Məhkəmə qərarları › İş №2-1(118)-1958/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1958/2023

14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1958/2023 14.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhərinin 19-cu məhəlləsində, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Quba şəhərinin 19-cu məhəlləsində, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı idda tələbini dəqiqləşdirərək, “Quba şəhərinin 19-cu məhəlləsində, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum atası X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixli, JN-1143, KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Quba şəhəri ərazisindən 0.0055 ha kommersiya təyinatlı torpaq sahəsi həyat yoldaşı mərhum X5 xüsusi mülkiyyətində olmuşdur. X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Göstərilən torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mərhum ərinin adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarilix, 157 saylı sərəncamı ilə torpaq sahəsinin ayrılmasına dair Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin 23 avqust 2011-ci il tarixli, YTNƏŞ-573 saylı rəyi və mütəxəssis komissiyasının 20 iyul 2011-ci il tarixli akt-rəyi nəzərə alınaraq, X6 yuxarıda göstərilən, Quba şəhərinin 19-cu məhəlləsində, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilmişdir. Tikiləcək ticarət obyektinin layihəsi Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. Layihə əsasında obyektə tikinti işləri yekunlaşmış və 09 sentyabr 2014-cü il tarixində tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı tərtib olunmuş, akt müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuşdur. O, göstərilən qeyriyaşayış binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mərhum həyat yoldaşının adına arayış verilməsi və texniki pasporrtun tərtib edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh özünün xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 şəhəri ərazisində yerləşən mərhum X6 məxsus qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki; qeyri-yaşayış binasının tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında X4 iştirakı təmin edilməmişdir. Bildiririk ki, ərizənizə əlavə olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktının 8-ci bəndində qeyri-yaşayış binasının ümumi sahəsinin göstəriciləri öz əksini tapmamışdır. Bundan əlavə, qeyri-yaşayış binasının daxilində hündürlüyü 1.4 metr olan məhəccəklərlə yığılmış arakəsmə mövcuddur. Lakin, həmin arakəsmə layihədə öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-366/2023 nömrəli məktubla imtina olunmuşdur. AzDTN 1.6-1. Tikinti işlərinin təşkili, aparılması və tikinti başa çatmış obyektlərin istismara qəbulu qaydalarının 6.8-ci bəndinə əsasən “Dövlət qəbul və qəbul komissiyalarına sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, me’marlıqtikinti nəzarəti orqan və xidmətlərinin və X4 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Quba şəhəri ərazisində yerləşən 0.0055 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AZ-İİ № 266655 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında təkrar şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ölmüşdür. - Quba regional “ASAN Xidmət” Notariat Ofisi tərəfindən verilmiş 3357 saylı, 21 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 vərəsəsidir. - 20 iyul 2011-ci il tarixli akt-rəyin surətindən görünür ki, Quba şəhərinin 19-cu məhəlləsində, M.Əzizbəyov küçəsində yerləşən 55.0 kv.metr torpaq sahəsində kommersiya obeyktinin tikintisinin aparılmasına icazə verilməsi məqsədəuyğun hesab edilmişdir. - Quba rayonu İcra Hakimiyyəti Başçısının 157 saylı, 13 iyul 2012-ci il tarixli sərəncamından görünür ki, X6 Quba şəhəri, 19-cu məhəllə, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. - 09 sentyabr 2014-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı”nın surətindən görünür ki, X11 tərəfindən Quba şəhəri, 19-cu məhəllə, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində inşası başa çatmış ticarət obyekti istifadə üçün istismara qəbul edilmişdir. - X11 tərəfindən Quba şəhəri, 19-cu məhəllə, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində inşa edilmiş ticarət obyektinə dair təstib edilmiş “Obyektin eskiz layihəsi”ndən görünür ki, layihə Quba rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmışdır. - Məhkəməyə sorğu əsasında cavabdeh orqandan daxil olmuş müayinə aktında qeyd edilmişdir ki, Quba şəhəri, 19-cu məhəllə, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsi Quba-Qonaqkənd yolunun sol tərəfində yerləşir, torpaq sahəsinin üzərində tikintialtı sahəsi 54 kv.metr olan bir mərtəbəli, qeyri-yaşayış binası mövcuddur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 12 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının mərhum ərinin qeyriyaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Quba şəhəri, 19-cu məhəllə, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən iddiaçının mərhum əri X5 mülkiyyətindədir. İddiaçı qeyd edilən torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyekti üzərində mərhum ərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan özünün 12 yanvar 2023-cü il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, Quba şəhəri, 19-cu məhəllə, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsi iddiaçının mərhum əri X5 mülkiyyətində olmuşdur. Quba rayonu İcra Hakimiyyəti Başçısının 157 saylı, 13 iyul 2012-ci il tarixli sərəncamı ilə X6 Quba şəhəri, 19-cu məhəllə, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçı sözügedən əmlak üzərində mərhum ərinin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasında qeyri-yaşayış binasının daxilində hündürlüyü 1.4 metr olan məhəccərlərlə yığılmış arakəsmənin mövcud olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edilən dəlilə münasibətdə bildirir ki, 1.4 metr hündürlüyü olan arakəsmə məhəccərlərlə yığılmışdır və bu halda heç bir layihədən kənara çıxma mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X8 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba şəhərinin 19-cu məhəlləsində, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Quba şəhərinin 19-cu məhəlləsində, Əzizbəyov küçəsində yerləşən 0.0055 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar