Məhkəmə qərarları › İş №2-1(118)-1982/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1982/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1982/2023 13.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “İddiaçı xx.xx.1952-ci il tarixdə Cəbrayıl rayonu, Qarağac kəndində doğum faktının müəyyən edilməsinə və bu barədə müvafiq şəhadtənamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “İddiaçı xx.xx.1952-ci il tarixdə Cəbrayıl rayonu, Qarağac kəndində doğum faktının müəyyən edilməsinə və bu barədə müvafiq şəhadtənamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1952-ci ildə Cəbrayıl rayonu Qarağac kəndində anadan olmuş, orta təhsilini Cəbrayıl rayonunda bitirmiş, 1980-ci ildə Cəbrayıl rayonu Dağtumas kəndindən olan, xx.xx.1960-cı il təvəllüdlü X1 ilə xx.xx.1980-ci ildə rəsmi nikaha girmiş, birgə nikahdan 4 övladı dünyaya gəlmişdir. 1993-cü il avqust ayının 23-də mənfur ermənilərin Cəbrayıl rayonunu işğal etməsi nəticəsində doğma elobadan ailəsilə birgə didərgin düşmüş, Sumqayıt şəhəri, 5-ci məhəllə, 9 saylı hərbi yataqxanada məcburi köçkün olaraq müvəqqəti qeydiyyata alınmış, 1994-cü ildə məcburi köçkün vəsiqəsi verilmişdir.1999-cu ilə kimi Sumqayıtda yaşamış, sonralar işləmək üçün Rusiya Federasiyasına getmiş, uzun müddət orada yaşamış, Qaçqın və Məcburi Köçkünlər ilə İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilən köçkünlüyü təsdiq edən vəsiqəni itirmi, hal-hazırda sənədi yoxdur. Sonralar doğum haqqında şəhadətnamənin çıxarışının alınmasından ötrü müraciət etdiyi AR Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən 05/2-774-01 saylı, xx.xx.2014-cü il tarixli məktubu ilə bildirmişlər ki, İddiaçı doğumunun qeydə alınması halı müəyyən edilməmişdir. Təkrarən 2021-ci ilin sentyabr ayında verdiyi sorğuya əsasən xx.xx.2021-ci il tarixli, 3783 saylı Cəbrayıl rayon Polis Şöbəsinin təqdim etdiyi arayışda bildirilmişdir ki, “İddiaçı xx.xx.1952-ci ildə anadan olmuş və xx.xx.1981-ci il tarixdən Cəbrayıl rayonu Qarağac kəndində qeydiyyatdadır”. Həmçinin AR SHXÇDX-nin Sumqayıt şəhər İdarəsinin 300 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixə kimi Sovet Ordusu sıralarında xidmət keçməsi bildirilmişdir. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri sektorunun 01.1617 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən bildirilir ki, Nuriyev X3 rayonu Qarağac kənd sakini hüququna malikdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə prosesinə gəlməmişdir. Lakin, iddia ərizəsində qeyd edilən ünvana bildiriş və mobil əlaqə vasitəsinə elektron məhkəmə SMS bildirişi göndərilmişdir.Qeyd edilən vaxtda məhkəmə prosesinə gəlmiş şəxsin özünü iddiaçının nümayəndəsi kimi təqdim etməsinə baxmayaraq, məhkəmə həmin şəxsi səlahiyyətli nümayəndə kimi qəbul etmədi. Belə ki, iddiaçı tərəfindən verilmiş etibarnamədə məhkəmədə onun hüquqlarının müdafiəsi nəzərdə tutulmamış, verilmiş etibarnamə qanunvericiliklə məhkəmədə təmsil etmək səlahiyyəti olmayan şəxsə (qardaşı oğluna) verilmişdir. Məhkəmə mahiyyəti üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı xx.xx.1952-ci il tarixdə Cəbrayıl rayonu, Qarağac kəndində doğum faktının düzgün müəyyən edilməsinə və bu barədə yeni şəhadətnamə almaq niyyətindədir. Doğum haqqında şəhadətnamədə düzəlişin edilməsini məhkəmədən tələb etməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. (Qeyd:“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı “ 24 ” dekabr 2021-ci il tarixli Qərarı nəzərə alınmaqla son redaksiyası) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə “şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə” dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda sadalanan maddi hüquq normalarından məlum olur ki, VVAQ orqanlarına qarşı verilən iddia tələbinə o halda inzibati məhkəmələr tərəfindən baxılır ki, şəxsin doğumu faktı barədə VVAQ idarəsində məlumat olsun və həmin məlumatın əsasında müvafiq qeydin arparılmasından imtina edilmiş olsun. İddia tələbinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, iddiaçının adına Ermənistan Respublikasının Qafan rayon VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə doğum haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Sumqayıt ASAN xidmət Mərkəzində Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 05/Q- 5858/70 saylı doğum haqqında akt qeydinin aşkar olunmaması aktından məlum olmuşdur ki, VVA reyesterində iddiaçının doğumunun qeydiyyatı barədə məlumat mövcud deyil. Ona görə də iddiaçının doğumu barədə qeydinin bərpa edilməsi üçün onun doğum qeydi faktı müəyyən edilməlidir. Hesab olunur ki, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi əsasında baxılmalı olan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi məhkəməyə daxil olarkən həmin ərizə iddiaçı tərəfindən, ümumiyyətlə imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olmasına baxmayaraq, iddiaçı məhkəməyə dəvət edilsə də prosesə gəlməmişdir. Belə olan halda iddia ərizəsinin imzalanmaması da iddianın mümkünlük şərtlərini həyata keçirilməsinə maneədir. Digər tərəfdən iddiaçı ona doğum qeydi faktının müəyyən edilməsini üçün Cavabdehnə qarşı iddia qaldırsa da, iş materiallarında cavabdeh inzibati orqana müvafiq tələblə müraciət edilməsi müəyyən olunmadı. Bu fakt da iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmamasına dəlalət edir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyrimümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair iddia ilə ümumi şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “İddiaçı xx.xx.1952-ci il tarixdə Cəbrayıl rayonu, Qarağac kəndində doğum faktının müəyyən edilməsinə və bu barədə müvafiq şəhadtənamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar