Məhkəmə qərarları › İş №2-1(118)-1964/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1964/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1964/2025 27.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adının verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı 2020-ci ildə vətən müharibəsi başlayan zaman Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təxirəsalınmaz cərrahiyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət edirdi. Zərurət yarandığına görə (döyüş tapşırığını yerinə yetirmək üçün) iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N saylı hərbi hissəyə ezam olunmuşdur. xx.xx.2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N nömrəli hərbi hissənin Naftalan şəhərində yerləşən Səyyar tibb qrupuna ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmiş, onlarla hətta yüzlərlə yaralı əsgər və zabitə cərrahi yardım göstərərək həyatda qalmasına əlindən gələni bilik və bacarığını əsirgəməmişdir (buna dair N saylı hərbi hissənin komandiri polkovnik-leytenantı Şahin Əliyev tərəfindən təsdiq olunmuş 1299 №-li xx.xx.2023-cü il tarixli aktı və 310 №-li xx.xx.2023-cü il tarixli arayışı verilmişdir). Talış kəndində olmağı təsdiq edən foto şəkillər mövcuddur. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya veteran statusu verilməsi ilə bağlı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinə müraciət etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi polkovnik-leytenant Elbrus Mehdixanovun xx.xx.2023-cü il tarixli 2/2-12 222 №-li cavab məktubunda qeyd olunur ki, döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı təkrar AR Müdafiə Nazirliyinə təkrar müraciət edilmişdir. Lakin bu günə kimi cavab verilməmişdir (ərizə və qəbz əlavə olunur). İddiaçı tək hərbi hissədə deyil, ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmiş, onlarla hətta yüzlərlə yaralı əsgər və zabitə cərrahi yardım göstərərək həyatda qalmasına əlindən gələni bilik və bacarığını əsirgəməmişdir. Xüsusi ilə qeyd edir ki, 20 il 8 ay Azərbaycan Silahlı Qüvvələrində hərbi cərrah kimi fəaliyyət göstərmişdir. Vətən müharibəsində onunla eyni yerə ezam olunmuş hərbi qulluqçular polkovnik leytenant Elmir Məmmədov və polkovnik Roman Çobanova veteran statusu verildiyi halda ona veteran statusu verilməyib. Cavabdeh orqanın məktubundan (hərəkətlərindən) belə qənaətə gəlmək olur ki, eyni yerdə eyni xidmət aparan şəxslər arasında ayrı seçkilik edirlər. Bu isə qanunla qadağandır. Yuxarıda göstərilənlər “Müharibə Veteranı’’ adının və vəsiqəsinin verilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtlən haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya digər ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 304 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ezamiyyətdə olmuş hesab olunmuşdur. Qeyd olunan əmrdə iddiaçının Naftalan şəhərində yerləşən səyyar tibb qrupuna, Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndinə göndərilməsi xüsusatları öz əksini tapmamışdır. Əmr N nömrəli hərbi hissənin dislokasiya olunduğu Ağcabədi rayonu, Sarıcalı kəndində verilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli, 2/2-12222 nömrəli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: N saylı hərbi hissənin komandiri, tibb xidməti polkovnik-leytenantı Şahin Əliyevin təsdiq etdiyi 02 may 2023-cü il tarixli 1299 saylı Aktda qeyd edilmişdir: “Biz aşağıda imza edənlər komissiyanın sədri: hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisi tibb xidməti mayoru X3, komissiyanın üzvləri tibb hissə rəisinin idioloji iş və mənəvi psixoloji təminat üzrə köməkçisi polkovnik-leytenant X5, Səyyar tibb qrupunun mobil hərbi hospitalının rəisi mayor X6, tibbi təhcizat bölməsinin rəisi tibb xidməti mayoru X4 bu aktı tərtib edirik ona görəki 44 günlük Vətən müharibəsi zamanı tibb xidməti mayoru İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N nömrəli hərbi hissənin Naftalan şəhərində yerləşən Səyyar tibb qrupuna ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmişdir”. N saylı hissənin komandiri, tibb xidməti polkovnik-leytenantı Şahin Əliyevin təsdiq etdiyi arayışda qeyd edilmişdir: “Verilir, tibb xidməti mayoru İddiaçı ondan ötrü ki, o həqiqətən "Vətən müharibəsi" zaman; Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından N nömrəli hərbi hissəyə ezam olunmuş "Vətən müharibəsində" Tərtər rayonu Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Arayış: "Veteran adı" verilməsi üçün Müdafiə Nazirliyinin Aparatı nəznində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim etmək üçün verilir.” Müdafiə Nazirliyinin Baş X7 20 avqust 2021-ci il tarixli 201 saylı əmrindən çıxarışa əsasən Tibb xidməti polkovnik-leytenantı İddiaçı, Ümumi cərrahiyyə şöbəsinin Təxirəsalınmaz cərrahiyyə bölməsinin baş ordinatoru , “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyul 2021-ci il tarixli 0928 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə vəzifəsini və işlərini təhvil vermiş hesab edilsin, 2021-ci ilin hesabından qalan növbəti 45 (qırx beş) təqvim günü məzuniyyət verijməklə xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə göndərilsin. Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 020 nömrəli əmri ilə “Birinci" məharət dərəcəsi təsdiq edilib. Tibb xidməti polkovnik-leytenantı İddiaçı 2021-ci ilin yanvar-sentyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Tibb xidməti polkovnik-leytenantı İddiaçı xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2021-ci il üçün növbəti məzuniyyətdən 45 (qırx beş) gün istifadə edib və məzuniyyət pulu ödənilib. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyul 2021-ci il tarixli 0928 nömrəli əmrindən çıxarış, (d/o 202 ). Silahlı Qüvvələrin Baş X7 N oktyabr 2020-ci il tarixli 252 saylı əmrindən çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər, ezamiyyətdən

1. Tibb xidməti mayoru İddiaçı, Təxirəsalınmaz cərrahiyyə bölməsinin baş ordinatoru. Əsas: 4962 nömrəli ezamiyyət vəsiqələri. Silahlı Qüvvələrin Baş X7 05 oktyabr 2020-ci il tarixli 233 saylı əmrindən çıxarışa əsasən 05 oktyabr 2020-ci il tarixdən getmiş hesab olunsunlar: Ezamiyyətə N nömrəli hərbi hissədən N (on) təqvim günü müddətinə. Tibb xidməti mayoru İddiaçı, Təxirəsalınmaz cərrahiyyə bölməsinin baş ordinatoru. Əsas: tibb xidməti polkovnik-leytenantı C.Əkbərovun raportu (dax.ol № 1156). N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 304 saylı Əmrindən çıxarışa əsasən yaralıların müayinə və müalicəsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalından ezam olunmuş tibb xidməti mayoru İddiaçı 05 oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-c il tarixədək ezamiyyətdə olmuş hesab olunsun. Əsas: Hərbi qulluqçuların 05 10.2020-ci il tarixli 4962 nömrəli ezamiyyət vəsiqəsi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2020-ci il tarixli 4962 saylı ezamiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə xidməti zərurətlə əlaqədar 10 gün müddətinə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək ezam edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin N oktyabr 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyətdə olduğu müddətdə N nömrəli hərbi hissə döyüş əməliyyatlarının aparılmadığı Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşmiş, lakin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur (o cümlədən Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi ərazilərini əhatə etməklə). Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə komissiya tərəfindən təsdiq edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçı ona müharibə veteranı adının verilməsini istəyir. Cavabdeh qeyd edir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 304 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ezamiyyətdə olmuş hesab olunmuşdur. Qeyd olunan əmrdə iddiaçının Naftalan şəhərində yerləşən səyyar tibb qrupuna, Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndinə göndərilməsi xüsusatları öz əksini tapmamışdır. Əmr N nömrəli hərbi hissənin dislokasiya olunduğu Ağcabədi rayonu, Sarıcalı kəndində verilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli, 2/2-12222 nömrəli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (..... ) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasından göründüyü kimi, Əsasnamədə döyüş əməliyyatlarının bütün növ təminatları dedikdə, tibbi təminat da nəzərdə tutulmuşdur. Hazırkı işin halları ondan ibarətdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 304 nömrəli əmrindən çıxarışda iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ezamiyyətdə olmuş hesab olunmuş, əmrdə iddiaçının Naftalan şəhərində yerləşən səyyar tibb qrupuna, Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndinə göndərilməməsi öz əksini tapmamış, əmr N nömrəli hərbi hissənin dislokasiya olunduğu Ağcabədi rayonu, Sarıcanlı kəndində verilmişdir. Lakin məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına dair kifayət qədər sübutlar mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində 2022-ci ildə ehtiyata buraxıldığını, müharibə veteranı vəsiqəsini aldığını, N saylı hərbi hissədə uçot bölmə rəisi olduğunu, 26 sentyabrda gecə vaxtı həyəcan verildiyini, istiqamət bəlli olandan sonra STQ-də öz bölməsi ilə yerləşdiyini, iddiaçını orda gördüyünü, sentyabrın 27-dən sonrakı günlərdə birlikdə olduqlarını bildimiş, əlavə olaraq iddiaçının yaralılara kömək etdiyini, həm Talışda, həm STQ-də olduqlarını, iddiaçının, yəni həkimin yaralılara yardımlarını, kürəyindən yaralanmış əsgəri xilas etməsini gördüyünü bildirmişdir. Şahid qismində dindirilmiş X9 ifadəsində iddiaçını 2003-cü ildən tanıdığını, 27 sentyabr 2020-ci ildə cəbhə istiqamətində ezam olunduğunu, N saylı hərbi hissəyə ezam olunduğunu, İddiaçı gəlməsi tarixini xatırlamadığını, lakin oktyabrın 10-da Naftalan istiqamətdə açılmış hərbi qospitalda gördüyünü, yaralıların gətirilməsində iştirak etdiyini, Talış kəndi ərazisində məntəqə açıldığını, yaralılara yerində yardım göstərildiyini, 10-18 oktyabr tarixləri arasında iddiaçının daha çox ora getdiyini, Suqovuşan istiqamətində də olduqlarını, veteran statusu aldığını bildirmişdir. İş materialları və məhkəməyə təqdim edilmiş sənədlərdən, eyni zamanda şahid ifadələrindən görünür ki, 44 günlük Vətən müharibəsi zamanı tibb xidməti mayoru İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N nömrəli hərbi hissənin Naftalan şəhərində yerləşən Səyyar tibb qrupuna ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmişdir. N saylı hərbi hissənin komandiri, tibb xidməti polkovnik-leytenantı Şahin Əliyevin təsdiq etdiyi 02 may 2023-cü il tarixli 1299 saylı Aktda qeyd edilmişdir ki: “Biz aşağıda imza edənlər komissiyanın sədri: hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisi tibb xidməti mayoru X3, komissiyanın üzvləri tibb hissə rəisinin idioloji iş və mənəvi psixoloji təminat üzrə köməkçisi polkovnik-leytenant X5, Səyyar tibb qrupunun mobil hərbi hospitalının rəisi mayor X6, tibbi təhcizat bölməsinin rəisi tibb xidməti mayoru X4 bu aktı tərtib edirik ona görəki 44 günlük Vətən müharibəsi zamanı tibb xidməti mayoru İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N nömrəli hərbi hissənin Naftalan şəhərində yerləşən Səyyar tibb qrupuna ezam olunduğu müddətdə Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralıların döyüş meydanlarından çıxarılmalarında və cərrahi əməliyyatlarında fəal iştirak etmişdir”. N saylı hissənin komandiri, tibb xidməti polkovnik-leytenantı Şahin Əliyevin təsdiq etdiyi arayışda qeyd edilmişdir: “Verilir, tibb xidməti mayoru İddiaçı ondan ötrü ki, o həqiqətən "Vətən müharibəsi" zaman; Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından N nömrəli hərbi hissəyə ezam olunmuş "Vətən müharibəsində" Tərtər rayonu Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin N oktyabr 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyətdə olduğu müddətdə N nömrəli hərbi hissə döyüş əməliyyatlarının aparılmadığı Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşmiş, lakin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur (o cümlədən Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi ərazilərini əhatə etməklə) Məhkəmə qeyd edir ki, iddiaçının ezam edilməsinin məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. İddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə hərbi qulluqçulara tibbi xidməti göstərməsi hazırkı iddianın təmini üçün əsasdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi iş materialları ilə təsdiq olduğundan iddia tələbi əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar