Məhkəmə qərarları › İş №2-1(118)-1950/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1950/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1950/2022 15.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı 0.01 ha torpaq sahəsinin satılmasına dair portokolun və qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 0.01 ha torpaq sahəsinin satılmasına dair portokolun və qərarın ləğv edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçıya 1995-ci ildə Quba rayon İcra Hakimiyyətinin sərəncamına əsasən 0.05 ha torpaq sahəsi ayrılmışdır, uzun illər maddi imkansızlıq üzündən tikili tikə bilməmişdir. Son illərdə o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin evin arxasında yerləşən 0.01 ha torpaq sahəsi onun istifadəsində olmuçşdur. O, torpağın ona satılması üçün cavabdeh bələdiyyəyə müraciət etmişdir. O, həmin torpaqda da tikinti işləri aparmaq istədikdə ona icazə verilməmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, həmin 0.01 ha torpaq sahəsi cavabdeh Quba bələdiyyəsi tərəfindən başqa şəxsə satılmışdır. Hazırda torpaq sahəsinin alqı-satqısına dair qərarın ləğv olunmasını xahiş edir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehn və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edildi ki, mübahisəli 0.01 ha torpaq sahəsinin satılmasına dair hər hansı qərar qəbul edilməmişdir. Həmin torpaq sahəsi 0.0315 ha torpaq sahəsinin tərkibində xx.xx.2021-ci il tarixli alqı-atqı müqaviləsinə əsasən Quba bələdiyyəsi tərəfindən X1. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı movcud olmayan qərarı deyil, bələdiyyə ilə Natiq Məmmədov arasında bağlanmış alqı-satqı müqaviləsini ümumi məhkəmədə mübahisələndirməlidir. Belə ki, alqı-satqı müqaviləsi inzibati akt hesab edilmədiyindən hazırki iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati məhkəmə icraatı çərçivəsində baxılan mübahisələrə aid deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olsa da, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı 0.01 ha torpaq sahəsinin satılmasına dair portokolun və qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı 0.01 ha torpaq sahəsinin satılmasına dair portokolun və qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar