Məhkəmə qərarları › İş №2-1(118)-1945/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1945/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1945/2025 24.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdeh publik hüquqi şəxsə qarşı “Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən mülkiyyətində ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin 0.024931 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 8077,64 manat (6731,37 m əsas + 1346,27 m 20% əlavə) məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Abşeron rayonu, Hökməli qəsəbəsindəki ona məxsus 0,04 ha torpaq sahəsindən Bakı şəhəri və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizati ilə bağlı +118 ve +190 Hökməli anbarlararası magistral su kəmərinin inşası layinəsinin icrası ilə əlaqədar ona 15.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsindəki 0,04 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixindən onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı ilə bağlı +118 ve +190 Hökməli anbarlararası magistral su kəmərinin inşası layinəsinin icrası ilə əlaqədar su kəməri ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsindən çəkilmişdir.Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası qanununa əsasən cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus torpaq sahəsinin dəyəri ona ödənilməli idi. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, "Sizin Azərbaycan Dövlət X2 tabeliyinda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığınız xx.xx.2024-cü il tarixli 13-16/1—1889- 42/2024 saylı müraciətinizə baxılmışdır."Bakı şəhəri və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizati ilə bağlı +118 ve +190 Hökməli anbarlararası magistral su kəmərinin inşası layinəsinin icrası ilə əlaqədar magistral su kəmərinin layihəsi altına düşən torpaq sahələrinin (o cümlədən sizin mülkiyyətinizdə olan **********49 reyestr nömrəli 0,04 ha torpaq sahəsinin) alınması üçün "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" 20 aprel 2010-cu il tarixli, 987-1İQ nömrəli Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfmdn müvafiq prosedurlar həyata keçirilir.Layihələrin icrasının davam etdirilməsi məqsədilə müvafiq vəsaitin ayrılması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindənAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət ünvanlanmışdır.Bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq vəsaitin ayrılması ilə bağlı Cəmiyyətimizin müraciəti təmin olunduqdan sonra mülkiyyətçilərə (o cümlədən sizə) kompensasiya ödənişləri həyata keçiriləcəkdir".Hesab edir ki, cavabdehin ona ünvanladığı məktub əsassız və qanunsuzdur. Belə ki, həmin su magistralının bir neçə il bundan əvvəl çəkilməsinə baxmayaraq ona məxsus torpaq sahəsinə keçən su kəmərinə görə kompensasiya ödənilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proseslərində iştirak edən İddiaçı izahat verərək, cavabdeh təşkilat tərəfindən onun torpaq sahəsinə görə hesablanmış kompensasiya məbləği ilə razı olduğunu və həmin məbləğin ona verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı ilə bağlı +118 ve +190 anbarlararası magistral su kəmərinin inşası layinəsinin icrası ilə əlaqədar Hökməli qəsəbəsi ərazisində bir çox mülkiyyətçilərə kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Sözügedən məbləğlərin ayrılmasına görə maliyyə Nazirliyinə məlumat verilmiş və həmin məbləğlər təşkilata ayrılandan sonra vətəndaşlara kompensasiya məbləğləri veriləcəkdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: "xxxx" ASC-nin 16 aprel 2024-cü il tarixli imtina məktubu, DƏDRX tərəfindən verilmiş iddiaçıya məxsus **********49 reyestr nömrəli çıxarışın surəti, DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsi tərfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi, cavabdehin nümayəndəsinin təqdim etdiyi satınalma qiymətlərin müəyyən edilməsi üzrə cədvəlin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir.İddiaçıya məxsus torpaq sahəsinin 0.024931 ha hissəsi Bakı şəhəri və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı ilə bağlı +118 ve +190 anbarlararası magistral su kəmərinin inşası layinəsinin icrası ilə əlaqədar tikinti altına düşmüşdür. Bu işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh təşkilat bunu qəbul edir. Həmin torpaq sahəsinə görə cavabdeh təşkilat tərəfindən iddiaçıya 8077,64 manat manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçı torpaq sahəsinin uzun müddətdir ki, cavabdeh tərəfindən yararsız hala salındığını və kompensasiya məbləğinin yubadıldığını bildirərək, müvafiq məbləğin ona verilməsi niyyətindədir. İddiaçı torpaq sahəsinin tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən layihə üzrə Maliyyə Nazirliyi tərəfindən təşkilata kompensasiya ödənildikdən sonra müvafiq məsələyə baxılacaqdır. Göstərilən tarixdən təqribən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisi həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% əlavə də nəzərə alınmalıdır. Belə ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi satınalma qiymətlərin müəyyən edilməsi üzrə cədvəlin surətindən görünür ki, Bakı şəhəri və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı ilə bağlı +118 ve +190 anbarlararası magistral su kəmərinin inşası layinəsinin icrası ilə əlaqədar Hökməli qəsəbəsi ərazisində bir çox mülkiyyətçilərə kompensasiya verilməsi nəzərdə tutulmuş və iddiaçının torpaq sahəsinin layihə çərçivəsinə düşən hissəsi 0.024931 ha təşkil edir. Həmin torpaq sahəsinə görə 8077,64 manat (6731,37 manat dəyəri + 1346,27 manat 20% əlavə) məbləğində kompensasiyanın verilməsi təsdiqlənir. Məhkəmə prosesində iddiaçıya müvafiq kompensasiyanın nəzərdə tutulduğu təklif edilmiş və iddiaçı həmin məbləğin verilməsinə razı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 8077,64 (səkkiz min yetmiş yeddi manat altmış dörd qəpik) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən mülkiyyətində ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin 0.024931 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 8077,64 manat (6731,37 m əsas + 1346,27 m 20% əlavə) məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdehn üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar