Məhkəmə qərarları › İş №2-1(118)-1964/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1964/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1964/2023 02.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illərə görə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb iddiaçıya ödənilməsi, həmçinin uşaqlarına doğulduğu gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illərə görə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb iddiaçıya ödənilməsi, həmçinin uşaqlarına doğulduğu gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır və Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisi üzrə məhəllə komitəsi ərazisində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. İddiaçıya AA № 346869 saylı məcburi köçkün vəsiqəsi də verilmişdir. Ailəlidir, üç övladı var. 2006-cı ildə X1 ilə faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2007-ci il tarixdə rəsmiləşmişdir. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Əli İsgəndərli, xx.xx.2009-cu il təvəllüdlü Uğur İsgəndərli və xx.xx.2010-cu il təvəllüdlü Ramazan İsgəndərli anadan olmuşlar. İddiaçı 2007-ci il tarixə qədər məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcini almışdır. Sonradan iddiaçıya yemək xərcinin verilməsi dayandırılmışdır. Uşaqlarına da yemək xərci verilmir. Lakin iddiaçı məcburi köçkün hesab olunduğundan övladları da məcburi köçkün hesab olunmalıdırlar. İddiaçı cavabdeh orqana bununla bağlı müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına dəvət olunmasına baxmayaraq iştirakı təmin olunmamışdır. Məhkəmə qanunvericiliyə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin ödənilməsi rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinə aid deyil. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyətlərinə həmin səlahiyyətin verilməsi nəzərdə tutulmamışdır. Hesab olunur ki, qeyd olunan tələb ilə bağlı qanunsuz fəaliyyətin növündən asılı olaraq nəzarət funksiyasına malik olan qurumlara müraciət olunmalıdır. Yəni məcburi köçkünlər üçün yemək xərcinin ödənilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir. Ona görə də yuxarıda sadalanan normaların tələbləri baxımından məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh iddiaya cavab verməli orqan olmadığına görə iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illərə görə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb iddiaçıya ödənilməsi, həmçinin uşaqlarına doğulduğu gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar