Məhkəmə qərarları › İş №2-1(118)-1947/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1947/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1947/2021 26.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X9 Komissiyasının 24.06.1998-ci il tarixli qərarı torpaq sahəsinin ayrılması barədə verilmiş JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “X9 Komissiyasının 24.06.1998-ci il tarixli qərarı torpaq sahəsinin ayrılması barədə verilmiş JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Gödəkli kəndində X1 məxsus 0.22 ha torpaq sahəsi mövcud olmuşdur ki, həmin torpaq sahəsində o 1988-ci ildə ümumi sahəsi 139.8 və yardımcı sahəsi 81 kv olan fərdi yaşayış evi tikmiş və 1980-ci ildən həmin torpaq sahəsi və fərdi yaşayış evi mənim mülkiyyətində olmuş və bu barədə ona 29 avqust 1988-ci ildə qeydiyyat vəsiqəsi, texniki pasport tərtib edilib ona verilmişdir. Onun 1988-ci ildən qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsinə 1998-ci ildə Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə 0.10 ha torpaq sahəsi kimi qeyd edilməsi və X5 və X2 adının qeyd edilməsi qanunsuzdur. Həmin dövlət aktinin mövcudluqundan bu yaxınlarda mülkiyyətində olan evə çıxarış almaq istəyərkən məlumatı olmuşdur. Qanuni əsası olmadığından Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə verilmiş JNi -157A saylı kod 50204028 saylı torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X6 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddaçının iddiası ilə əlaqədar aşağıdakıları bildirilir. Belə ki, rayonda torpaq islahatı başa çatdığı üçün yerli aqrar islahat komissiyalarının fəaliyyətinə 2001 -ci ildə, rayon aqrar islahatı komissiyanın fəaliyyətinə isə 2005-ci ildə xitam verilmişdir. Qanunvericilikdə islahat komissiyaların hüquqi varisi müəyyən edilməmişdir. Rayon və yerli aqrar islahatı komissiyalarının sənədləri Xaçmaz, rayon Dövlət Arxivinə təhvil verilmişdir. İddiaya qanunvericiliyin tələblərinə uyğun baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki iddia tələbinə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Cavabdehnə qarşı “X9 Komissiyasının 24.06.1998-ci il tarixli qərarı torpaq sahəsinin ayrılması barədə verilmiş JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının mübahisələndirdiyi qərar Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə verlən JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən deyil Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilib. Hətta iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə ərizəsi verilərək, hazırkı iddia tələbi üzrə cavabdeh qismində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi göstərilsə belə hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün olmayacaqdı. Belə ki, JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilməsinə baxmayaraq həmin şəhadətnamənin verilməsi üçün əsas Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı olmuşdur və həmin 08 saylı qərar ləğv edilmədən JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi mümkün deyil. Belə olan halda Cavabdeh mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “X9 Komissiyasının 24.06.1998-ci il tarixli qərarı torpaq sahəsinin ayrılması barədə verilmiş JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə” dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X9 Komissiyasının 24.06.1998-ci il tarixli qərarı torpaq sahəsinin ayrılması barədə verilmiş JN-157A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar