Məhkəmə qərarları › İş №2-1(118)-1983/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1983/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1983/2021 11.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 3, mənzil 3 üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildən ünvan 1 ünvanda yerləşən mənzildə yaşayır. Sumqayıt şəhər Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2(060)- 6823/2016 saylı qətnaməsinə əsasən onun həmin mənzilə istifadə hüququ tanınmışdır. Həmin məhkəmə qətnaməsində də göstərilmişdir ki, o 2002-ci ildən həmin mənzildə yaşamaqla həmin mənzildə istifadə hüququ qazanmışdır. Məhkəmənin həmin qətnaməsi Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icra edilərək, İH Başçısının 22 iyun 2020-ci il tarixli 144 saylı sərəncamı ilə həmin mənzilin onun adına sənədləşdirilməsi qərara alınmış və həmin sərəncama əsasən iddiaçı ilə 09.07.2021-ci il tarixli “dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Bundan sonra o özəlləşdirmə hüququndan istifadə edərək cavabdeh təşkilata mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş, cavabdeh təşkilat özünün 30 avqust 2021-ci il tarixli məktubu ilə onun hüquqlarının qeydə alınmasından imtina etmişdir. Cavabdehin bu imtinasını aşağıdakılara əsasən qanunsuz hesab edir; Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, onun müraciət ərizəsinə əlavə edilmiş İH Başçısının sərəncamı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas deyildir. Cavabdehin bu imtinası «Daşmmaz əmlakın dövlət reyestri haqqmda» Azərbaycan Respublikası Qanununun 8.0.11. maddəsinə ziddir. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair İcra Hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. O da cavabdehə ərizə verərkən həm İHB-nın sərəncamını, həm də kirayə müqaviləsini əlavə etmişdir. Beləliklə mən yuxarıda istinad edilən normada tələb olunan hər iki sənədi cavabdehə təqdim etməyinə baxmayaraq, cavabdeh qanunsuz olaraq onun mənzil üzərindəki mülkiyyət hüquqlarını qeydə alıb çıxarış verməkdən imtina etmişdir. Ona görə də onun bu imtinası qanunsuz hesab edilməli, onun üzərinə mənzil üzərindəki hüquqlarının qeydə alınaraq, ünvana dair çıxarış verilməsi vəzifəsi qoyulmalıdır. Qaynatası və əri vəfat etmişlər və iddiaçıdan başqa həmin mənzildə yaşayan yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, vətəndaş İddiaçı ünvan 3 ünvanda yerləşən 52 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə 11 avqust 2021 -ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti **********qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin Baçısının 22 iyun 2020-ci il tarixli 144 nömrəli sərəncamı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının, sərəncamı,;.prde.r. vsr ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı ünvan 3 ünvanda yerləşən 52 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə ona 30 avqust 2021-ci il tarixli **********34 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********34 nömrəli, 30.08.2021-ci il tarixli imtina məktubu, 22 oktyabr 2021-ci il tarixli etiraz ərizəsi, Sumqayıt Şəhər Məhkəməsinin 2- (060)-6823/2016 nömrəli, 22.06.2016-cı il tarixli qətnaməsinin surəti, 09.07.2021-ci il tarixli “dövlət mənzil fondu yaşayış sahəsinin” kirayə müqaviləsinin surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 144 nömrəli, 22 iyun 2020-ci il tarixli Sərəncamının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan mənzil sahəsinə istifadə hüququnun yaranması haqqında Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-6823/2016 nömrəli, 22.06.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********34 nömrəli, 30.08.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə də aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən həmin vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 9-cu maddəsinin 2- ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın iddia tələbinə dair verilmiş etirazında göstərdiyi arqument məhkəmədə öz təsdiqini tapmadı. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 144 nömrəli, 22 iyun 2020-ci il tarixli sərəncamından görünür ki, iddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti arasında yaranmış münasibətlər 2009-cu ildən öncəyə təsadüf etdiyinə görə 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına riayət edilməklə ünvan 3, mənzil 3-də yerləşən yaşayış sahəsinə dair İddiaçı qızı ilə bağlanmış kirayə müqaviləsi əsasında verilmişdir. Həmçinin iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-6823/2016 nömrəli, 22.06.2016-cı il tarixli qətnaməsindən də görünür ki, İddiaçı qızın ünvan 3, 3 nömrəli mənzilə 2002-ci ildə gəlin köçmüş və məhz elə bu səbəbdən də məhkəmə onun həmin mənzilə istifadə hüququ tanımışdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan Mənzil Məcəlləsində sosial kirayə müqavilələri əsasında mənzillərin özəlləşdirilməsi nəzərdə tutulmayıb. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, o cümlədən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında dövlət mənzil fonduna aid olan və kirayə müqaviləsi əsasında vətəndaşlara verilmiş mənzillərin özəlləşdirilməsi qeyd olunub. Bundan başqa məhkəmə qeyd etməyi zəruri bilir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildiyi zaman qüvvədə olan yeni Mənzil Məcəlləsi hələ qəbul edilməmiş və ona görədə qeyd olunan Qanun əsasında özəlləşdirilən mənzillər üçün tələb edilən kirayə müqavilələri 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsində göstərilmiş qaydalara uyğun olmalı idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. ünvan 3, 3 nömrəli mənzil ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin 22 iyun 2020ci il tarixli 144 saylı sərəncamı və həmin sərəncam əsasında bağlanmış 09.07.2021-ci il tarixli mənzil kirayə müqaviləsi 01.10.2010-cu ilə qədər qüvvədə olmuş Mənzil Məccələsinin müddəaları əsasında rəsmiləşdirildiyinə görə məhkəmə cavabdeh təşkilatın gətirdiyi arqumenti əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, ünvan 3, 3 nömrəli mənzilə İddiaçı qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 3, 3 nömrəli mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar