Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-198/2021 15.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (Sumqayıt Regional Vəkil Bürosunda vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 73 mənzil 25-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilməsi, X4 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 62 saylı evdə yerləşən 48 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, imtinanın qanunsuz hesab edilməsi, X4 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 62 saylı evdə yerləşən 48 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və izah etdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 62 saylı evdə yerləşən 48 saylı mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs X8 oölu iddiaçının uzaq qohumu olmaqla formal olaraq onun mənzilinə qeydiyyata düşmüşdür. Lakin o, faktiki olaraq bir gün də olsun həmin mənzildə yaşamamışdır, qeydiyyatı formal xarakter daşıyır. Bununla bağlı iddiaçı yazılı qaydada cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, həmin şəxs yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarıla bilər. Sumqıayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun mənzildən istifadə hüququna xitam verilməsinə dair iddiası rədd edilmiş, lakin həmin qətnamədə də məhkəmə qeyd etmişdir ki, cavabdehin həmin mənzildən istifadə hüququ yaranmamışdır. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 62 saylı evdə yerləşən 48 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X6 həmin mənzilə pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9237/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələblərinə əsasən cavabdehin həmin mənzildən istifadəsi üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin ona yazılı qaydada bildirilmişdir ki, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud olmadığından onun qeydiyyatdan çıxarılması mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konistitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİ-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasn yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada qeyd olunmalıdır ki, üçüncü şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticə yaratmamaqla yanaşı, sonuncunun qeydiyyatsız qalmasına səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2003-cü il tarixli, 55 saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının xüsusiu mülkiyytətindədir. Üçüncü şəxs həmin mənzilə qeydiyyata alınsa da, iddiaçı tərəfindən notariat qaydasında təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış razılıq verilmədiyindən Y.Cəfərovun həmin əmlakdan istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X4 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 62 saylı evdə yerləşən 48 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli 123-101617-3220 saylı imtina məktubu qanunsuz hesab edilsin. X4 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 62 saylı evdə yerləşən 48 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-198/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-198/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver