Məhkəmə qərarları › İş №2-1(118)-196/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-196/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-196/2021 15.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X2rşı “AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “xx.xx.2020-ci il tarixli müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsi, iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə qeyd alınmış 5000 manat və 8000 manat və xx.xx.2019-cu il tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun İddiaçı MMCnin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 7500 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə 4450 manat, xx.xx.2020ci il tarixdə 2995,51 manat və xx.xx.2020-ci il tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları ondan ibarətdir ki, İddiaçı MMC xx.xx.2016-cı il tarixdə 10.000 manat (********** nömrəli ödəmə tapşırığı), xx.xx.2016-cı il tarixdə 9.000 manat (********** nömrəli ödəmə tapşırığı), xx.xx.2016-cı il tarixdə 6.000 manat (********** nömrəli ödəmə tapşırığı), xx.xx.2017-ci il tarixdə 5.000 manat (********** nömrəli ödəmə tapşırığı) və xx.xx.2017-ci il tarixdə 8.000 manat (********** nömrəli ödəmə tapşırığı) vergi ödənişi etmişdir. Həmin ödənişlərin edilməsi barədə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qeydiyyat aparılmışdır. Lakin sonradan bu məbləğlər yenidən hesablanmış və xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “düzəliş (daxilolma)” əməliyyatı edilərək həmin məbləğlər vergi borcu kimi qeydə alınmışdır. Nəticədə iddiaçının əsassız yerə 38.000 manat əsas vergi borcu və 9.090,52 manat faiz borcu yaranmışdır. Əsassız və qanunsuz hesablanmış bu məbləğin şəxsi hesab vərəqəsindən silinməsi vergi orqanından tələb olunmuş, lakin cavabdeh bu müraciətin icrasından imtina etmişdir. Ona görə İddiaçı MMC bu barədə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisələndirilən vergi borcunun yaranma səbəblərini izah edərkən bildirmişdir ki, “... idarədə aparılan araşdırmalar zamanı şəxsi hesab vərəqəsində ödənildiyi qeyd olunan həmin məbləğlərin əslində ödənilmədiyi müəyyən edilmiş və buna görə də həmin məbləğlər yenidən vergi borcu kimi hesablanmış və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “düzəliş (daxilolma)” əməliyyatı aparılmışdır. Hesab olunur ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə “düzəliş (daxilolma)” formasında aparılan əməliyyatlar qanunsuz olmuş, iddiaçının həmin tarixlər üzrə hesablanmış 38.000 manat əsas vergi borcu və onun üzərinə hesablanmış 9.090,52 manat faiz borcu şəxsi hesab vərəqəsindən silinməlidir. Belə ki, İddiaçı MMC-nin ödənilməmiş vergi borcu olmamışdır. İddiaçı ödənilmədiyi iddia olunan mübahisələndirilən vergiləri vaxtında ödəmiş və bu barədə şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2017-cı il tarixlərdə müvafiq qeydlər aparılmışdır. Mübahisələndirilən vergi borclarının ödənilməsini təsdiq edən yeganə və mötəbər sübut elə şəxsi hesab vərəqəsində aparılan həmin qeydlərdir. Məlum olduğu kimi şəxsi hesab vərəqəsi vergi ödəyicisi ilə aparılan hesablaşma vəziyyətini əks etdirən mötəbər sənəddir. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə vergi ödəyicisi və ya digər üçüncü şəxs tərəfindən hər hansı müdaxilənin edilməsi mümkünsüzdür və şəxsi hesab vərəqəsi üzərində bütün əməliyyatlar yalnız vergi orqanı tərəfindən həyata keçirilir. Bu deyilənlər məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ N°-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərardadında ifadə olunan hüquqi mövqelərdə öz əksini tapmışdır. Belə ki, həmin Qərardadının 43-cü bəndində qeyd edilmişdir ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri’’ ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Həmin Qərardadın 44-cü bəndində göstərilmişdir ki, kollegiya qeyd edir ki, bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Vergi orqanının şəxsi hesab vərəqəsində xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə apardığı “düzəliş (daxilolma)” əməliyyatları qanunsuz olmuşdur. Qanunvericiliyin tələblərindən bəllidir ki, inzibati orqanların fiziki və hüquqi şəxslərlə münasibətləri inzibati akt və ya faktiki xarakterli hərəkətlər formasında təzahür edir. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində xx.xx.2019 və xx.xx.2019- cu il tarixlərdə “düzəliş (daxilolma)” formasında aparılan əməliyyatlar vergi orqanının faktiki xarakterli hərəkətləridir. Həmin hərəkətlərin qanuniliyinin müəyyən edilməsi üçün isə bu əməliyyatların mahiyyəti təhlil olunmalıdır. Sözügedən əməliyyatların (xx.xx.2019 və xx.xx.2019-cu il tarixli düzəliş(daxilolma)) hansı səbəbdən aparılması ilə bağlı cavabdehin nümayəndəsinin gətirdiyi açıqlamadan göründüyü kimi vergi orqanı mübahisələndirilən məbləğlərin ödənilməsinə dair sənədlərin olmadığını nəzərə alaraq vergi borcunu yenidən hesablamış və ona yeni faizlər əlavə edərək, beləliklə dürüstləşmə əməliyyatı apararaq xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə şəxsi hesab vərəqəsində düzəliş etmişdir. Göründüyü kimi vergi orqanı vergi ödəyicisi üçün vergilərin yenidən hesablanmasını aparmış, hətta ödəyici barəsində faiz borcu da hesablamışdır. Yəni bu əməliyyatlar nəticəsində vergi ödəyicisi üçün yeni vergi öhdəliyi yaranmışdır. Vergi qanunvericiliyi bu kimi hallarda qanunla müəyyən olunmuş müddət ərzində kameral vergi yoxlaması keçirməklə bu tip nöqsanların aradan qaldırılması imkanını nəzərdə tutmuşdur. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Odur ki, həqiqətən də mübahisələndirilən məbləğlər ödənilməmiş olsa idi, vergi orqanı yalnız kameral vergi yoxlamasının keçirilməsi barədə müvafiq inzibati akt qəbul etməklə və vergi ödəyicisi barəsində kameral vergi yoxlaması keçirməklə sözügedən vergi məbləğlərinin hesablanması və ödənilməsi barədə sənədlər və digər məlumatlar əsasında həmin halı müəyyən etməli və aradan qaldırmalı idi. Halbuki, bu məbləğlərlə bağlı bu günədək hər hansı vergi yoxlaması keçirilməmişdir. Əksinə vergi orqanı keçən müddət ərzində sözügedən məbləğləri ödənilmiş məbləğ kimi qəbul edərək onları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ N°-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərardadında bu barədə müfəssəl hüquqi əsaslandırma edilmişdir. Bununla yanaşı vergi orqanının apardığı bu əməliyyatlar proqram təminatındakı hər hansı texniki xətanın aradan qaldırılması kimi də qəbul edilə bilməz. Belə ki, inzibati iş üzrə bu günədək dəfələrlə məhkəmə iclası keçirilsə də, vergi orqanı bu düzəlişləri texniki xəta ilə əlaqələndirməmiş, bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Həmçinin vergi orqanı nəyə görə şəxsi hesab vərəqəsində ödənildiyi qeyd edilən digər ödənişləri deyil, məhz mübahisələndirilən ödənişləri qəbul etməməsini ağlabatan şəkildə əsaslandırmamışdır. Eləcə də, vergi orqanı qanunvericiliklə müəyyən edilmiş müddətləri də ötürmüşdür. Belə ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyıcisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Şəxsi hesab vərəqəsindən göründüyü kimi vergi orqanı verginin yenidən hesablanması üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti də ötürmüşdür. Bundan əlavə, şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 7.500 manat, xx.xx.2019-cu il tarixdə 5.000 manat, xx.xx.2019cu il tarixdə 4.450 manat, xx.xx.2020-ci il tarixdə 2.995,51 manat və xx.xx.2020-ci il tarixdə 3.000 manat vergi orqanına ödəniş etmişdir. Lakin bu ödəmələr İddiaçı MMC barəsində əsassız hesablanmış 38.000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9.090,52 manat faiz borcu ilə əlaqədar silinmişdir. Hesab olunur ki, cavabdehin imtinası əsassız hesab edildiyi və iddiaçı barəsində əsassız olaraq hesablanmış vergi borcu silindiyi təqdirdə onun tərəfindən edilmiş ödənişlər İddiaçı MMC-yə geri qaytarılmalıdır. Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə görə artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə görə vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə vergi orqanı borcludur. Odur ki, hüquqi müəyyənlik prinsipinin tələblərinə əsasən hesab edilir ki, hazırki mübahisə üzrə işin faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 02 nömrəli qərardadında göstərilən müddəalar baxımından təhlil edilməli və hazırki mübahisə həll edilərkən qərardaddakı göstərişlər nəzərə alınmalıdır. Belə ki, həmin Qərardadın 7-ci bəndində qeyd edilmişdir ki, vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N. Əbilovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cii maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair ” xx xxxxxx 2014-cü il tarixli qərarları). Hüquqi müəyyənlik prinsipinə gəldikdə isə, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan hüququnun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 10.2-ci maddəsinə görə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Beləliklə vergi orqanı vergi ödəyicisi barəsində daha əvvəl hesablanmış və hətta ödənilmiş vergi borcunu yenidən hesablamışdır. İddiaçı hazırki vəziyyətdə ödədiyi vergini yenidən ödəməyə məcbur edilir ki, bu Azərbaycan Respublikasının Konstitusiyası ilə yolverilməzdir. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə görə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.5-ci maddəsinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsində qeyd edilmişdir ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasına iddiaçının vəkili və nümayəndəsi teleqram ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştrakı olmadan keçirilmsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə iddiaçının nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı MMCnin (VÖEN: **********) cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli müraciətinə baxılması haqqında xx.xx.2020-ci il tarixli **********309200 məktubun əsassız hesab edilməsi, iddiaçının xx.xx.2019-cu il tarixə şəxsi hesab vərəqəsində qeydə alınmış ümumilikdə 38.000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9.090.52 manat faiz üzrə qalıq borcunun silinməsi, silinmiş 25.945.51 manat ödənişin qeri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsinin surəti Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1061/2020 nömrəli sərəncamına əsasən iş üzrə cavabdehə göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Aşağıda göstərilənlərə görə iddia ərizəsinin dəlilərini əsassız hesab edilir: Aərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi (VÖEN: **********) tərəfindən 2016-2017-ci illər üzrə ödənilmiş dövlət rüsumlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 10000 manat, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 9000 manat, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 6000 manat, xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 5000 manat və xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 8000 manat olmaqla ümumilikdə 38000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bu səbəbdən də 06.11,2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 5000, 0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 8000,0 manat, 07.11,2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 10000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 9000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 6000,0 manat, cəmisi 38000 manat olmaqla daxilolmaya düzəliş edilərək İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən həmin Qanunun 20.1 -20.11 -ci maddələri üzrə dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanına əsasən vergi orqanları tərəfindən həyata keçirilir. Ödənilmiş dövlət rüsumunun vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsi əsas tutularaq yenidən hesablama aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçının silinmiş 25945.51 manat ödənişin qeri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə bildiririk ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə ödənilmiş 3000 manat, xx.xx.2019-cu il tarixdə ödənilmiş 7500 manat, 21.11,2019-cu il tarixdə ödənilmiş 5000 manat, xx.xx.2019-cu il tarixdə ödənilmiş 4450 manat, xx.xx.2020- ci il tarixdə ödənilmiş 2995,51 manat və xx.xx.2020-ci il tarixdə ödənilmiş 3000 manat, cəmisi 25945,51 manat məbləğində ödənişlər iddiaçının mənfəət verfisi, ƏDV və sair öhdəlikləri ilə bağlıdır. Həmin ödənişlərin geri qaytarılması yalnız artıq ödəmə mövcud olduqda Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə müvafiq olaraq həyata keçirilir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının sonuncu ödənişlər edilməmişdən əvvəl 39996.89 manat məbləğində borcu olmuş, ödənişlərdən sonra isə hazırda 23242.02 manat vergi borcu vardır. Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Qanunun tələbindən göründüyü kimi, vergi öhdəliyi mövcud olduqda sonrakı ödənişlər əvvəlki öhdəliklər üzrə sıra ardıcıllığı ilə həyata keçirilir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə baxılması haqqında xx.xx.2020-ci il tarixli **********309200 nömrəli məktubun əsassız hesab edilməsi tələbinə gəldikdə isə bildirilir ki, iddiaçı tərəfindən vergi orqanına müraciət edilərək hesablanmış 38000 manat vergi borcunun və 9090.52 manat faiz borcunun ödənilməsi bildirilsə də ödənişləri təsdiq edən hər hansı bir sənəd vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçıya ödəniş sənədlərinin təqdim edilməməsi səbəbindən müraciətə baxılmasının mümkün olmaması barədə məlumat verilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin vəzifəsidir. İddiaçı vergi orqanına müraciət edərkən ödəmələr barədə sübutlar təqdim etməməklə qanunun göstərilən tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Materiallara aiddir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2016 və 2017-ci illər üzrə şəxsi hesab vərəqəsinə işlənilməmiş ödəniş tapşırıqları haqqında məlumat və digər sənədlər. Əsaslandırma hissəsi: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi vergi orqanında qeydiyyatdan keçərək fəaliyyət göstərir. xx.xx.2020-ci ildə vergi ödəyicisinin şəxsi kabinetinə “tələbin icraaya yönəldilməsi” haqqında qərar göndərilmişdir. Vergi borcunun yaranma mənbəyinin müəyyənləşdirilməsi məqsədi ilə vergi orqanına müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, qeyd olunan borclar 2016-cı ilin sentyabr, oktyabr, 2017ci ilin oktyabr, noyabr ayları üzrə yaranmış və bu məqsəd ilə hesab vərəqəsinə düzəliş edərək onun tərəfindən ödənilməli olan vergi borcu tələb edilmişdir. ”İddiaçı” MMC həmin borcun vergi orqanına ödənildiyini bildirmiş və müvafiq düzəliş edilənə qədər şəxsi hesab vərəqəsində onun borcunun sıfır olmasını bildirmişdir. Vergi orqanı isə İddiaçı MMC tərəfindən həmin borcların ödənilmədiyini, yəni səhvən şəxsi hesab vərəqəsində İddiaçı MMC-nin borcunun olmaması kimi göstərildiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2016-2017-ci illər üzrə ödənilmiş dövlət rüsumlarının araşdırılması zamanı müəyyən edilmişdir ki ümumilikdə 38.000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənmişdir. Buna görədə vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinə düzəliş edilərək, İddiaçı MMC-nin şəxs hesab vərəqəsinə 38.000 manat vergi borcu yenidən işlənmişdir. İddiaçı isə həmin borcun artıq ödənildiyini, lakin ödəniş qəbzlərinin itirməsi səbəbindən məhkəməyə təqdim edə bilməməsini bildirmişdir. Bundan başqa İddiaçı MMC-nin nümayəndəsi bildirmişdir ki, vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsinə daxil edilmiş 38.000 manat vergi borcu ona yeni öhdəlik yaratdığına görə həmin borcun siyahıya daxil edilməsi üçün inzibati akta zərurət var. Lakin vergi orqanı hər hansı bir inzibati akt qəbul etmədən ona yeni vergi öhdəliyi yaratmışdır. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 61.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir. Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: 1) verginin ödənilməsi; 2) verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; 3) vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; 4) bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə; 5). Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda. Həmin Məcəllənin 483.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.4-cu maddəsinə əsasən bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 94.0cü maddəsinə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:1) vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 2) vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İddiaçının iddia tələbinin təmin edilməsi üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Şəxsi hesab vərəqəsinə qeydlər aparılanadək İddiaçı MMC-nin vergi borcunun olmaması. 2) Vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinə “düzəliş” əməliyyatının qanunsuz olması 3) Vergi orqanı tərəfindən verginin yenidən hesablanması üçün iddia müddətinin ötürülməsi 4) Vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinə edilmiş düzəlişə nəticəsində hesablanmış 38.000 manata görə əsassız ödənilmiş 25.945,51 manat pulun İddiaçı MMC qaytarılması Məhkəmə iddiaçı tərəfindən gətirilən arqumentləri araşdıraraq, aşağıdakıları qeyd etməyi zəruri bilir. İddiaçının gətirdiyi 1-ci arqument ondan ibarətdir ki, şəxsi hesab vərəqəsinə düzəliş edilənə qədər İddiaçı MMC-nin vergi borcunun olmaması, yəni borcların ödənilməsinin yeganə sübutunun şəxsi hesab vərəqəsində aparılan qeydlərin olmasıdır. Belə ki, şəxsi hesab vərəqəsinə vergi orqanından başqa heç kəs müdaxilə edə bilməz. Dürüsləşmə əməliyyatı istisna olmaqla sonradan şəxsi hesab vərəqəsinə edilmiş əməliyatlar inzibati aktın əsasında həyata keçirilməlidir. İddiaçı tərəfindən iddia tələbinin təmin edilməsi üçün gətirilən 1-ci arqument ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Vergilər nazirinin xx xxxxxx 2018-ci il tarixli **********501600 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən şəxsi hesab vərəqəsi - vergilər, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə vergi olmayan digər vəsaitlər (dövlət rüsumu, sığorta haqları və s.) üzrə iki tarix aralığına və yaxud çap olunduğu tarixə büdcə ilə qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirən vahid vərəqədir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ödənilmiş vəsait - bilavasitə vergi ödəyicisi tərəfindən ödənilməklə və ya qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin bank hesabından və əlavə dəyər vergisinin depozit hesabından silinməklə, büdcəyə mədaxil edilmiş vergi, sığorta haqları, digər ödənişlər, maliyyə sanksiyaları, inzibati cərimələr və faizlərdi. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən şəxsi hesab vərəqəsindən çıxarış - vergi orqanında olan şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən vergilər, faizlər, maliyyə sanksiyası, inzibati cərimə və digər ödənişlər üzrə vergi ödəyicisi ilə büdcə arasında iki tarix aralığına və ya çıxarışın çap olunduğu tarixə qarşılıqlı münasibətləri özündə əks etdirən vərəqədir. Həmin Qaydaların 3.3-cü bəndinə sasən vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsində olan məlumatlar X1 Sisteminin müxtəlif altsistemləri vasitəsi ilə əks olunur.Həmin Qaydaların 3.1-ci bəndinə görə vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu hər bir vergi ödəyicisi üzrə vergilər, faizlər, sığorta haqları, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə digər ödənişlər üzrə şəxsi hesab vərəqəsində (bu Qaydaların əlavəsinə uyğun olaraq) proqram təminatı vasitəsi ilə aparılır. Həmin Qaydaların 5.2ci bəndinə əsasən hesabat ayı üzrə daxilolmalar barədə məlumatlar həm ay, həm də artan yekunla hər bir büdcə təsnifat kodu üzrə Maliyyə Nazirliyi ilə üzləşdirilməklə müvafiq üzləşmə aktı ilə təsdiq olunur. Qaydalara görə vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır və həmin vərəqədə vergi ödəyicisi barədə olan məlumatlar X1 Sisteminin müxtəlif altsistemləri vasitəsi ilə əks olunur. Qeyd olunan məlumatlar sırasına vergi ödəyicisin vergi borcları, onun tərəfindən həyata kerilimiş ödənişlər, vergi ödəyicisinə yenidən hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları öz əksini tapır. Qaydaların 2.4-cü bəndinə əsasən vergi öhdəlikləri vergi ödəyicisi tərəfindən bilavəsitə vergi orqanına, bank hesabı vasitəsi ilə və əlavə dəyər vergisinin depozit hesabından silinməklə həyata keçirilə bilər. Heabat ayı üzrə daxilolmalar barədə məlumatlar həm ay, həm də artan yekunla hər bir büdcə təsnifat kodu üzrə Maliyyə Nazirliyi ilə üzləşdirilməklə müvafiq üzləşmə aktı ilə təsdiq olunur. Göründüyü kimi şəxsi hesab vərəqəsi məlumat xarakterli bir vərəqədir və həmin vərəqədə vergi ödəyicisi ilə vergi orqanı arasında aparılmış hərəkətlər öz əksini tapır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.4.1-ci maddəsinə əsasən verginin ödənilməsi vergi öhdəliyinə xitam verilməsi hesab olunur. Başqa sözlə desək vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin yerinə yetirilməməsinə baxmayaraq şəxsi hesab vərəqəsində vergi ödəyicisinin vergi borcunun olmaması kimi qeyd olunması düzgün deyil. Belə ki, məlumat xarakterli vərəqəyə vergi ödəyicisinin vergi borclarının silinməsi, vergi ödəyicisinə yeni vergi borclarının hesablanması kimi hərəkətlərin daxil edilməsi yol veriləndir. Ona görədə məhkəmə hesab edir ki, şəxsi hesab vərəqəsində İddiaçı MMC-nin vergi borcunun sıfr manat kimi qeyd olunması onun hələ vergi öhdəliyinə xitam verilməsi anlamına gəlməməlidir. Hesab olunur ki, vergi ödəyicisinin vergi öhdəliyindən azad olunması üçün vergi ödəyicisi vergi borclarını bilavasitə və ya bank əməliyyatları vasitəsi ilə dövlət büdcəsinə ödəməlidir. Şəxsi hesab vərəqəsinə qeyd olunmuş 38.000 manat vergi borcunun İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməsi ilə bağlı hər hansı bir dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim etməmişdir. Əksinə vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarilxi **********14 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2016-cı il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 10.000 manat, xx.xx.2016cı il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 9.000 manat, xx.xx.2016-cı il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 6.000 manat, xx.xx.2017-ci il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 5.000 manat və xx.xx.2017-ci il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 8.000 manat olmaqla ümumilikdə 38.000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənmişdir. Belə olduğu tədqirdə məhkəmə iddiaçı tərəfindən iddianın təmin edilməsi üçün gətirdiyi 1-ci arqumenti əsassız hesab edir. Məhkəmə iddianın təmin edilməsi üçün iddiaçı tərəfindən gətirilən 2-ci arqumenti araşdıraraq, hesab edir ki, qeyd olunan arqumentdə iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. İlk öncə nəzərə alınmalıdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadının qəbul edilməsinə əsas vergi orqanı tərəfindən “Dürüsləşmə” adı altında şəxsi hesab vərəqəsinə düzəlişlərin edilməsi zamanı inzibati aktın qəbul edilib edilməməsi ilə əlaqədar kassasiya icraatı zamanı Ali Məhkəmənin məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olması səbəbindən məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qəbul edilmişdir. Həmin Qərardadın 55-ci bəndindədə qeyd olunduğu kimi “Dürüsləşmə” əməliyyatı adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir.Qərardadın 55-ci bəndində kollegiyanın mövgeyi ondan ibarət olmuşdur ki, “dürüsləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. Göründüyü kimi vergi orqanı məhz “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı “Dürüşləşmə” adlandırdığı əməliyyat ilə kompüter proqramı təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üçün nəzərdə tutulub. Başqa sözlə desək vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının Qanuna görə silinməsinə baxmayaraq, kompüter proqramı həmin borcları yenidən silməsi məqsədi ilə vergi ödəyicilərinin digər mübahisə olunmayan borclarını silir. Buna görədə vergi məmuru “Dürüsləşmə” adlandırdığı əməliyyat vasitəsi ilə silinməli olmayan vergi borclarını şəxsi hesab vərəqəsinə yenidən işləyir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadına əsasən həmin borcların yenidən şəxsi hesab vərəqəsinə işlənməsi üçün yeni inzibati aktın qəbul edilməsinə zərurət yoxdur. Lakin hazır ki, iddia tələbinin Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı məsələ ilə heç bir əlaqəsi yoxdur. Ona görədə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməsi üçün gətirdiyi 2-ci arqumentində hüquqi əsası yoxdur. İddiaçı tərəfindən iddia tələbinin təmin edilməsi üçün gətirdiyi 3-cü arqument vergi orqanı tərəfindən verginin yenidən hesablanması üçün iddia müddətinin ötürülməsindən ibarətdir. Bununla bağlı məhkəmə yuxarıda qeyd olunanlar ilə yanaşı qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd olunan maddənin tələbləri baxımından məlum olur ki, vergi orqanı hesabat dövrü qurtardıqan sonra 3 il ərzində vergi ödəyicisinin vergi öhdəliklərini hesablaya və ya yenidən hesablaya billər və həmin vergi borclarının tutulması üçün vergi orqanının hüuquları 5 illik müddət ilə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən İddiaçı MMC-nin ödənilməmiş vergi borclarının şəxsi hesab vərəqəsinə daxil edilməsi ona yenidən vergi borcların hesablanması anlamına gəlinməməlidir. Belə ki, vergi borclarının yenidən hesablanması əvvəllər hesablanmış vergi borcundan fərgli vergi borcunun hesablanması deməkdir. Lakin hazır ki, iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC 2016 və 2017-ci illər ərzində hesablanmış vergi borcuna hər hansı bir dəyişiklik edilməyib. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının 3 illik iddia müddətinə əsaslanmasıda düzgün deyil. Nəzərə alınmalıdır ki, vergi orqanının İddiaçı MMC-ən vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik, yəni hazır ki, iddia tələbi üzrə xx.xx.2021-ci ilə kimi müddəti var. Ona görədə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməsi üçün gətirdiyi 3-cü arqumentdə əsassızdır. İddiaçı tərəfindən iddia tələbinin təmin edilməsi üçün gətirilən 4-cü arqumenti araşdıraraq, məhkəmə hesab edir ki, hazır ki arqumentin yuxarıda qiymət verilmiş arqumtlər ilə birbaşa əlaqəsi var. Belə ki, İddiaçı MMC iddia tələbində birldirmişdir ki, xx.xx.2019-cu ildə 3.000 manat, xx.xx.2019-cu ildə 7.500 manat, xx.xx.2019-cu ildə 5.000 manat, xx.xx.2019-cu ildə 4.450 manat, xx.xx.2020-ci ildə 2.995,51 manat, xx.xx.2020-ci ildə 3.000 manat vergi orqanına ödəniş etmişdir və həmin ödənişlər ona əsassız hesablanmış 38.000 manat vergi borcuna çıxılmışdır. Qeyd olunan məbləği vergi orqanına ödəyərkən şəxsi hesab vərəqəsinə daxil edilmiş 38.000 manat vergi borcundan məlumatsız olmuş və hesab edir ki, əsassız hesablanmış 38.000 manat vergi borcuna görə ödənilmiş 25.945,51 manat pul vergi orqanı tərəfindən ona geri qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd etdiklərinə əsaslanmaqla hesab edir ki, vergi orqanına hər hansı artıq ödəmə həyata keçirilməyib və İddiaçı MMC tərəfindən ödənilmiş 25.945,51 manat pulun onun borclu olduğu 38.000 manat vergi borcuna aid edilməsində vergi orqanı haqlı olmuşdur. Göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının vergi borcu şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və bu hərəkətlərin həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Beləliklə iddianın təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmur və iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X2rşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “xx.xx.2020-ci il tarixli müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsi, iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə qeyd alınmış 5000 manat və 8000 manat və xx.xx.2019-cu il tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 7500 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə 4450 manat, xx.xx.2020-ci il tarixdə 2995,51 manat və xx.xx.2020-ci il tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar