Məhkəmə qərarları › İş №2-1(118)-1955/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1955/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1955/2021 22.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı "ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 iyun 1963-cü ildə Şamaxı rayonunun Qızmeydan kəndində anadan olmuşdur. Özünə məxsus olan doğum haqqında şəhadətnaməni itirmişdir. Sonradan doğum şahadətnaməsi itirdiyinə görə təkrar doğum şəhadətnamənin alınması üçün Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin şəxsiyyət vəsiqəsi olmaması səbəbinbdən ona təkrar doğum şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Bütün bu qeyd edilənlərə əsasən o, İnzibati məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı şəxsiyyəti təstiq edən sənədi olmaması səbəbindən ona doğum haqqında şəhadətnaməsinin təkrar verilməsi mümkün deyil. Cavabdeh məhkəmədən xahiş etmişdir ki, məhkəmə iclaslarına onların nümayəndəsinin iştrakı olmadan baxılsın. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 05/Q-951/15 saylı imtina məktubu, İddiaçı Şamaxı RPŞ-dən almış olduğu SSR-i pasportunun F-1-in təsdiq edilmiş kserosurəti. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 01 iyun 1963-cü ildə Şamaxı rayonunun Qızmeydan kəndində anadan olmuşdur. Özünə məxsus olan doğum haqqında şəhadətnaməni itirmişdir. Sonradan doğum şahadətnaməsi itirdiyinə görə təkrar doğum şəhadətnamənin alınması üçün Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Şamaxı rayon qeydiyyat şöbəsi iddiaçıdan şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb edir. Belə ki, Şamaxı rayon qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən təkrar doğum şəhadətnaməsi verilərkən müraciət edənin şəxsiyyətini təstiq edən sənədin təqdim edilməsinə zərurət olmasını bildirir. İddiaçı şəxsiyyət vəsiqəsi olmaması səbəbindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən CMS-“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə İddiaçı adına şəxsiyyət vəsiqəsinin mövcud olub-olmaması ilə bağlı araşdırma aparılmış, lakin sonuncunun adına şəxsiyyət vəsiqəsinin verilməməsi müəyyən olunmuşdur. Bundan başqa Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 62 saylı 01 iyul 1964-cü il tarixli doğum aktı qeydinin kserosurətindən görünür ki, İddiaçı 10.07.1964-ci ildə Şamaxı rayonunun Astraxanovka kəndində anadan olmuş, atası Əlvan Əbil oğlu, anası Xeyri İldırım qızı olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından daha üstün mövqeyə malik olan Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən mütləq şəkildə onun doğum haqqında şəhadətnaməsi şəxsiyyət vəsiqəsi verən orqana təqdim edilməlidir. Hesab olnur ki, İddiaçı özünə aid olan doğum haqqında şəhadətnamənin dublikatını almaqda konstitusion hüquqlara malikdir və ona görədə onun verdiyi iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, rəsmi sənəd itdiyinə görə qeydiyyat şöbələri tərəfindən əslinə bərabər qüvvəyə malik olan dublikat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı doğum haqqında şəhadətnamənin təkrar (dublikatının) verilməsi öhdəliyi Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı doğum haqqında şəhadətnamənin təkrar (dublikatının) verilməsi öhdəliyi Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar