Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1982/2021 10.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ünvan 1, mənzil 17 üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon , ev 5a/8, mənzil 17-ə dair Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi şöbəsinin 19 iyııl 1985-ci il tarixli qərarına əsasən X3 05/419 saylı order verilmişdir. X4 11.05.1999-cu ildə vəfat etmişdir. O, X4 vəfat edənə qədər həmin mənzildə yaşamış və hal-hazıra qədər həmin mənzildə daimi yaşayır. O və ailə üzvləri həmin mənzildə qeydiyyatdadır. Mənzilin özəlləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq sənədləri toplayıb mənzil üzərində mülkiyyət daşınmaş, əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə DƏDRX-in Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh mənzil üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 11 avqust 2021-ci il tarixli bildirşlə imtina elmişdir. Cavabdeh həmin imtina bildirişində qeyd etmişdir ki,qeydiyyata alınması nəzərdə tutulan mənzilə dair verilmiş 19.07.1985-ci il tarixli orderdə onun- İddiaçı Məbibulla qızının adı göstərilmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili özəlləşdirmək hüququnuz yoxdur. Hesab edir ki, hüquqların qeydiyyatından imtina təmamilə əsassız və qanunsuzdur. İlk növbədə məhkəmənin mənzil sahəsinin tutulmasına görə verilmiş order həmin mənzilin tutulmasına hüquq verən bu- sənəddir, və həmin orderin hüquqi qüvvəsi 5 gün ərzində etibarlıdır. Qeyd edilən mənzil sahəsinə order 1985-ci ildə verilib və sonradan adına order verilmiş şəxs ailə qura və övladları anadan ola bilər və vaxııd da digər şəxslər həmin mənzilə qeydiyyata düşə bilər ki, buna heç bir məhdudiyyət yoxdur. Mənzil sahəsinə orderin verilməsi zamanı həmin mənzildə qeydiyyata düşməmiş şəxslərin sonradan mənzilə qeydiyyata düşmələri, mənzil sahəsin verilən orderdə onların adlarının qeyd edilməməsi onların hüquqlarının hər hansı şəkildə məhdudlaşdıra bilməz. Və onlar da mənzil sahəsinə verilmiş orderdə adı qeyd olunmuş şəxs və ya şəxslərlə birlikdə eyni dərəcəli , bərabər hüquqa malikdirlər. Sadə dildə desək həmin şəxslərin adlarına mənzilin özəlləşdirilməsi üçün əgər yetkinlik yaşma çatmışlarsa və fəaliyyət qabilliyyətsizliyi müəyyən edilməmişsə, hüquqi bir əngəl mövcud deyildir. Həmçinin mənzilin yerləşdiyi Sumqayıt şəhərində mənzilə dair kirayə müqaviləsinin bağlanılması praktikası demək olar ki, mövcud olmamışdır. Hal-hazırda belə bir praktikanın olması halında belə yeni kirayə müqaviləsi bağlanılması qanunvericilidə mümkün deyildir. Digər tərəfdən yuxarıda qeyd etdiyi kimi mənzilə dair orderdə adı olan şəxsin mənzilə olan hüququ vəfat etdiyindən itirilmişdir. Sadə dildə desək mənzil sahəsinə dair orderdə adı göstərilmiş şəxsin həmin mənzilə qeydiyyatı olan digər şəxslərdən hər hansı bir üstün hüququ olması anlayışı birmənalı olaraq səhvdir. Daha sadə dildə desək mənzilə qeydiyyatı olan şəxslərin birinin həmin mənzilə sonradan qeydiyyata düşməsi və yaxud da 18 yaşına çatması ilə əlaqədar sonradan aktiv hüquq əldə etınəsi ona digəı şəxlərlə münasibətdə daha az hüquqa malik olması anlamına gəlinir və özəlləşdirıııədə bütiin hüquqlardan tam şəkildə istisnasız istifadə etməklə iştirak edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilə dair verilmiş 19 iyul 1985-ci il tarixli 05/419 nömrəli orderdə İddiaçı adı göstərilmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili özəlləşdirmək hüququ yoxdur. Belə ki, “Azəbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ünvan 1 ünvanda yerləşən 17 nömrəli mənzil üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsi X1 11 avqust 2021-ci il tarixli **********64 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh təşkilata lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilat nümayəndəsinin məhkəmədə iştrakını təmin etməmişdir. Qanunvericliyin tələbləri baxımındfan məhkəmmə iclası cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan keçirilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 11.08.2021-ci il tarixli **********64 nömrəli imtina məktubu, 14.10.2021-ci il tarixli **********82 nömrəli etirazı, Sumqayıt Şəhər XDS İcraiyyə Komitəsinin X2 adına verilmiş 19 iyul 1985-ci il tarixli 05/419 saylı orderin surəti, məhkəmənin sorğusuna əsasən Sumqayıt Şəhər Polis İdarəsinin verdiyi 10.11.2021-ci il tarixli 123-41906-1221 saylı cavab məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilə bilməz. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun qeyd olunan mənzilə pasport qeydiyyatına düşdüyü vaxtdan, yəni 29.08.2005-ci ildən yaranmış olur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq onun hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, özəlləşdirilməsi tələb edilən mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və cavabdeh inzibati orqan xidmət göstərdiyi ərazidə yerləşən daşınmaz əmlakların qeydiyyatını həyata keçiriri. Belə olduğu tədqirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyən olunur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı ünvan 1, mənzil 17 üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin onun müraciətinə 11 avqust 2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Məhkəmə prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmaması hissəsində qeyd edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının ünvan 1, mənzil 17 olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər XDS İcraiyyə Komitəsinin 19 iyul 1985-ci il tarixli 05/419 saylı orderi X2 adına verilmişdir. 11 may 1999cu ildə adına order verilmiş Gülcənnət Osmanova vəfat etmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı inzibati orqana müraciət edərək mərhum Gülcənnət Osmanovaya ayrılmış mənzildə 2019-cu ildən pasport qeydiyyatında olmasını əsas gətirərək, Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən həmin mənzilin onun adına özəlləşdirilməsini tələb etmiş, lakin inzibati orqan onun Gülcənnət Osmanovanın adına verilmiş orderdə adının olmaması səbəbindən müraciətinin yerinə yetirilməsindən imtina etmişdir. İddiaçının gətirdiyi arqument ondan ibarət olmuşdur ki, İddiaçı mənzildə pasport qeydiyyatında olan şəxs olduğuna görə onunda mənzilin digər sahibləri kimi məzilin öz adına özəlləşdirməsini tələb etmək hüququ var. Qeyd olunan arqumentin araşdırılması məqsədi ilə məhkəmə Sumqayıt Şəhər Polis idarəsinə müraciət edərək, İddiaçı qıznın ünvan 1, mənzil 17 ünvanına pasport qeydiyyatına düşməsinin əsaslarını tələb etmiş, lakin Sumqayıt şəhər Polis İdarəsinin 10.11.2021-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı 29.08.2005-ci ildə, X8 01.05.2006-cı ildə, X9 31.05.2010-cu ildə qeyd oluan mənzilə pasport qeydiyyatına düşüblər. Həmin şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər yandırılma yolu ilə məhv edilməsi səbəbindən onların həmin mənzilə pasport qeydiyyatına düşməsinin əsaslarını məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının vəkilini və nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia tələbi cavabdehin gətirdiyi arqumentlə deyil, digər əsasa görə təmin edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda şəxsin mənzildə pasport qeydiyyatında olması səbəbindən həmin mənzilin üzrəində onun adına hüquqların dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə görə bu qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, Sumqayıt Şəhər XDS İcrayyə Komitəsinin 19 iyul 1985-ci il tarixli 05/419 saylı orderi əsasında X3 ünvan 1, mənzil 17-də yerləşən yaşayış sahəsi ayrılmış və Gülcənnət Osmanova 20.01.1999-cu ildə vəfat etmişdir. İddia tələbi üzrə iddiaçı olan İddiaçı mənzilin sahibi olmuş Gülcənnət Osmanovanın vəfatından 6 il sonra hansı əsasla həmin mənzilə pasport qeydiyyatına düşməsini arxiv sənədlərinin məhv edilməsi səbəbindən müəyyən etmək mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşın pasport qeydiyyatına alınması zamanı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. Belə olduğu tədqirdə 20.01.1999-cu ildə vəfat etmiş Gülcənnət Osmanova tərəfindən 29.08.2005-ci ildə İddiaçı həmin mənzilə pasport qeydiyyatına düşməsinə razılıq verilməsi mümkün deyil. Bu isə iddiaçının həmin mənzilə pasport qeydiyyatına düşməsinə əsas olmuş sənədlərin məhv olub-olmasından asılı olmayaraq İddiaçı qeyd olunan mənzilə qanuni əsaslarla pasport qeydiyyatına düşməməsinə dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, İddiaçı mərhum Gülcənnət Osmanova ilə qohumluq münasibətləri yoxdur və onların həmin mənzidə birgə təsərrüfat aparması öz təsdiqini tapmamışdır. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, İddiaçı mənzildə pasport qeydiyyatında olması əsası ilə həmin mənzilin onun adına özəlləşdirilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ünvan 1, mənzil 17 üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ünvan 1, mənzil 17 üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1982/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1982/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver