Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1961/2024 18.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “hərbi xidmətin yenidən hesablanaraq, məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı “iddiaçının 15 iyul 1993-cü il tarixdən 12 iyul 1997-ci il tarixə kimi olan dövr üzrə hərbi xidmətinin bir ayı 3 ay sayılmaqla, yeni məlumat vərəqəsinin tərtib olunub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən 15 iyul 1993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. 15-17 iyul tarixlərində Sumqayıt şəhəri X1 qəsəbəsində yerləşən N Nömrəli hərbi hissədə xidmət keçdikdən sonra 17 iyul 1993-cü il tarixdən N oktyabr 1993-cü il tarixədək Xızı rayonu, Yaşma qəsəbəsində N saylı hərbi hissəsədə xidmətini davam etdirmişdir. N Nömrəli hərbi hissə komandirinin N oktyabr 1993-cü il tarixli, 239 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Beyləqan rayonunun döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. Əvvəlcə Zəngilan və digər rayonlarda gedən döyüşlərdə iştirak edib. N () saylı hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilərək radiotelefonçu-pulemyotçu vəzifəsinə təyin olunmuşdur. 19 noyabr 1993-cü il tarixdən 10 may 1994-cü il tarixə qədər Beyləqan-Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 iyun 1997-ci il tarixli, 110 saylı əmrinə əsasən 12 iyul 1997-ci il tarixdə silahlı qüvvələrdən tərxis olunmuşdur. Döyüşlərdə iştirakı ilə əlaqədar iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Daha sonra o, 13 iyun 2002-ci il tarixli əmrlə daxili işlər orqanlarında xidmətə qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli sərəncamına müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin 31 may 2006-cı il tarixli əmri İlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sərəncamına qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 sentyabr 2022-ci il tarixli əmri ilə öz arzusi ilə xidmət keçməyinə xitam verilmişdir. Pensiyaya çıxdıqdan sonra iddiaçıya 736 manat pensiya təyin olunmuşdur. Pensiyanın məbləği ilə razı deyil. Belə ki, ona pensiya təyin edilərkən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirakı nəzərə alınmamışdır. 15 iyul 1993-cü il tarixdə Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır və onun 1 il 6 aylıq müddətli həqiqi hərbi xidmət dövrü 16 yanvar 1995-ci il tarixdə bitmişdir. Belə olan halda müddətli hərbi xidmət dövrünün bitdiyi 16 yanvar 1995-ci il tarixdən sonrakı, yəni həmin tarixdən tərxis olunduğu 12 iyul 1997-ci il tarixə kimi olan dövr iddiaçının müddətdən artıq xidmət dövrünü əhatə edir. Ona pensiya təyin olunarkən 15 iyul 1993-cü il tarixdən 12 iyul 1997-ci il tarixə kimi olan dövr güzəştli şərtlərlə (1 günün 3 gün kimi) nəzərə alınmamışdır. O, müvafiq ərizə ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqanın sosial təminat və pensiya şöbəsinin iddiaçıya ünvanladığı 20 oktyabr 2022-ci iİ tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarında müddətli hərbi xidmət qulluqçularının xidmət müddətinin güzəştli qaydada hesablanması nəzərdə tutulmamışdır. Təqdim edilən 12 iyul 1993-cü il tarixdə Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən verilmiş NZ№ ******* nömrəli hərdi biletə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçı 15 iyul 1993-cü il tarixdən 12 iyul 1997-ci il tarixədək məhz müddətli hərbi xidmətdə olmuşdur. Qeyd olunanları nəzərə alaraq hesab edilmişdir ki, iddiaçının 15 iyul 1993-cü il tarixdən 12 iyul 1997-ci il tarixədək N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğu müddətin güşətli qaydada hesablanması qanuna müvafiq deyildir. Qeyd edilir ki, cavabdeh qurumun cavab məktubunda göstərdiyi qaydada iddiaçının tələbindən imtina etməsi əsassızdır, qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə mümkünlük icraatı başlanılmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 18 mart 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ... “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən, ərizənizdə qeyd etdiyiniz N oktyabr 1993-cü il tarixdən 12 iyul 1997-ci il tarixədək olan dövr döyüş şəraitində olmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmətinin bir ayı üç ay kimi sayılır. İddiaçı tərəfindən15 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş müraciətində qeyd olunmuşdur ki, tələbinin cavabdeh tərəfindən qəbul edilməsinə görə iddia ərizəsindən imtina edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddianın geri götürülməsinə dair ərizə təmin edildiyindən iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı iddia tələbindən imtinasına dair ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “iddiaçının 15 iyul 1993-cü il tarixdən 12 iyul 1997-ci il tarixə kimi olan dövr üzrə hərbi xidmətinin bir ayı 3 ay sayılmaqla, yeni məlumat vərəqəsinin tərtib olunub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-1961/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1961/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver