasən qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri ilə (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9) şəxsə ikinci dərəcə əlillik təyin edilir. Əsasnamənin 2.2.11-ci bəndinə əsasən epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi (G40-G41.9) diaqnozu olduğu tədqirdə şəxsə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X6 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibbi müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçı iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər 4 saylı xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı müayinə olunmuş və onda ixroniuki meningit, naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit müəyyən olunmuşdur. Lakin, Sumqayıt şəhər 4 saylı xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı barəsində olan epikriz məlumatlarını “Sumqayıt Tibb Mərkəzi” X8 göndərərkən onun xəstəliyinin əsas diaqnozu kimi G03.1 kodu altında göstərilmiş xroniki meningit xəstəliyinin olması, həmin xəstəliyin ağırlaşma formasını isə G40.3 kodu altında göstərilmiş generalizə olunmuş idiopatik epilepsiya kimi göstərmişdir. Qeyd olunan məlumatlar əsasında “Sumqayıt Tibb Mərkəzi” X9 tərəfindən Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komisiyası (TSEK) tərəfindən İddiaçı əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinan əsas səbəbi kimi İddiaçı əlavə müalicəyə ehtiyacının olması, yəni beş ildə stasionar müalicənin müddətinin yetərli olmaması göstərilmişdir. Cavabdeh təşkilatın gətirdiyi arqument Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndində qeyd olunmuş tələblərin pozulması ilə bağlıdır. Belə ki, qeyd olunan Qaydanın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən şəxsə göndərişin verilməsi üçün əsas hesab edilir. Yeni qeyd olunan normanın tələbləri baxımından belə qənaətə gəlmək olur ki, şəxsə müvafiq göndərişin verilməsi üçün subyektiv hüquq TƏBİB-in tabeçiliyində olan tibb müəssisəsinin həkim-məsləhət komissiyasına məxsusdur. Nəzərə alınmalıdır ki, qeyd olunan tibb müəssisələrinin həkim-məsləhət komissiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində deyil və Agentliyin həmin tibb müəssisələrinin həkim-məsləhət komissiyasının hərəkətlərinə nəzarət mexanizmi mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri bilir ki, tibb müəssisəsinin həkim-məsləhət komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5-ci bəndində göstərilmiş və göndərişin verilməsinin digər əsaslarından çıxış edərək lazımi hərəkətlərin edilməsində sərbəstdir. Nəzərə alınmalıdır ki, Akademik M.Ə.Mirqasımov adına Respublika klinik xəstaxanasının rəyinə əsasən İddiaçı əsas diaqnozdan əlavə həmçinin X2 G40.3 kimi qeyd olunan “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu təyin edilmişdir. Adından da görsəndiyi kimi qeyd olunan xəstəlik anatomik çatışmamazlıq ucbatından yaranır və Qaydaların 1.5.2-ci bəndinə əsasən 1.5.1-ci bəndində göstərilmiş müddətlərin nəzərə alınmadan göndərişin verilməsi mümkündür. Ona görə də inzibati orqanının bu səpkidə gətirdiyi arqumenti məhkəmə əsassız hesab edir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, X3 (XBT) 21 fəsildən ibarətdir və “sinir sisteminin xəstəlikləri (G00–G99)” Təsnifatın 6-cı fəslində öz əksini tapmışdır. Qeyd olunan Təsnifatda hər bir xəstəlik xüsusi kodla qeyd olunur. Belə ki, X5 tibb müəssisəsi tərəfindən təyin edilmiş G03 kodu göstərilmiş xroniki meningit xəstəliyi “mərkəzi sinir sisteminin iltihabi xəstəliklər”nə aid edilmiş və həmin xəstəliyin 9 növü müəyyən edilmişdir. Sinir sisteminin digər xəstəliklərinə G40 kodu ilə göstərilmiş “epizodik və paroksizmal pozğunluqlara” aid edilmiş və həmin xəstəliyin 7 növü müəyyən edilmişdir. Göründüyü kimi X1 G03 və G40 kodu altında göstərilmiş xəstəliklərin hər ikisi sinir sisteminin xəstəliklərinə aid edilmiş və hər iki kod altında göstərilmiş xəstəliklər bir-birindən fərqlidir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən “Sumqayıt Tibb Mərkəzi” X10 tərəfindən reyestrə daxil edilmiş göndərişdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, əlilliyin təyin edilməsi üçün ambulator və ya stasionar müalicədə 6 aydan az müddətdə olması bəhanəsi ilə Agentlik tərəfindən İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.9-cü bəndində qeyd olunan xəstəliyi olan şəxslərə ikinci dərəcə əlillik təyin edilir və Agentlik həmin Əsasnamənin tələblərini yerinə yetirməyə borcludur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanunsuz hesab edilməli və İddiaçı Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İİ dərəcə əlillik təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı onun əlilliyinin dayandırıldığı xx.xx.2021-ci ildən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 02 noyabr 2021-ci il tarixindən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar