Məhkəmə qərarları › İş №2-1(118)-1966/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1966/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1966/2023 21.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən sahəsi 50 kv.m olan torpaq sahəsinin sahibkarlıq üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə Sumqayıt Bələdiyyəsi ilə müvafiq müqavilə bağlanması öhədliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Sumqayıt Bələdiyyəsi yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək bələdiyyə mülkiyyətində olan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə faktiki istifadəsində olan Sumqayıt şəhərinin 14-cü məhəllə ərazisində yerləşən sahəsi 50 kvadrat metr olan torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə onun icarəsinə verilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə torpaq sahəsinin hərrac(müsabiqə) yolu ilə rəsmiləşdirilməsi üçün müvafiq prosedurlara başlamışdır. Bununla əlaqədar olaraq Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 23.04 2013-cü il tarixli 135 saylı rəy verilərək 50 kvadrat metr torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Daha sonra Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixli 02/743 saylı rəy verilərək 50 kvadrat metr torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər və Sumqayıt Bələdiyyəsinin adına AN seriyalı 460569 saylı torpaq sahəsinin kadastr planı tərtib edilərək dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 6334 nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi Sumqayıt Bələdiyyəsi qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün müvafiq orqanlardan qanunvericiliyin tələblərinə uyğun rəylər alınmış və son nəticə olaraq Sumqayıt Bələdiyyəsinin adına 24 08.2020-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərək Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən müvafiq məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi şöbəsinə müraciət edilmiş və göstərilmiş torpaq sahəsinə dair müsabiqənin keçirilməsi xahiş edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi şöbəsi 21 06.2022-ci il tarixli **********79 saylı məktubla müsabiqənin keçirilməsindən imtina etmiş və imtinasını “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin əlavə olunmaması ilə əsaslandırmışdır. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqandan tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə, nə də Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun 24 avqust 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilərkən dövlət qeydiyyatından keçirilməsinə əhəmiyyət verməmişdir.Bu səbəbdən hesab edirlər ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müsabiqənin keçirilməsindən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdehin tələb etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi bələdiyyənin adına mülkiyyət huququnun qeydə alınması üçün verilməsi nəzərdə tutulan çıxarışdan öncə alınması nəzərdə tutulan rəylərə aiddir ki, qeyd olunan rəy də 2018-ci ildən sonra bələdiyyə tərəfindən sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulan boş (üzərində heç bir tikili olmayan) torpaq sahələrinə aiddir. Qeyd olunan torpaq sahəsinin sənədləşməsi isə 2013-cü ildə başlamış və həmin torpaq sahəsinə dair müvafiq orqanlardan qanunvericiliyin tələblərinə uyğun rəylər alınaraq bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmişdir. Bundan əlavə onu da qeyd etmək istəyirlər ki, qeyd olunan ərazidə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 110 kvadrat metr torpaq sahəsi icarəyə verilməsi üçün cavabdeh təşkilat tərəfindən xx.xx.2019-cu il tarixdə müsabiqəyə çıxarılmış və X6 müsabiqənin qalibi olaraq ona cavabdeh təşkilat tərəfindən AM seriyalı 009661 saylı şəhadətnamə verilmişdir. Bundan başqa Sumqayıt şəhəri. 12-ci mikrorayon ərazisində Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 30 kvadrat metr torpaq sahəsi icarəyə verilməsi üçün cavabdeh təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə müsabiqəyə çıxarılmış və X1 müsabiqənin qalibi olaraq ona cavabdeh təşkilat tərəfindən HTM seriyalı 000186 saylı şəhadətnamə verilmişdir. Qeyd olunan müsabiqələrin keçirilməsi üçün bələdiyyədən hər hansı bir rəy tələb olunmamışdır. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin müsabiqənin keçirilməsindən imtina etməsini əsassız sayırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən sahəsi 50 kv.m olan torpaq sahəsinin sahibkarlıq üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə Sumqayıt Bələdiyyəsi ilə müvafiq müqavilə bağlanmasını istəyir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və müqavilə ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, inzibati məhkəmə icraatı qaydasında inzibati orqandan inzibati aktın qəbul edilməsi tələb edilə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi tərəflərin statusundan əsılı olmayaraq müqavilə bağlanması ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan əlavə iddiaçının cavabdeh orqana müraciət etməsidə müəyyən olunmur. İddiaçının müraciəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müqaviləsinin bağlanması üzrə müqavilə öhdəlikləri ilə bağlı tələblə müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar