Məhkəmə qərarları › İş №2-1(118)-1977/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1977/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1977/2021 30.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.09.2020-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.09.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə təqdim edərək 03 sentyabr 2020ci il tarixli, **********417000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların mübahisələndirilməsinə dair iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “03.09.2020-ci il tarixli, **********417000 nömrəli qərarında İqtisadiyyat Nazirliyinin apellyasiya şurasına müraciət etmişdir və 25.06.2021-ci il tarixli qərar iddiaçı "xxxx" MMC-nin poçt ünvanına göndərilmişdir. Apellyasiya şurasının qərarı iddiaçı tərəfindən 07.07.2021-ci il tarixdə qəbul edilmişdir. Həmçinin iddiaçı "xxxx" MMC iddia ərizəsində İqtisadiyyat Nazirliyinin apellyasiya Şurası tərəfindən qəbul edilmiş 25.06.2021-ci il tarixli qərarı 08.07.2021-ci il tarixdə poçt vasitəsilə qəbul etdiyini bildirmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 ərizəni müdafiə edərək hazırki işə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçının nümayəndələrinə hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçının nümayəndəsi iddia müddətini ötürmədiklərini, məhkəməyə "xxxx" MMC-nin direktoru X2 29 noyabr 2021-ci il tarixli məktubunu təqdim edərək, mübahisələndirilən qərarı 15.07.2021-ci il tarixdə aldıqlarını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmsına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.09.2020-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş və həmin Şuranın 44 saylı, 25 iyun 2021-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilməmişdir. İddiaçı iddia ərizəsində həmin qərarın cəmiyyətə 08.07.2021-ci il tarixdə daxil olduğunu qeyd etmişdir. Lakin məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X2 29 noyabr 2021-ci il tarixli məktubunu təqdim edərək, mübahisələndirilən qərarı 15.07.2021-ci il tarixdə aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məktub qərarın iddiaçıya 15.07.2021-ci il tarixdə çatdırıldığını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçının iddia ərizəsində sözügedən qərarı 08.07.2021-ci il tarixdə aldığını qeyd etməsi həmin məktubda qeyd olunanları təkzib edir. Azərbaycan Respublikası İnzibati Porsessual Məcəlləsinin Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi qərardan verdiyi şikayət üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası 26.06.2021-ci il tarixli qərar qəbul etmişdir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi onun 03.09.2020-ci il tarixli qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur, lakin buna baxmayaraq qanunvericilikdə müəyyən olunmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarın iddiaçının nümayəndəsinə imza etdirməklə təqdim edildiyini bildirmiş, iddiaçı isə bunun əksini sübut edəcək hər hansı bir əsası məhkəməyə təqim etməmişdir. Eyni zamanda onun tərəfindən sözügedən qərarın mübahisələndirilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.09.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair iddiası mümkün sayılmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmsına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.09.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar