Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-196/2022 04.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər keçmiş XDS İK-nin Bağlar Təsərrüfatı İdarəsi ilə Həsən Qurban oğlu arasında bağlanmış xx.xx.1985-ci il tarixli 1513 saylı torpaq icarə müqaviləsi əsasında sonuncunun istifadəsinə verilmiş Novxanı bağlar massivində yerləşən sahəsi 22.5 olan 2140 saylı bağ torpaq sahəsinin qalan 0,135 ha hissəsinin atası Həsən Qurban oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 2 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Həsən Qurban oğlu arasında bağlanmış xx.xx.1985-ci il tarixli, 1513 saylı torpaq icarə müqaviləsi əsasında sonuncunun istifadəsinə verilmiş “Novxanı” bağları massivində yerləşən sahəsi 0.225 ha olan 2140 saylı bağ torpaq sahəsinin qalan 0.135 ha hissəsi üzərində iddiaçının atası Həsən Qurban oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhər keçmiş XDS İK-nin Bağlar Təsərrüfatı İdarəsi ilə Həsən Qurban oğlu arasında bağlanmış xx.xx.1985-ci il tarixli, 1513 saylı torpaq icarə müqaviləsi əsasında sonuncunun istifadəsinə verilmiş “Novxanı” bağları massivində yerləşən sahəsi 0.225 ha olan 2140 saylı bağ torpaq sahəsinin qalan 0.135 ha hissəsinin mərhum atası Həsən Qurban oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının atası Həsən Qurban oğlu arasında bağlanmış 24 sentyabr 1985-ci il tarixli 1513 saylı torpaq icarə müqaviləsi əsasında Novxanı bağları massivində yerləşən sahəsi 0,225 ha olan 2140 saylı bağ torpaq sahəsi sonuncunun istifadəsinə verilmişdir. Həsən Qurban oğlu 16 avqust 2004-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra bağ torpaq sahəsi ailəsinin istifadəsində qalmaqda davam etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququ bu günədək qeydə alınmamışdır. İddiaçı vərəsə kimi atasına məxsus olmuş torpaq sahəsi üzərində hüququnun qeydə alınması məqsədi ilə aidiyyəti üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan 12 iyul 2021-ci il tarixli **********67 saylı cavab məktubu ilə mərhum atasının qeyd olunan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Bunu cavabdeh onunla əsaslandırmağa çalışmışdır ki, 24 sentyabr 1985-ci il tarixli, 1513 saylı torpaq icarə müqaviləsi əsasında mərhum atam Həsən Qurban oğlunun istifadəsinə verilmiş sahəsi 0,225 ha olan 2140 saylı bağ torpaq sahəsinin 0,09 ha hissəsi Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 20 saylı qərarı və torpaqların alqı-satqısına dair akt əsasında X1 mülkiyyətinə ayrılmış ,2140 saylı bağ torpaq sahəsinin 0,09 ha hissəsi üzərində X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş, lakin yerdə qalan torpaq sahəsinə dair müvafiq hüquq müəyyənedici sənədlər verilməmişdir. İddiaçı verilmiş imtina cavabını əsassız hesab edir. Belə ki, X6 iddiaçının qardaşı olmaqla mərhum Həsən Qurban oğlunun vərəsələrindən biridir. 2140 saylı bağ torpaq sahəsinin 0,09 ha hissəsi üzərində Ə.Quliyevin mülkiyyət hüququnun qeydə alınması qalan hissəni qeydə almaqdan imtina üçün əsas sayıla bilməz, çünki ölkəmizdə həyata keçirilmiş torpaq islahatı nəticəsində sözügedən torpaq sahəsi mərhum atasının əvəzsiz mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, arxiv məlumatlarının araşdırılması zamanı 24 sentyabr 1985-ci il tarixli 1513 saylı icarə müqaviləsinə əsasən Həsən Qurban oğlunun icarəsinə verilmiş 0.225 ha torpaq sahəsinin 0.09 ha hissəsinin Sumqayıt bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli 20 nömrəli qərarı və torpaqların alqı-satqısına dair aktı əsasında X3 ayrıldığı, lakin yerdə qalan torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlərin verilmədiyi müəyyən edilmişdir. Həmin 0.09 ha torpaq sahəsi üzərində Ə.Quliyevin hüquqlarının qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan : - 24 sentyabr 1985-ci il tarixli 1513 saylı torpaq icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Novxanı bağları massivində yerləşən sahəsi 0,225 ha olan 2140 saylı bağ torpaq sahəsi Həsən Qurban oğluna uzunmüddətli icarəyə verilmişdir. -Sumqayıt şəhər Corat qəsəbəsi sovetliyi tərəfindən verilmiş 11 yanvar 1968-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Həsən Qurban oğlunun oğludur. - AZ-İİ № 203858 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, Həsən Qurban oğlu xx.xx.2004-cü ildə vəfat etmişdir. -cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli imtina bildirişindən görünür ki, mübahisəli torpaq sahəsinin 0.09 ha hissəsinin Sumqayıt bələdiyyəsi tərəfindən X3 ayrılması, yerdə qalan torpaq sahəsinə isə hüquqmüəyyənedicvi sənədlər təqdim edilmədiyindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, idarədə elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X1 adına verilmiş çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı, bağ, sahələrinin və s. altında olan torpaqlar əvəzsiz onların mülkiyyətinə verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin iddiaçının mərhum atasına icarəyə veirlməsi barədə icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. İddiaçının qardaşı ilə Sumqayıt bələdiyyəsi arasında mübahiəsli 0.09 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlansa da, yerdə qalan 0.135 ha hissəsi hüquqi cəhətdən yüklü deyildir və iddiaçı hazırda həmin torpaq sahəsinin atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin 0.09 ha torpaq sahəsinin iddiaçının qardaşının adıan qeydə alınması iddiaçnın hüquqlarını məhdudlaşdırmır. İddiaçı həmin hissənin torpaq sahəsinin cəmi ölçüsündən çıxılmaqla, yerdə qalan 0.135 ha hissəyə dair arayışın verilməsini iddia edir. Cavabdeh imtina bildirişində yalnız 0.09 ha torpaq sahəsinin Ə.Quliyevin mülkiyyəti kimi qeydı alındığını bildirərək qalan hissə üçün hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad etmiçdir. Məhkəmə cavabdehin bu dəilini əsassız və formal hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktalırn Dövlət Reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq, xx.xx.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət yüzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları arasında ziddiyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təqkil etdikdə qanun tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Həsən Qurban oğlu arasında bağlanmış xx.xx.1985-ci il tarixli, 1513 saylı torpaq icarə müqaviləsi əsasında sonuncunun istifadəsinə verilmiş “Novxanı” bağları massivində yerləşən sahəsi 0.225 ha olan 2140 saylı bağ torpaq sahəsinin qalan 0.135 ha hissəsinin mərhum Həsən Qurban oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Həsən Qurban oğlu arasında bağlanmış xx.xx.1985-ci il tarixli, 1513 saylı torpaq icarə müqaviləsi əsasında sonuncunun istifadəsinə verilmiş “Novxanı” bağları massivində yerləşən sahəsi 0.225 ha olan 2140 saylı bağ torpaq sahəsinin qalan 0.135 ha hissəsinin mərhum Həsən Qurban oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-196/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-196/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver