Məhkəmə qərarları › İş №2-1(118)-1956/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1956/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1956/2024 24.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 4 saylı Ərazi Vergi İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərarının ləğv edilməsi və kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə artıq hesablanmış 232900,00 manat vergi məbləğinin silinməsi barədə cavabdeh inzibati orqan üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərarın ləğv edilməsin dair qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC vergi ödəyicisi olaraq, ********** saylı VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) üzrə qeydiyyatdan keçərək vergi ödəyicisi kimi uçota alınmışdır. MMC-nin sahibkarlıqla məşğul olduğu əsas fəaliyyət növü “neft məhsullarının pərakəndə satışı" fəaliyyətidir. “SOCAR PETROLEUM’’ QSC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə 01/537 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən “SOCAR PETROLEUM QSC Satıcı, İddiaçı MMC isə Alıcı qismində olmaqla, aralarında neft məhsullarının, daha dəqiq desək avtobenzin, dizel, soba mazutu yanacağının və yağ məhsullarının alqı-satqısı razılaşdırılmışdır. “AYSUN-2020’’ MMC ilə “SOCAR PETROLEUM" QSC arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış 01/537 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı qismində şirkət tərəfindən neft məhsullarının müəssisənin öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı şərtlər qoyulmuş, habelə müqavilənin əlavəsində Al-92 avtomobil benzinin 1 (bir) tonunun qiyməti (ƏDV ilə birlikdə) 1052,80 manat, 1 (bir) ton üçün yol vergisi 26,20 manat, dizel yanacağının isə 1 (bir) tonunun qiyməti (ƏDV ilə birlikdə) 590,20 manat, 1 (bir) ton üçün yol vergisi 23,80 manat müəyyən edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə 01/537 nömrəli müqavilənin 3.1-ci bəndində “Alıcı”nın müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcnın Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X6 öz nəqliyyat vasitələri hesabına daşıyacağı təsbit edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kameral vergi yoxlaması zamanı 2021-ci il üçün gəlir vergisinin bəyannaməsində hesablama metodu tətbiq edilməklə müəssisə tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə 232900,0 manat nəqliyyat xərclərinin əks etdirildiyi müəyyən edilmiş və qeyd olunan hal, yanlış olaraq, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Daha sonra, 2021-ci il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim olunmasına baxmayaraq, əlavə olaraq qanunsuz hesablanmış yanlışlı artıq vergilərə dair qeyd olunan uyğunsuzluq vergi orqanı tərəfindən aradan qaldırılmamışdır. Qeyd edilənlər ilə əlaqədar vergi ödəyicisi olaraq iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, həmin məktublara cavab olaraq iddiaçı tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi üzrə 2021-ci il üçün kameral vergi yoxlaması ilə əsassız artıq vergi hesablaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********817700 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə, yəni iddiaçıya göndərilmişdir. Daha sonra, təkrarən 2021-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən əvvəlki hesablamalar ləğv edilərək dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə artıq və əsassız vergi hesablaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********640200 nömrəli qanunsuz Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Vergi orqanı səhv mülahizələr nəticəsində əsassız, iqtisadi cəhətdən əsaslandırmayaraq Vergi Məcəlləsinə zidd olaraq yanlış vergilər hesablamışdır. Daha sonra, təkrarən iddaçı müəssisə tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, qeyd olunmuş kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 58326,74 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********129900 nömrəli Qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qanunsuz Qərara dair iddiaçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı xx.xx.2023cü il tarixli **********262800 nömrəli) və xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı xx.xx.2023-cü il tarixli **********191200 nömrəli) inzibati şikayət qaydasında inzibati orqana (vergi orqanının yuxarı təşkilatına) müraciətlər edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı "xxxx" MMC üzrə əlavə vergi məbləğləri vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral yoxlamalar aparılaraq hesablanmışdır. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yanacaq daşınması ilə bağlı Bəyannamənin 221.15-ci sətrində (Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) göstərilmiş 232900,00 manat məbləğində gəlirdən çıxılan xərc göstərildiyi müəyyən edilmişdir ki, bu hal gəlirlərin vergidən gizlədilməsi və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixdə **********675300 nömrəli məktub göndərilərək yoxlamanın başa çatdırılması üçün vergi ödəyicisindən dəqiqləşmiş “Mənfəət vergisi bəyannaməsi” və təsdiqedici sənədlər əlavə olunmaqla izahat məktubunun 5 gün ərzində vergi orqanına təqdim olunması tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr üçün kameral vergi yoxlaması keçirilməklə 58326,74 manat əlavə mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixdə **********817700 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş yuxanda qeyd olunmuş kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 58326,74 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********129900 nömrəli Qərar qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş: -xx.xx.2023-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********19900 saylı qərarından görünür ki, İddiaçı MMC-yə 2021-ci ilin mənfəttə vergisi üzrə 58.326,74 manat əlavə vergi məbləği hesablanmışdır. -xx.xx.2020-ci il tarixli, 01/537 nömrəli alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş təsnifatın surətindən görünür ki, "xxxx" QSC ilə İddiaçı MMC arasında neft məhsullarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən 6.474.000 manat dəyərində Aİ-92 markalı avtobenzini və 6.140.000 manat dəyərində dizel yanacağını, 1.200.000 manat dəyərində soba mazutu, 450.000 manat dəyərində AK/15 markalı yağ və 225.000 manat dəyərində S-11 markalı yağ, cəmi 14.489.000 manat dəyərində neft məhsullarını iddiaçıya satmaq, iddiaçı tərəfindən isə neft məhsullarının dəyərini əvvəlcədən köçürmə yolu ilə cavabdehə ödəmək barədə qarşılıqlı öhdəliklər götürülmüşdür. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı MMC müəyyən olunmuş neft məhsullarını "xxxx" QSC-nin hər hansı bir X6 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşımağı öz əhdəsinə götürmüşdür. -fiziki şəxs X4 adına verilmiş 13 ədəd elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 11200 manat, 18200 manat, 18200 manat, 7000 manat, 6300 manat, 10800 manat, 3150 manat, 5000 manat, 4500 manat, 5400 manat, 4050 manat, 3600 manat pul vəsaiti ödənilmişdir. - fiziki şəxs X1 adına verilmiş 4 ədəd elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 14700 manat, 12600 manat, 14400 manat, 11700 manat pul vəsaiti ödənilmişdir. fiziki şəxs X2 adına verilmiş 6 ədəd elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 18000 manat, 18500 manat, 19500 manat, 8500 manat, 8800 manat, 8800 manat pul vəsaiti ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Maddə 3.8 . Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.0.2. Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Maddə 107. Onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Maddə 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109-cu maddəsində “gəlirdən çıxılmayan xərclərin əhatə dairəsi verilmişdir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Məhkəmə müəyyən etdi ki, cavabdeh tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli **********129900 nömrəli qərarın ləğv edilməsini tələb etməkdə iddiaçı haqlıdır. İddiaçı MMC aldığı neft məhsullarının daşınması üçün sürücülərə ödədiyi daşınma xərci Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsinə daxil deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, həmin Məcəllənin 108.1- ci maddəsinə əsasən 232900 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılmasında iddiaçı tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, «Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri» təsdiq edilmişdir. Yeni qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı xərclər daxil edilmişdir. Buna əsasən qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat xərclərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Göründüyü kimi, Tarif Şurası da 26 iyul 2022-ci il tarixdən qüvvədə olan 4 nömrəli Qərarında neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğunu bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 14.1 Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********129900 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar