Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1962/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" istehsalat birliyində işləyən vaxt mənzil növbəsinə götürülmüş və ona zavod Həmkarlar İttifaqı Komitəsinin Mənzil Məişət Məsələləri üzrə Komissiyasının 14.06.1993-cü il tarixli 107 saylı Protokolu əsasında Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı 1 otaqlı yaşayış sahəsi ayrılmışdır. Həmin protokol əsasında iddiaçının adına order verilmiş və orderdə ailə üzvləri kimi qızı X4 adı daxil edilmişdir. İddiaçı həmin order əsasında 1993-cü ildən bu mənzildə yaşayır, mənzil kirayə və kommunal xidmət haqlarını ödəyir və özü də həmin ünvan üzrə pasport qeydiyyatındadır. İddiaçı qanuni əsaslarla ayrılmış bu otağı adına özəlləşdirməklə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh əsassız səbəb gətirməklə 26.08.2021-ci il tarixli bildirişlə ona imtina vermişdir. Həmin imtinada əsas səbəb kimi göstərmişdir ki, guya iddiaçıya verilmiş orderin hüquqi əsası yoxdur və özəlləşmənin aparılması üçün icra hakimiyyətinin sərəncamı olmalıdır. Bu imtina əsassızdır, belə ki, iddiaçıya qeyd edilən otaq ayrılan vaxt həmin otaq Sumqayıt şəhər "xxxx" istehsalat birliyinin balansında olmuş və bu yaşayış sahəsinin icra hakimiyyətinə heç bir aidiyyəti olmamışdır. Digər tərəfdən order ləğv olunmamış və hazırda da qüvvədədir və bu orderi hazırda binanın balansına verilmiş Sumqayıt şəhər icra hakimiyyəti də tanıyır. Bundan başqa iddiaçı həmin mənzilin əsas kirayəçisidir və mənzilin orderində adı olan 18 yaşdan yuxarı ailə üzvü-qızı da mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ərizəsi vermişdir. Bundan başqa bu binada iddiaçıdan başqa da bir çox sakinlər eyni orderlər əsasında otaqları öz adlarına özəlləşdirməklə çıxarış almışlar. Hesab olunur ki, mənzili özəlləşdirməklə bağlı verilmiş imtinanın heç bir hüquqi əsası yoxdur. Bu imtina “Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir və ona görə də həmin imtina əsassız hesab edilməli və mənzilin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı müraciətinin təmin edilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2-1(118)-1962/2021 nömrəli sərəncamına əsasən idarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Quliyeva Qələmnaz Yusif qızı ünvan 1 ünvanda yerləşən 52 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə 11 iyun 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Quliyeva Qələmnaz Yusif qızına bildirilmişdir ki, ərizəyə əlavə olunmuş, Sumqayıt “Sintezkauçuq” zavodunun mənzil kommunal kontoru tərəfindən verilmiş 28.12.1993-cü il tarixli 2255 nömrəli order mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Bundan başqa, İddiaçı etibarnamə üzrə nümayəndəsi Quliyeva Qələmnaz Yusif qızına bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən 52 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə onun nümayəndəsi Quliyeva Qələmnaz Yusif qızına 26 avqust 2021- ci il tarixli **********85 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02.11.2021-ci il tarixli 2-1(118)-1962/2021 saylı qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə İnzibati Prosessual qanunvericiliyin tələbləri baxımından işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına üçüncü şəxs qismində cəlb olunmuş Sumqayıt şəhər İcra hakimiyyətinin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil "xxxx" İB fəaliyyəti zamanı iddiaçıya protokol əsasında verilmişdir. Müəssisə fəaliyyətini dayandırdıqdan sonra yataqxana Sumqayıt şəhər İcra Hakimiyyətinə verilib. Hazırda mülkiyyətçi Sumqayıt şəhər İcra Hakimiyyəti hesab olunur. Həmin mənzillər xüsusi təyinatlı mənzillərdir. Onlar üzərində hər hansı bir özəlləşdirilmə aparılması mümkün deyildir. Qeyd olunanlara əsasən üçüncü şəxsin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aşağıdakılar aiddir: - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin 11.06.2021-ci il tarixli, 2514 saylı 2№li forma arayışı və 05.11.2021-ci il tarixli, 4176 saylı arayışa əsasən iddiaçı ünvan 1 ünvanda yerləşən 52 nömrəli otaqda qeydiyyatdadır və orada yaşayır. - Cavabdeh orqanın 26.08.2021-ci il tarixli **********85 nömrəli imtinasından görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. - İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının 21.09.2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, ünvan 1, mənzil 52-yə (mübahisəli yaşayış sahəsi) dair Sumqayıt "xxxx" zavodu Mənzil Kommunal İdarəsi tərəfindən 2255 nömrəli, 28.12.1993-cü il tarixli order verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli 153 saylı sərəncamı ilə X1 zavodlarının balansında olan bina və tikililərin Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və X2 balansına qəbul edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının 14.074.2021-ci il tarixli 1181 nömrəli məktubuna əsasən mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. - X5 08.06.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətinə əsasən o, mübahisəli yaşayış sahəsinin özəlləşdirilməsinə etiraz etmədiyini bildimişdir. - Mübahisəli yaşayış sahəsində qeydiyyatda olan X3 10.06.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətinə əsasən o, həmin yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişdir. - "xxxx" Birliyinin baş direktorunun 14.06.1993-cü il tarixli, 107 nömrəli protokolundan çıxarışına əsasən iddiaçının 20 nömrəli yataqxanadakı 52-ci otağa köçürülməsi qərara alınmışdır. - Sumqayıt "xxxx" zavodunun mənzil kommunal kontoru tərəfindən verilmiş 28.12.1993-cü il tarixli 2255 nömrəli orderə əsasən mübahisəli yaşayış sahəsi iddiaçıya ayrılmışdır. Həmin orderdə iddiaçının özü ilə yanaşı onun qızı X5 da adı qeyd olunmuşdur. - İşə əlavə edilmiş ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 16.06.1988-ci ildən 02.04.1999-cu ilədək, 20.09.2000-ci ildən 28.04.2003-cü ilədək Sumqayıt “Sintez kauçuk” zavodunda işləmişdir. - Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İş materialları ilə müəyyən olunur ki, "xxxx" Birliyinin baş direktorunun 14.06.1993-cü il tarixli, 107 nömrəli protokolundan çıxarışına əsasən iddiaçının 20 nömrəli yataqxanadakı 52-ci otağa köçürülməsi qərara alınmışdır. Həmin otağa dair iddiaçıya 28.12.1993-cü il tarixli 2255 nömrəli order verilmişdir. İddiaçı həmin yaşayış sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 26 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir. Cavabdeh buna əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “Müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanlarının nəzərdə tutulduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun 1-ci maddəsinin iddiaçıya sözügedən yaşayış sahəsinin ayrıldığı dövrdə, yəni 1993-cü il tarixdə qüvvədə olan redaksiyasına əsasən həmin Qanunda özəlləşdirmə dedikdə, vətəndaşların yaşadıqları dövlət və ya ictimai mənzil fondu mənzillərinin (evlərinin) onların mülkiyyətinə verilməsi nəzərdə tutulur. Həmin Qanunun 4-cü maddəsinin iddiaçıya yaşayış sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyasına əsasən mənzil fondunun özəlləşdirilməsini aşağıdakılar həyata keçirirlər: dövlət mənzil fondunun özəlləşdirilməsini—ixtiyarında mənzil fondu olan müvafiq yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar, ictimai mənzil fondunun özəlləşdirilməsini—mülkiyyətində mənzil fondu olan müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası əsassız olmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Hazırkı işdədə iddiaçı 1993-cü ildən həmin mənzilə qanuni əsaslarla sahiblik etmiş, həmin mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı qanuni gözləntiləri olmuşdur. İddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hüquqi əsaslarda mövcud olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmiş və qanuna zidd olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1962/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1962/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver